Paris Notr-Dam kafedralı (fr.Cathédrale Notre-Dame de Paris, fransız:[nɔtʁə dam də paʁi](dinlə)) və ya Paris Məryəm ana kafedralı — Paris şəhərinin mərkəzində yerləşən katolik kafedralı, Fransa paytaxtının əsas simvollarından biri. Notr-Dam Paris arxiyeparxiyasının kafedral kilsəsidir[1]. O, Parisin ilk xristian kilsəsi hesab edilən, Müqəddəs Stefan bazilikasının yerində, daha doğrusu Site adasının şərq hissəsində, dördüncü şəhər dairəsində II İohann Pavel meydanında yerləşir.
Qotik memarlıq üslublu kilsə 1163-1345-ci illərdə Paris yepiskopu Moris de Süllinin təşəbbüsü ilə ucaldılmışdır. Kilsə tam bir memarlıq üslubunda deyil, belə ki, kilsənin müxtəlif memarlıq həlləri, həm erkən qotik memarlıq üslübu, həm də XIII əsr qotik memarlıq üslubuna aid xüsusiyyətləri əks etdirir. Transeptin hər iki tərəfindəki 13 metr diametrə malik rozet pəncərələri öz həcmlərinə görə Avropada ilk sıradadır. Kilsə, inşası tamamlandığında qərbin ən böyük kilsələrindən biri olmuşdu. İnqilabi mübarizədən sonra 1844 - 1864-cü illərdə memar Ejen Violle-le-Dyukun rəhbərliyi altında kilsə restavrasiya olunmuş və memarlığına yeni motivlər əlavə edilmişdir.
Kilsə yarandığı tarixdən etibarən Parisin ən simvolik memarlıq abidələrindən biri olmuşdur. Öz memarlığı ilə fərqlənən kilsə, uzun müddət Paris memarlığında birinciliyi öz əlində saxlayır və kralların tacqoyma mərasiminə ev sahibliyi edən Reyms Notr-Dam kilsəsi, Amyen Notr-Dam kilsəsi və Bove Notr-Dam kilsələri ilə müqayisə edilir. Özündə həm dini, həm də tarixi motivləri ehtiva edən abidə, Fransa tarixinin müəyyən epizodları ilə yaxından əlaqəlidirlər. Belə ki, məbəd, 1239-cu ildə Müqəddəs Tacın orta əsrlər Kral kilsəsinə gətirilməsi, 1804-cü ildə Napoleonun tacqoyma mərasimi, Bordohersoqunun xaç suyuna salınması, Adolf Tier və Sadi Karnonun dəfn mərasimləri kimi tarixi hadisələri özündə cəmləşdirir. 26 avqust 1944-cü ildə Parisin azad edilməsi günündə general Şarl de Qollun hüzurunda Maqnifikat sərgilənir. Dini mərasimlərə 1970-ci il 12 noyabrda Şarl de Qollun ölümü, 1974-cü il 6 apreldə Jorj Pompidunun ölümü və 1996-cı il 11 yanvarda Fransua Mitteranın ölümü kimi hadisələr daxildir.
Paris Notr-Dam kilsəsini (eyni zamanda kiçik bazilikanı) il ərzində 20 milyondan çox insan ziyarət edir. Bu ziyarətçi sayı kilsəni Parisin və bütün Avropanın ən çox ziyarət edilən məkanlarından birinə çevirir.[2] 2013-cü ildə kilsənin tikintisinin başlanmasının 850 illik yubileyi qeyd edilmişdir. Dünyanın mədəniyyət incisi adlandırılan kilsənin bir hissəsi 2019-cu il 15 aprel tarixində yanğın nəticəsində məhv olmuş, sonradan bərpa edilmiş və yenidən kilsə qapılarını ziyarətçilərin üzünə açmışdır.
Jan Fuke - "Müqəddəs Ruhun enməsi", təxm. 1450, Metropoliten muzeyinin kolleksiyası. Arxa fonda Paris Notr-Dam kilsəsi görünür.
Noel Bellemar - Paris Notr-Dam kafedralı II Jan de Moleonun gerbi ilə, "Pontifical romain" əlyazması, 1525–1530-cu illər, Fransa Milli Kitabxanasının kolleksiyası
Xristianlığın yeni yarandığı dövrdə Notr-Dam kafedralının yerində Yupiterə həsr edilmiş bir Qal-Romapaqan məbədinin olduğu, daha sonralar isə burada qədim bazilikalara bənzəyən böyük bir erkən xristian bazilikasının yerləşdiyi düşünülür. Müqəddəs Etyenə həsr edilən bu tikilinin IV əsrin sonunda və ya ondan sonra təmir edildiyi və VII əsrdən sonra keçmiş ənənələrin qalıb-qalmadığı bilinmir Qeyd 1 (l Xlodviq və Klotildanın oğlu I Kildebert kilsəsinin hipotezi).[3] Müqəddəs Etyen kilsəsi, zamanı üçün çox böyük idi. Qərb fasadı Notr-Damın indiki fasadından təxminən 40 metr aralıda idi və genişliyi daha kiçik idi (36 metr). Bu tikili 70 metr uzunluğunda idi və bu, indiki kilsənin yarısından bir az daha uzundur. Mərmər sütun sıraları bir nef və dörd dəhliz ayırmışdı, bina isə mozaikalarla bəzədilmişdi.[3]
Sen-Etyen kilsəsinin şimal tərəfində Sen-Jan-le-Rond adında bir vəftizxana olub və Sufflonun kilsədə apardığı təmir zamanına qədər həmin abidə öz mövcudluğunu qorumuşdur.[4]Qal-Roma məbədi ilə Sullinin kilsəsi arasında burada ən az 4 dini məbəd olmuşdur: dördüncü əsrin erkən xristian kilsəsi, sonradan Merovinq kilsəsinə daxil edilmişdir, daha sonra burada Karolinq kilsəsi yaradılmış (857-ci ildə baş verən yanğından sonra yenidən bərpa edilmişdir)[5], bundan sonra burada roman kilsəsi yaradılmış və restavrasiya edilmişdir. Lakin sürətlə artan Paris əhalisi üçün, bu məbədlər kiçik həcmli idilər.[6]
1160-cı ildə yepiskop Moris de Sulli,[3] zaman keçdikcə dağılan roman kilsəsinin yerinə daha böyük bir məbəd inşa etməyə qərar verir. Müqəddəs daşlar ya yenidən boyanır, ya da vəqflərə bağışlanılırdı.[4] XI-XII əsrlərdə Qərbi Avropada baş verən iqtisadi dirçəliş Fransa şəhərlərinə də təsir göstərirdi. Beləliklə şəhərlərdə əhalinin sayı sürətlə artırdı və köhnə kilsələr artıq əhali sayına görə çox kiçik görünürdü. Mütəxəssislər Paris əhalisinin II Filip Avqustun dönəmində sürətlə artmağa başladığını qeyd edirlər. Belə ki, 1180-ci ildə 25000 nəfər əhalisi olan Parisin, 1220-ci ildə əhalisinin sayı 50000 nəfəri keçmişdi və beləliklə Paris İtaliya xaricində Avropanın ən böyük şəhərinə çevrilmişdi.[7][8]
Sənətşünas Marsel Oberin fikrincə, 1150-ci ildə ilkin Paris Notr-Dam kafedralın yerləşdiyi sahənin sxemi; bu sahə indiki binanın nef, transept və xor hissələrinin yerləşdiyi əraziyə uyğun gəlirdi. Paris Sen-Etyen kafedralı isə indiki kafedralın qərbində, meydan səviyyəsində yerləşirdi.[9]
Jan de Sen-Viktorun "Memorial Historiarum" qəzetində yayımlanmış məqaləsində, bir inanca əsasən 24-25 mart 1163-cü il tarixlərində kilsənin təməl daşı atılarkən Papa III Aleksandr və kral VII Lüdovikin birlikdə bu mərasimdə iştirak etdiyi bildirilir.[10] Mövcud məlumatlara əsasən Notr-Dam kilsəsinin inşasına 1163-cü ildə başlanıldığına inanılır.[11] Görülən işin böyük qismi yepiskop Moris de Sulli (1160 - 1197) və xələfi Odon de Sulli (1197-1208) tərəfindən kontrol edilmişdir. Bunlardan əlavə adlarının naməlum olduğu dörd nəfər də bu kilsənin tikilişində iştirak etmişdir:Qeyd 2
1163 - 1182: xor və onun iki ambulator quruluşunun tikintisi. Xronikaçı Robert de Torinyiyə görə, xor, 1177-ci ildə tamamlanmışdır. Yüksək altar kardinal Henrix de Şato-Marçay, papa və Moris de Sulli tərəfindən təqdis olunmuşdur.
1182 - 1190: nef, dəhliz və tribunaların son dörd körfəzinin tikintisi. Nefin tikilişi, xorun tikilişindən sonra, yəni 1182-ci ildə başladmışdır. Bəziləri tikintinin 1175-ci ildə başladığını düşünür. Dördüncü körfəz tamamlanandan sonra, nefin tikilişi dayandırılmışdır.
1190 - 1225: əsas fasadın və nefin ilk iki körfəzinin tikintisi. Fasadın tikintisi 1208-ci ildə başlamışdır. Həmin il portallar inşa edilmiş və bəzədilmişdi. Rozet mərtəbəsinin inşası 1220-1225-ci illərdə baş tutur. Fasadın qarşısında olan nefin ilk körfəzlərinin inşasına 1218-ci ildə yenidən başlanılmışdı.
1225 - 1250: fasadın yuxarı hissəsi və iki qüllənin inşası. Qaranlığın aradan qaldırılması üçün hündür pəncərələr daha da genişləndirildi. Təxminən 1230-a yaxın kiçik rozet pəncərələri çıxarıldı. Eyni zamanda tribuna tavanının yeri teraslarla əvəz edildi. Binanın üst qismindən yağış suyunun boşaldılması üçün şaperonlar və su tağları inşa edildi. Nefin yan şapelləri su tağlarının abutmentləri arasında inşa edilmişdi. Cənub qülləsi 1240-cı ildə tamamlanmış və həmin il qüllələrin oxla təmin edilməsi fikrindən daşınılmışdı. 1250-ci ildə şimal qülləsinin inşası başa çatır. Bu zaman kilsənin inşası tamamilə başa çatır və kilsə tam fəaliyyətə hazır olur. Bu zaman Fransada Müqəddəs Lüdovik adlanan IX Lüdovik hökmranlıq edirdi. Sonrakı dövrlərdə kilsənin ümumi dizaynında əlavələr, yeni bəzəmələr və bəzi yerlərində önəmli dəyişikliklər icra edilmişdi.
İkinci mərhələ (1250-ci ildən XIV əsrin ortalarına qədər)
Villar de Onnekur tərəfindən hazırlanmış və kilsənin kontrfors modelini göstərən eskiz, təxminən 1200-cü il. Paris Milli Kitabxanasının kolleksiyası
1220–1230-cu illərdə böyük nefin sxematik kəsiyi; burada iki eyni hündürlüklü yan nef və tribunalar göstərilmişdir.[12] Təxminən 1230-cu ildə yuxarı pəncərələrin genişləndirilməsindən sonra ikiqat aşırımlı yuxarı arkbutanlar iri tək aşırımlı arkbutanlarla əvəz edilmişdir.[12]
Təxminən 1250-ci illərdən hesablanan ikinci inşaat mərhələsində, roman üslubunda inşa edilmiş transeptik portalların, müasir qotik üslubunda inşa edilmiş fasad ilə ziddiyyət təşkil etdiyi aşkarlanır. Roman memarlıq üslubunda olan parçaların yenidən inşası yepiskop Reno de Korbe tərəfindən həyata keçirilmişdir (1250 - 1268).
Jan de Şell, Pyer de Montrey, Pyer de Şell, Jan Ravi, Jan le Buteye, Raymond du Tampl bu dövrün ən məşhur ustalarından idilər. Jan de Şell transepti əvvəl şimala, sonra cənuba doğru uzatdı və transeptin şimal fasadını və rozeti hazırladı. 1265-ci ildə onun ölümündən sonra, kilsənin cənub xaçındakı işləri Pyer de Montrey tərəfindən icra edildi. Pyer de Montrey eyni zamanda cənub fasadını və rozet pəncərəsinin inşasını da tamamlamışdı. O, 1267-ci ildə vəfat edir. Pyer de Montrey həm də kapella və qırmızı qapıların inşasını tamamlayır. Eyni zamanda, xorun tavalarını da dəyişdirməyə başlayır.
Onun xələfi Pyer de Şell 1296-cı ildə lektoriya inşa edir və xor kapellasını inşa etməyə başlayır. Kapellanın inşası 1318-ci ildən 1344-cü ilə qədər Jan Ravi rəhbərliyində tamamlanır. Jan Ravi 15 metr aralıqla xor tağlarını inşa etməyə başlayır. O, həmçinin xor korpusunu da inşa etməyə başlayır. Jan Ravidən sonra, onun qardaşı oğlu Jan le Buteye 1344-cü ildən 1363-cü ilə qədər xor korpusunun inşasına rəhbərlik edir. Onun ölümündən sonra Raymond du Templ xorun inşasını tamamlayır.
İntibah sənətkarları, qotik memarlıq üslubunun barbarlara aid olduğunu düşündükləri üçün, qotik memarlıqdan uzaq durmağa çalışırdılar. Buna görə də divar və qapıları örtmək üçün böyük xalçalar və asmalardan istifadə edirdilər. Sonrakı dövrdə Barokko heykəlləri, altar, masa, məzar, kenotaflar və neflərin bəzəməyə başladılar.[13]
Nikola Kustunun əsəri olan əsas kilsə altarı; Altar, Antuan Kuazevoks tərəfindən hazırlanmış XIV Lüdovik və Giyom Kustu tərəfindən hazırlanmış XIII Lüdovik heykəli ilə əhatələnmişdir.
1625-ci ildə memar Avqust Giyan tərəfindən Notr-Dam həyət fəvvarəsi inşa edilir. Bu fəvvarənin inşasında məqsəd Site adası sakinlərini axar su ilə təmin etmək idi.[14] 1699-cu ildə XIV Lüdovik və atası XIII Lüdovikin istəkləri nəticəsində kilsənin iç dekorasiyasında, xüsusilə də xorda böyük dəyişikliklər edilir.[15] Memar Rober de Kot xora doğru gedən dəhlizləri genişləndirmək üçün yüksək relyeflərin bir parçası olan lektoriyaları dağıdır və xora XVII - XVIII əsrlərdə Avropada olan bir çox kilsədəki kimi yeni görünüş verməyə çalışır. Yeni lövhələr yaradılır və günümüzə qədər mövcud olan heykəllərlə yeni altar bəzədilir. XIV Lüdovik atasının istəyini yerinə yetirir və hər ikisi Pyeta qarşısında diz çökürlər. Sonralar, 1756-cı ildə kanoniklər binanın çox qaranlıq olduğunu bildirdilər və bundan sonra Le Viey qardaşları orta əsrlərdən qalma şüşələri çıxartdılar və əvəzinə bəyaz şüşələr yerləşdirdilər. Daha sonra isə kilsənin divarları rəngləndi. Lakin, rozet qorunmuşdu.[13] Sonunda din xadimlərinin xahişləri əsasında ParisPanteonunun memarı Sufflo mərkəzi portaldan məşhur Son Məhkəmə ilə bəzədilən trümo və timpanın bir hissəni çıxartdı. Bunun səbəbi gediş-gəliş üçün daha rahat keçid yaratmaq idi.
Fransa inqilabı zamanı kilsə bir neçə vandalist hücuma məruz qalmışdı. Fasadda olan Krallar qalereyasındakı yəhudi krallarının heykəllərinin başları kəsilir və kilsədən çıxarılır. Beləki, inqilabçılar yəhudi krallarının xatirələrinin monarxiyanı təmsil etdiyinə inanırdılar. Kəsilmiş 28 başdan 21-i və bir neçə digər parçalar 1977-ci ildə tapıldı və hal-hazırda Orta Əsrlər Dövlət Muzeyində saxlanılır. Kluaster portalının trümosunda olan Bakirə heykəlindən başqa, portallardakı bütün heykəllər dağıdıldı.[16] 10 noyabr 1793-cü ildə Azadlıq bayramı günü Paris Notr-Dam kilsəsində Ağıl Kultu həyata keçirildi və verilən qərarla kilsə Ağıl Məbədinə çevrildi.[17] Bu kult Pyer Qaspar Şomett tərəfindən təşkil edilmişdi və kilsənin əsas altarı Ağıl ilahəsi qurbangahına çevrildi. Həmin il noyabr ayının sonunda Parisdə katolik ibadəti qadağan edildi. Kilsə sonralar anbar kimi istifadə olundu.[18]
Paris Notr-Dam kafedralı, 1840-cı il. Bu dagerotip foto, bina üzərində Ejen Violle-le-Dyuk tərəfindən başladılmış böyük restavrasiya proqramından əvvəl tikilinin ciddi dərəcədə dağılmış vəziyyətini göstərir. Burada kral qalereyasının heykəllərinin yoxluğu (Böyük Fransa inqilabı zamanı dağıdılmışdır) və Jak-Jermen Sufflo tərəfindən Böyük Məhkəmə portalının əsaslı şəkildə dəyişdirilməsi diqqətə çarpır.
Kilsə, 1802-ci ilin aprelində (1801-ci il konkordatından sonra) yeni ibadət mərkəzinə çevrilir. Bəzi lazımlı yenilənmələr çox sürətlə həyata keçirilir və beləliklə 1804-ci ilin dekabrında Napoleon BonapartPapa VII Piyin hüzurunda Fransaİmperatoru elan edilir. Bu münasibətlə bina əvvəlcə boyanılmış, sonra isə Persye və Fonten tərəfindən bəzədilmişdi.[19] Sülh bərpa edildikdən sonrakı dövrdə kilsənin vəziyyəti çox pis idi, buna görə də şəhər rəhbərliyi kilsənin fəaliyyətini tamamilə dayandırmaq barədə fikirləşirdi. Kilsənin quruluşuna heyran olan Viktor Hüqo"Paris Notr-Dam kilsəsi" romanını yazır və bu roman çox böyük şöhrət qazanır. Bu romanın yazılmasında əsas məqsəd kilsəyə olan diqqəti artırmaq idi. Əsərdə həmçinin kilsənin dağıdılması, xəzinəsinin talanması, pəncərələrinin dağıdılması və baş yepiskopların öldürülməsi məsələlərinə xüsusi diqqət çəkilir.[20]
Bu əsər kilsənin lehinə geniş bir maraq yarada bildi. Roman, sonralar marjinal bir abidəni canlandırır və bu Paris əhalisinə daha doğma görünür. Roman, bundan əlavə romantizm kimi bilinən və insanlarda dünyaya yeni baxış formalaşdıran Avropa trendinin də formalaşmasına böyük təsir göstərmişdi. Viktor Hüqonun romanı ölümcül vəziyyətdə olan tarixi abidəyə yeni həyat verilməsində əsas rol oynamışdı.
Həmin dövrdə Notr-Dam kilsəsi barədə bir neçə fikir axını formalaşmışdı. Belə ki, Fransanın yaxın keçmişindən qopmasını istəməyən monarxistlər, dindar çoxluğun inancını ifadə edən katoliklər və dünyəvi düşüncə tərəfdarı olan qruplar var idi.
Violle-le-Dyukun heykəltəraşlar komandası tərəfindən həyata keçirilmiş heykəltəraşlıq proqramının bərpasına nümunə: qərb fasadının cənub kontrforsunda yerləşən Müqəddəs Deni heykəli.
Bu zaman mədəniyyət naziri kilsənin restavrasiya edilməsi ilə bağlı qərar verir. O zamana qədər kilsənin təmirindən məsul olan Qodde bərpa metodları bəyənilmədiyi üçün vəzifəsindən çıxarılır. Kilsənin bərpa işləri Jan-Batist-Antuan Lassüya və Ejen Violle le-Dyuka tapşırılır. Onlar daha əvvəl Sen-Şapelin tikintisində fərqlənmişdilər. Violle le-Dyuk bir layihə və hesabat təqdim edir. 1844-cü ildə onun layihəsi qəbul edilir. 1845-ci ildə bu layihənin həyata keçirilməsi üçün 3.888.500 frank məbləğində büdcə ayrılmasını istəyir, lakin kilsənin təmiri üçün sadəcə 2.650.000 frank məbləğində büdcə ayrılır. Milli Məclis məbləğin verilməsi ilə əlaqədər qanun qəbul edir.Qeyd 3 Beləliklə uzun müddət gözlənilən restavrasiya prosesi başlamalı idi. 1850-ci ildə ayrılan məbləğ bitir və kilsənin təmiri dayandırılır. Violle le-Dyuk təmirin tamamlana bilməsi üçün yeni təkliflər verməyə məcbur olur. Ümumilikdə təmir üçün 12 milyon frankdan çox məbləğ ayrılır.
Kilsənin təmiri maliyyə cəhətdən çatışmazlıqlar olduğunu təsdiqlədi. Kilsənin aşağı hissəsinə düşmək üçün 9 metr aşağıya enmək lazım idi. Antuan Lusson və Adolf Napoleon Didro kimi şüşə sənəti ustaları dəhlizin hündür pəncərələrinin şüşələrini və kapellanın pəncərələrinin şüşələrini dəyişmək üçün XIII əsrin vitraj şüşələrindən istifadə etdilər.[21]
Kilsənin divar qapısının təmiri də layihəyə daxil idi. Beləki qırmızı qapı artıq sıradan çıxmışdı.[a 1] Qırılmış pinakllar və dağılmış üçbucaq tavanlar da təmir edildi. Portalların və fasadın böyük heykəlləri də təmir edildikdən sonra təmirin bitməsi üçün çox az iş qalmışdı. Restavrasiya edənlər Violle le-Dyukun yazıları və rəsimlərinə əsasən dağılan hissələri tapmaqda çox çətinlik çəkirdilər.
Kilsənin əsaslı bərpası, xüsusilə də heykəllərin bərpası iki memarın uğurları kimi qeyd edilir. Həmin dövrdə yox edilən bütün heykəllərin sürətli bərpasına çalışırdılar. Bu heykəllərə Amyen, Şartr və Reyms kilsələrində olan heykəllər də daxil idi. Bunu etmək üçün memarlar, Adolf-Viktor Joffri-Deşomun rəhbərliyində məşhur heykəltəraşlardan ibarət bir komanda yaratdılar. Onların bir çoxu David Danjenin atelyesindən gəlmişdilər və bir-birlərini tanıyırdılar. Heykəltəraşlardan ibarət komanda, içərisində 12 bürünc heykəlin də olduğu, yüzdən çox heykəli yenidən yaradır. Joffri-Deşom və Violle le-Dyuk heykəllərin hazırlanması işində yaxından fəaliyyət göstərirlər.Qeyd 4 Heykəllərin görünüşünü əvvəlcə Violle le-Dyuk tərəfindən hazırlanırdı, sonra heykəltəraşlar bu görünüşə əsasən heykəlləri hazırlayırdılar. Sonuncu daş heykəlin hazırlanması da bura daxil idi. Heykəllərin hazırlanmasına memarlar tərəfindən nəzarət edilməsi, heykəltəraşlara incəsənət azadlığı vermirdi.
Restavrasiya sırasında kilsədə bəzi hissələr də dəyişildi. Məsələn, şimaldakı rozetin yeri on beş dərəcə dəyişdirilir. Bunun səbəbi pəncərəni saxlayan divarın sökülməsi və divarın bərpa ehtiyacının yaranması idi. Sonda, memarın düşüncələrindən kənar bəzi heykəllər də yaradıdı. Bunlara misal olaraq kilsənin üzərindən Parisə baxan ximeraları göstərmək olar. II İmperiya dövründə Parisin yenidənqurulması zamanı, Notr-Dam meydanı Baron Osmanın göstərişi ilə gigiyenik qaydada təmizlənir. Osmanın əmri ilə Notr-Dam meydanına bəzi dəyişikliklər edilir. Bu fəaliyyətə əsası XVIII əsrdə qoyulmuş uşaq bağçasının, İctimai Yardım İdarəsinin və keçmiş Otel Dyönün dağıdılmaları daxil idi. Arxeoloji Kriptanın yaranmasından sonra orta əsr küçələri və Sen-Ceneviv de Ardent kilsəsinin konturları yeni rənglərlə boyanıldı. Bunun edilməsində əsas səbəb onlara diqqətin cəlb edilməsi idi.[22]
Kafedralın XIX əsr restavrasiyası
Kafedralın cənub fasadı restavrasiya işləri zamanı, fotoqraf Hippolit Bayar, albom nəşri, 1847
Emil Arruar - "Montebello sahili və və Paris Notr-Dam kafedralının apsidası", 1858, Karnavale muzeyi
Bir müddət sonra, Paris Kommunası kilsənin dağıdılması barədə qərar verir. Paris Kommunası nümayəndələri bir neçə skamya və stullara atəş açdılar və kilsəni yandırmağa çalışdılar. Lakin yanğın istənilən nəticəni vermədi, kilsəyə yüngül zərər dəydi. Kilsə heç bir problem olmadan iki dünya müharibəsindən keçdi. 1965-ci ildə nefin on iki yüksək pəncərəsi və on iki rozet pəncərəsinin boz və solğun pəncərələri iyirmi dörd vitraj pəncərə ilə dəyişdirildi. Bunlar orta əsrlərin rəngləmə üsullarını istifadə edən şüşə sənətçisi Jak le Şevalyenin əsərləri idi. Əsasən qırmızı və mavi olmaq üzrə on beş rəng tonundan istifadə edildi. Belə ki, rəngləmə qərbdən şərqə mavidən qırmızıya doğru gedir.[23]
1990-cı illərdə müasir proseslər, əsrlər boyu qaralan kilsənin divar daşlarının yenidən ilkin halına, saflığına və bəyazlığına qayıtmasına təsir edir. Daşları qaraldan iki ayrı çirklənmə təbəqəsi var idi:
Daşın hava və günəş işıqları nəticəsində qəhvərəngi olan bir hissəsi
Parisin çirkli havası nəticəsində qaralan gipsdən ibarət hissə
Daşlar üçün təhlükə yaradan kir qatı aradan qaldırıldı. Heykəllərə zərər dəyməsin deyə, lazer, mikro-fırçalama və nəm kompressorlar vasitəsilə təmizləndi. Çox sayda korlanmış daşlar Paris yaxınlığında olan lutetiyen daş yatağındakı daşlarla əvəz olundu. Elektrik xəttinin çəkilməsi də daşlarda müəyyən qədər dəyişikliklər edilməsinə səbəb oldu.
Kilsənin 850 illik yubileyi münasibətilə, abidənin XXI əsrə keçməsini bildirmək üçün böyük işlər görüldü. Əsas nefin işıqlandırılması restavrasiya edildi və axşam ziyarətləri və konsertlər üçün şərait yaradıldı. 2013-cü ildə ilk olaraq böyük orqanın idarə edilməsi tamamilə kompyuterləşdirildi. 2014-cü ildə ikinci addım kimi, 12000 boru təmizləndi. Yeni qapı kilidləri və xüsusi naqillər quraşdırılmış yanğından mühafizə sistemi quruldu. İçəridə və çöl tərəfdə qalan naqillər kilsənin dizaynını pozmasın deyə gizlədildi. Nəhayət, 23 mart 2013-cü ildə Notr-Dam qüllələri aralarında birinci dəfə çalınan zənglə birlikdə, doqquz zənglə dolduruldu. Beləliklə kilsəyə orta əsrlərdəki görünüşünə oxşar görünüş verildi.
2012-ci ilin noyabrından 2013-cü ilin dekabrına qədər keçmiş Notr-Dam küçəsində müəyyən dəyişiklik edildi və bura "Yubiley yolu" adlandırıldı. Bu küçə kilsənin işçilərinin və xristian dininin müqəddəs şəxlərinin adları ilə bəzədilmişdi.
Kirlənmə kilsəyə böyük zərər verirdi. Buna qarqoylların düşməsi və pinaklların dağılması da aiddir. Buna görə də baş yepiskop kilsənin yenidən restavrasiya edilməsi üçün 20 il müddətində 100 milyon avroluq məbləğin yığılması üçün 2017-ci ildə çıxış etdi. 10 milyon avro işçilər üçün, kilsənin yanında müqəddəs yer üçün 10 milyon avro, su arxlarının dayaqlarını gücləndirmək üçün 20-30 milyon avro nəzərdə tutulmuşdu.[24]
15 aprel 2019-cu ildə[25], axşam çağı, təxminən saat 18 radələrində[26] Paris Notr-Dam kafedralında böyük yanğın baş verdi.[27] Fəlakət nəticəsində kafedralın dam örtüyü, XIII əsrə aid taxta konstruksiyası, Ejen Violle-le-Dyuk tərəfindən layihələndirilmiş şpil və tavanı təşkil edən bir neçə tağ örtüyü (transept keçidinin tağı, şimal transeptinin tağı və nefin bir aşırımı) məhv olmuşdur.[28] Yanğın yalnız Fransada deyil, bütün dünyada böyük sarsıntı və emosional reaksiya doğurmuşdur. Sena çayının sahillərində parislilər və turistlər toplaşmış, çoxsaylı katoliklər dua etməyə başlamışdılar.[29]
Yanğın təxminən 650 yanğınsöndürənin müdaxiləsi nəticəsində ertəsi gün səhər saatlarında nəzarət altına alınmışdır.[30] Yanğın başa çatdıqdan qısa müddət sonra təxminən əlli müstəntiq Paris Notr-Dam kafedralındakı yanğının mümkün səbəblərini araşdırmağa başlamışdır.[31] Yanğının baş verdiyi gün Fransa PrezidentiEmmanuel Makron kafedralın yenidən inşa ediləcəyini elan etmiş[32], ertəsi gün televiziya ilə xüsusi müraciətində isə belə demişdir: "Biz kafedralı əvvəlkindən də gözəl şəkildə yenidən quracağıq və istəyirəm ki, bu iş beş il ərzində başa çatsın."[33] Növbəti gün Baş nazir Eduar Filip kafedralın şpilinin yenidən qurulması üçün beynəlxalq memarlıq müsabiqəsinin keçiriləcəyini açıqlamışdır.[34]
Fransadan və xarici ölkələrdən fiziki şəxslər, şirkətlər və dövlət qurumları tərəfindən böyük həcmdə ianələr edilmişdir. Ümumilikdə 340 min donor tərəfindən 846 milyon avro vəsait toplanmış və bu, dünya üzrə mesenatlıq sahəsində rekord göstərici olmuşdur.
Paris Notr-Dam kafedralının yeni şpili 2024-cü ilin əvvəllərində inşasının tamamlanmasından əvvəl
Yenidənqurma və restavrasiya işlərinə 2013-cü ildən Paris Notr-Dam kafedralına cavabdeh olan tarixi abidələrin baş memarı Filip Vilnöv rəhbərlik etmişdir. 8 dekabr 2023-cü ildə "France 2" kanalının Paris Notr-Dam kafedralından canlı yayımlanan xüsusi buraxılışı zamanı Emmanuel Makron "qrafikə uyğun irəlilədiklərini" və kafedralın 8 dekabr 2024-cü ildə yenidən ictimaiyyət üçün açılacağını bəyan etmişdir. O, həmçinin Roma Papası Fransiski açılış mərasimində iştirak etməyə dəvət etmişdir.[35] Lakin Katolik Kilsəsi, papanın gəlməyi planlaşdırmadığını açıqlamış, bunun səbəbi kimi isə "diqqətin bu münasibətlə onun üzərinə yönəlməsini istəməməsi" və "baş rolu" kafedralın özünə buraxmaq arzusu göstərilmişdir.[36][37]
Binanın 8 dekabr 2024-cü il tarixində yenidən açılışı münasibətilə dünyanın müxtəlif ölkələrindən tanınmış şəxslər, xüsusilə siyasi liderlər, eləcə də kafedralın yenidən qurulmasını maliyyələşdirmiş donorlar mərasimə dəvət olunmuşdular. Paris arxiyepiskopu Loran Yulriş kafedralın qapılarını yenidən açmış və orqanı təqdis etmişdir. Yanğın zamanı xilasetmə işlərində iştirak edən şəxslər və yenidənqurma üzərində çalışmış sənətkarlar uzun sürən alqışlarla təbrik olunmuşdular.
Emmanuel Makron kafedral üçün "XXI əsrin izini daşıyacaq" altı müasir vitrajın hazırlanması məqsədilə müsabiqə elan etmişdir. Bu qərar ənənə ilə müasirlik arasında geniş müzakirələrə səbəb olmuşdur.
18 dekabr 2024-cü ildə Respublika Prezident Administrasiyası yaydığı bəyanatda rəssamKler Taburenin"Paris Notr-Dam kafedralının cənub kapellalarındakı altı müasir pəncərənin hazırlanması üçün səkkiz namizəd arasından seçildiyini" açıqlamışdır. Bəyanatda sənətkarın "kafedralın tələb etdiyi səviyyəyə uyğun" olduğu bildirilmişdir.[38]
Bundan əlavə, Emmanuel Makron Otel-Dyö kompleksində Paris Notr-Dam kafedralına həsr olunmuş muzeyin yaradılacağını elan etmişdir.[39][40]
Kler Tabure bildirmişdir ki, onun vitrajları ustanın əsərlərini əvəz etsə də, məqsədi "Ejen Violle-le-Dyuka ehtiram göstərməkdir".[41] Bununla belə, bəzi sənət tənqidçilərinin fikrincə, bu yanaşma sənətkarın etik mövqeyi ilə bağlı suallar doğurur.[42] Respublika Prezident Administrasiyasının bu seçimi layihəyə qarşı çıxanlar tərəfindən də tənqid edilmişdir. Müxaliflər ilk növbədə vurğulayırlar ki, söhbət gedən vitrajlar yanğın zamanı zərər görməmişdi.[43]
Öz növbəsində Milli İrs və Memarlıq Komissiyası yekdilliklə bu layihəyə qarşı çıxmış və onun Venesiya Xartiyasına zidd olduğunu bildirmişdir.[44] 2025-ci ilin yanvarında "Yerlər və Abidələr" dərnəyi və bir donor tərəfindən inzibati məhkəmədə iddia qaldırılmışdır.[45]
İddianın əsas arqumenti ondan ibarət idi ki, sifariş rəsmən Paris Notr-Dam kafedralının qorunması və bərpasına cavabdeh dövlət qurumu tərəfindən verilmişdi. Halbuki həmin qurumun nizamnaməsində yalnız "bərpa" və "qoruma" missiyaları qeyd olunur; müasir müdaxilə həyata keçirmək və ya ianələri bu məqsədlə istifadə etmək barədə heç bir müddəa yoxdur.[45]
27 noyabr 2025-ci il tarixli qərarı ilə Paris İnzibati Məhkəməsi bu iddianı rədd etmişdir. Məhkəmə hesab etmişdir ki, "bərpa" və "qoruma" anlayışları dəqiq müəyyənləşdirilməmişdir və qanunvericiyə məcburi şəkildə tətbiq oluna bilməz; eyni zamanda apellyasiya şikayəti vermək hüququnun açıq qaldığı bildirilmişdir.[46] Layihəyə qarşı çıxanlar bu hökmü hüquqi baxımdan əsassız və anlaşılmaz hesab edərək qərardan apellyasiya şikayəti vermişlər.[47]
Kler Taburenin təqdim etdiyi eskizlər də tənqidlərə səbəb olmuşdur; iradlar yalnız estetik və ikonoqrafik baxımdan deyil, həm də onların vitraj sənətinin texniki xüsusiyyətlərinə uyğunluğu ilə bağlı idi.[47] Bütün bu mübahisələrə baxmayaraq, 2025-ci ilin dekabrında Qran-Paledə tam ölçülü altı maket nümayiş etdirilmişdir. Bu əsərlər Pentikost ruhunu təcəssüm etdirir və Notre-Dame de Paris Paris Notr-Dam kafedralının nefinin cənub yan keçidində yerləşən altı pəncərə üçün nəzərdə tutulmuşdur.[48]
Layihənin hüquqi taleyi ilə bağlı qeyri-müəyyənliyə baxmayaraq, 1640-cı ildən Reymsdə fəaliyyət göstərən Simon-Mark vitraj emalatxanasının ustaları artıq eskizlər əsasında işləməyə başlamışdılar.[49]
"Paris Notr-Dam Dostları" dərnəyinin "İncəsənət Jurnalı"na istinadən yaydığı məlumata görə[50], 2025-ci ilin may ayında "Paris Notr-Dam kafedralına həsr olunmuş muzeyin yaradılması elanından bir il sonra layihə hazırda dayanmış vəziyyətdə görünür".[51]
Doğrudan da, dərnək qeyd edir ki, muzeyin ilkin konsepsiyasına dair hesabat 2024-cü ilin iyun ayında müəllifləri tərəfindən Fransa Mədəniyyət Nazirliyinə təqdim olunsa da, həmin sənəd hələ də ictimaiyyət üçün dərc edilməmişdir.[51]
18 fevral 1794-cü ildə Pyer-Qaspar Şomett tərəfindən artıq "Ağıl məbədi"nə çevrilmiş Paris Notr-Dam kafedralı binasında köləliyin ləğvi münasibətilə keçirilən bayram zamanı nitq söylənişi
Notr-Dam, Fransanın tarixində çox sayda dini və siyasi hadisənin qeyd edildiyi tarixi bir məkandır.
1594-cü il 22 mart IV HenrixParisdə baş verən üsyan dalğasının beş ildən sonra yatırılması ilə əlaqədər öz minnətdarlığını bildirdi.
1660-cı ildə XIV Lüdoviknikah mərasimi vasitəsilə Te Deum ilə təbrik edildi. Notr-Damın döşəməçisi adlandırılan, gələcək marşal, Lüksemburq qrafı bura xeyli sayda düşmən bayraqları gətirir.
1793-cü il noyabrın 10-da Notr-Dam kilsəsi Səbəb və Ali Varlıq dini etiqadını təbliğ etmək üçün Paris Kommunası tərəfindən yeni inancın əsas məbədinə çevrilir.[54]
1835-ci il martın 8-də yepiskop De Kelenin xahişi əsasında, Notr-Damın pasxadan əvvəlki dönəm konfransları içərisində Anri Lakorderəkonfrans keçirməyə icazə verilir. Onun konfransı əsasən gənclərin xristianlığa dəvəti ilə əlaqədar idi. 1836-cı ildə belə konfranslar dayandırılır. Lakin 1841-ci ildən fəaliyyətini bərpa edən konfranslar günümüzə qədər fəaliyyət göstərir.
2009-cu il iyunun 3-də Air FranceRio-Paris 447 qəzasının qurbanlarının xatirəsinə kilsədə ekumenik tədbir hazırlanır.
2012-ci il dekabrından 2013-cü il 24 noyabra qədər kilsənin 850 illik yubiley tədbirləri keçirildi.
2013-cü il mayın 21-də yazıçı Dominik Venner qurbangah qarşısında özünü vuraraq intihar etdi.[56] Həmçinin 1931-ci il fevralın 11-də də Parisdə sürgün həyatı yaşayan meksikalı intellektual gənc kilsənin mərkəzində özünü vurub intihar etmişdi.
2015-ci il noyabrın 15-də Paris terror hadisələrinin qurbanlarının xatirələrini əbədiləşdirmək üçün kilsədə 15 dəqiqəlik zəng çalınmışdır.[57]
Jak-Lui David - "Napoleonun tacqoyma mərasimi", 1805–1808-ci illər, Luvr muzeyinin kolleksiyası. Səhnə Paris Notr-Dam kafedralının xor hissəsində baş verir və burada interyer həmin dövrdəki görnüşündə təsvir olunmuşdur; sütunların bəzəyi isə 1698-ci ildə Rober de Kot tərəfindən hazırlanmış layihəyə əsaslanır.
Naməlum rəssam tərəfindən çəkilmiş keşiş Anri Lakorderin kafedralda moizəsini göstərən rəsm əsəri, 1845-ci il, Fransa Milli Kitabxanasının kolleksiyası.
Kafedralının 850 illiyi münasibətilə yeni zənglərin gətirilməsi, 2012-ci il.
Fransa inqilabına qədər Paris Notr-Dam kafedralı Paris arxiyepiskopluğunun mülkiyyəti idi. 2 noyabr 1789-cu il tarixli dekretlə bina, "millətin istifadəsinə verilmişdir". Həmin vaxtdan etibarən kafedralın sahibi dövlət hesab olunur.[60][61]
Hər il dövlət kafedralın saxlanılması və bərpası üçün iki milyon avro ayırır, Katolik Kilsəsi isə bir neçə milyon avro həcmində olan gündəlik fəaliyyət xərclərini qarşılayır. Kafedralda təxminən əlli nəfər çalışır; bunlara əlavə olaraq könüllülər də fəaliyyət göstərirlər.[62]
Əksər Fransa kafedralları kimi, Paris Notr-Dam kafedralı da latın xaçı formasında plana malikdir. Onun giriş hissəsi və iki qülləsi qərb-şimal-qərb istiqamətinə, apsidası isə şərq-cənub-şərq istiqamətinə yönəlmişdir; transept isə şimal-şimal-şərq və cənub-cənub-qərb oxu boyunca uzanır. Əsas nef on aşırımdan, xor hissəsi isə beş aşırımdan ibarətdir. Xorun oxu nefin oxundan cüzi şəkildə kənara çıxır. Apsida isə beşüzlü yarımdairə formasındadır.[63]
Nef hər iki tərəfdən qoşa yan keçidlərlə əhatə olunmuşdur və onlar qoşa dövrəvi keçidlər vasitəsilə davam edir. İlk üç aşırımdan sonra yerləşən 29 yan və ya şüavari kapella ümumilikdə 37 dördbucaqlı aşırıma malikdir. Kafedral eyni vaxtda 9000 nəfərə qədər insan qəbul edə bilir; onların təxminən 1500 nəfəri üst qalereyalarda yerləşə bilər.
Əsas nef xor hissəsindən sonra tikilsə də[67], o, altı hissəli tağ örtükləri ilə səciyyələnən erkən qotik üsluba aiddir; lakin burada, San-Etyen de Sans kafedralında göründüyü kimi, güclü dayaqların və zəif dayaqların növbələşməsi yoxdur. Transept binanın xarici görünüşündə aydın seçilsə də, yan keçidlərdən və yan kapellalardan irəli çıxmır. Onun yan keçidləri yoxdur.
Transept istisna olmaqla, daxili yüksəklik üç səviyyədən ibarətdir: böyük tağ keçidləri, qalereyalar və yuxarı pəncərələr. Bununla belə, transeptin hər iki qolunun ilk iki aşırımında yüksəklik dörd səviyyəlidir.
XIX əsrdə restavrator Ejen Violle-le-Dyuk nefin onuncu aşırımını "düzəltməyə" çalışmış və 1220-ci illərdə ilkin layihəyə edilmiş dəyişikliklərdən əvvəl mövcud olmuş dörd səviyyəli quruluşu burada yenidən yaratmışdır. O vaxtdan bəri bəzi mütəxəssislər hesab edirlər ki, bu onuncu aşırım Violle-le-Dyukun əsəridir. Lakin bu fikir müəyyən qədər şişirdilmiş sayılır, çünki dəyişiklik yalnız yuxarı hissəyə aid olmuşdur. Buna baxmayaraq, bu qəsdən edilmiş müdaxilə ona qarşı ciddi tənqidlərə səbəb olmuşdur.
Transeptin şimal və cənub fasadlarında vitrajlarla bəzədilmiş möhtəşəm rozet pəncərələri yerləşir. Diametri 13 metr olan bu pəncərələr Avropanın ən böyük rozet pəncərələri sırasındadır.
Paris Notr-Dam kafedralı əsasən Parisin qədim yeraltı daş karxanalarından çıxarılan yonma daşlardan tikilmişdir. İlk mərhələdə (xor hissəsinin tikintisi zamanı) daşlar şəhərin indiki V arondismanından, daha sonra isə (nefin tikintisi zamanı) əsasən XII arondismandan və Şaranton-le-Pon bölgəsindən gətirilirdi. Bu karxanalarda yüksək keyfiyyətli əhəngdaşı layları istismar olunurdu. Bunlar 40–46 milyon il əvvələ aid olan Lütesiya əhəngdaşları idi və bütün Paris bölgəsinin memarlığı üçün səciyyəvi material hesab olunur.[68]
Lütesiya əhəngdaşları hər yerdə rast gəlinmir. Onlar Parisdə cəmi bir neçə metr qalınlığında geoloji qat təşkil edir və müxtəlif xüsusiyyətlərə (tekstura, sərtlik və s.) malik üst-üstə yerləşən laylardan ibarətdir. Bu layların yalnız bir hissəsi tikinti üçün yararlı olmuşdur. Qotik dövrdə bu daşlardan artıq min ildən çox idi ki, istifadə edilirdi; onların tətbiqi hələ Qall-Roma dövrünə gedib çıxırdı. Buna görə də inşaatçılar hər bir daş növünün aşınmaya, zamanın təsirinə və hava şəraitinə qarşı davamlılığını yaxşı tanıyırdılar. Məhz bu uzunmüddətli təcrübə Paris Notr-Dam kafedralının inşasında geniş şəkildə istifadə olunmuşdur.[69]
Yumşaq əhəngdaşları, xüsusilə də "lamburd" adlandırılan daş növləri, divarların daxili hissələrində və örtülü memarlıq elementlərində, məsələn tağ örtüklərində və qalereyaların tağ keçidlərində istifadə olunmuşdur. Bunun əksinə olaraq, karxanalardakı "əsas laylardan" çıxarılan sərt qabıqlı əhəngdaşları (Lütesiya dövründə sahil yaxınlığında toplanmış və daşlaşmış konusvari qarınayaqlı molyusk qabıqlarından ibarət seritli əhəngdaşları) xarici mühitə məruz qalan daş hissələr üçün istifadə edilirdi. Eyni zamanda bu daşlardan daxildə yerləşən iri sütunların gövdələrinin alt sıralarında da istifadə olunurdu, çünki həmin hissələr böyük yük daşımalı idi.[70]
Yeni dövrdə seritli sərt əhəngdaşı Parisdə əsasən binaların özül hissələrində istifadə olunurdu, lakin artıq divarların yuxarı hissələrinin tikintisində geniş tətbiq edilmirdi. "Lye" adlanan daş növü isə çox sərt və çox xırda dənəli Lütesiya əhəngdaşıdır. Tərkibində xırda miliolidlər olduğuna görə onun quruluşu müəyyən qədər mərmərə bənzəyir. Bu daş xüsusilə heykəltəraşlıqda (məsələn, məşhur "Adəm" heykəlində) və bəzi kiçik memarlıq elementlərində istifadə edilmişdir. Bunlara qalereyalardakı monolit sütuncuqlar, nefdə dayaqlar boyunca uzanan sütuncuqlar (lakin xor hissəsində deyil), eləcə də pəncərələrin ara sütunları və daş naxışlı hörgüləri daxildir. Karxanalarda "lye" daşı yalnız 30–40 santimetr qalınlığında nazik bir lay şəklində mövcud olduğundan, bu materialdan hazırlanmış heykəllərin uzunsov formasını müəyyən etmişdir. Bu daşın yüksək sıxlığı onu "qat üzrə deyil, qata qarşı" yerləşdirməyə (yəni daşın təbii laylanmasını üfüqi deyil, şaquli istiqamətdə tətbiq etməyə) imkan verirdi. Lakin belə yerləşdirmə üsulu daha aşağı yükdaşıma qabiliyyətinə malik idi.[70]
Paris karxanalarının Lütesiya əhəngdaşları orta əsrlərdə böyük şöhrət qazanmışdı və Parisdən uzaq bölgələrə ixrac olunurdu. Xüsusilə "lye" daşı qotik heykəltəraşlıq üçün yüksək qiymətləndirilirdi. Bu materialdan, məsələn, Şartr kafedralında və Oser kafedralında da istifadə edilmişdir.[71]
2019-cu ildə baş vermiş yanğına qədər damın taxta konstruksiyası və şpil ağacdan, əsasən də palıd ağacından hazırlanmışdı. Onların örtüyü isə qurğuşun lövhələrdən ibarət idi.
Yanğından sonra həmin elementlər eyni materiallardan istifadə edilməklə yenidən inşa edilmişdir.
Kilsə meydançası (fr.parvis) kafedralın qarşısında yerləşən geniş açıq sahədir. "Parvis" sözü latınca"paradisius" (azərb.cənnət) sözündən yaranmışdır. Paris Notr-Dam kafedralı tikildiyi zaman bu meydança kifayət qədər dar idi. Kafedral kiçik taxta evlər, dükanlar və mehmanxanalarla sıx əhatə olunmuşdu. Burada 1625–1755-ci illərdə Notr-Dam həyəti fəvvarəsi də yerləşirdi. Meydança XVIII əsrə qədər nisbətən kiçik ölçülərini qoruyub saxlamış, daha sonra memar Jermen Bofran tərəfindən genişləndirilmişdir.[72] Sonrakı dövrlərdə, xüsusilə 1960-cı ildən etibarən, o bir neçə dəfə yenidən qurulmuşdur.[73]
Meydançada, kafedralın girişindən bir neçə metr aralıda, Fransa yollarının sıfır nöqtəsi yerləşir. Parisdən şüa kimi ayrılan on dörd milli avtomobil yolunun başlanğıc nöqtəsi məhz buradan hesablanır.
XIX əsrdən etibarən Paris Notr-Dam kafedralının meydançasının altında çoxsaylı arxeoloji qazıntılar aparılmışdır. Bunlardan iki kampaniya xüsusilə əhəmiyyətli olmuşdur: birincisi 1847-ci ildə həyata keçirilmiş və ona Teodor Vakker rəhbərlik etmişdir; ikincisi isə 1965–1967-ci illərdə aparılmış və Mişel Fleri tərəfindən idarə olunmuşdur. Bu qazıntılar nəticəsində Qall-Roma dövrünə və erkən orta əsrlərə aid mühüm qalıqlar aşkar edilmişdir. Xüsusilə beş nefli bazilika planlı böyük dini tikilinin bünövrələri üzə çıxarılmışdır. Bu qalıqların IV və ya VI əsrdə tikilmiş və Parisin əvvəlki kafedralı olmuş Paris Sen-Etyen kafedralına aid olduğu hesab edilir.[72]
Bu yeraltı tikili qalıqlarını qorumaq və onları ziyarətçilər üçün əlçatan etmək məqsədilə sərdabə yaradılmışdır. Bu məkan Notr-Dam meydanının arxeoloji sərdabəsi (fr.Crypte archéologique du parvis Notre-Dame) adlanır.[72]
2000-ci ilin yayından etibarən sərdabə Karnavale muzeyi tərəfindən idarə olunur.[74]
Qərb fasadının iki kvadrat qülləsi eyni layihə əsasında tikilmiş olsalar da, tamamilə eyni deyillər. Hər iki qüllə möhkəm bünövrə hissəsindən, fasadın ümumi quruluşuna uyğun mərtəbələrdən və son mərtəbədən ibarətdir. Son mərtəbənin hər tərəfində qabarıq haşiyələr və qarmaqşəkilli bəzəklərlə işlənmiş sivri tağlı iki uzun və hündür pəncərə açılışı yerləşir. Qurğuşun örtüklü terrasla tamamlanan qüllələrin yuxarı hissəsini yarpaq formalı iri qarmaq bəzəklərindən ibarət ikiqat zolaq əhatə edir. Açıq naxışlı məhəccər isə terrası dövrələyir. Şimal qülləsi (soldakı) bir qədər sonrakı dövrə aiddir (təxminən 1235–1250-ci illərdə tikilmişdir) və cənub qülləsindən (təxminən 1220–1240-cı illərdə tikilmişdir) bir qədər daha enli və daha kütləvidir. Bu fərq meydanın mərkəzindən baxdıqda nəzərə çarpır. Eyni zamanda bu fərq, fasaddakı Məryəm eyvanı səviyyəsində də görünür: şimal qülləsinin şimal dayağı, cənub qülləsinin cənub dayağından nəzərəçarpacaq dərəcədə enlidir.[75]
Şartr kafedralı Fransada qüllələrinin üzərində şpillər olan məşhur nümunələrdən biridir. Paris Notr-Dam kafedralı üçün də XIII əsrdə belə şpillərin tikilməsi nəzərdə tutulmuşdu, lakin bu layihə həyata keçirilməmişdir. Sonradan, 1844–1864-cü illərdə aparılan bərpa işləri zamanı onların inşası yenidən müzakirə edilmişdir.Qeyd 5
İki qüllə arasında, fasadın sütunlu yuxarı qalereyasının arxasında və nefin qərb alınlığının önündə qurğuşun meydançası (fr.aire de plomb) və ya su anbarları həyəti (fr.cour des réservoirs) adlandırılan düz damlı geniş sahə yerləşir. Bu sahə qurğuşun lövhələrlə örtülmüşdür və burada yanğın baş verdiyi halda dərhal istifadə oluna bilməsi üçün su hovuzları yaradılmışdı. Qurğuşun meydançasının arxasında nefin dam örtüyünü qərb tərəfdən tamamlayan böyük üçbucaqlı alınlıq yüksəlir. Onun zirvəsində bir mələk Paris Notr-Dam kafedralının cənub qülləsi istiqamətinə baxaraq Qiyamət günü şeypurunu çalır.[76]
Kafedralın 69 metr hündürlüyündə olan[77] qüllələri ziyarətçilər üçün açıqdır və buradan Parisə möhtəşəm mənzərə açılır.[78]
Cənub qülləsində 387 pillədən ibarət pilləkən yerləşir.[79] Birinci mərtəbədə, Krallar qalereyası və rozet pəncərə səviyyəsində turistlər və ziyarətçilər üçün xidmət məntəqəsi olan böyük qotik zal mövcuddur. Burada kafedralın müxtəlif orijinal heykəllərini, eləcə də Qvido Reni, Şarl-Andre van Loo, Etyen Jora və Lodovico Ludoviko Karraççinin əsərlərini görmək mümkündür.
Qərb fasadı dörd səviyyədən ibarətdir: birinci səviyyə (zirzəmi mərtəbəsi) — tamamilə üç portal tərəfindən tutulmuşdur; ikinci səviyyə — üç arkada ilə yarılır; onların mərkəzdə yerləşəni rozet pəncərəni çərçivəyə alır; üçüncü səviyyə — böyük qalereyadan ibarətdir və onun üzərində Ximeralar qalereyası yerləşir; dördüncü səviyyə — hündürlüyü 69 metrə çatan qüllələrin son mərtəbəsidir.
Qərb fasadı 1197–1208-ci illərdə Paris yepiskopu olmuş Ed de Süllinin təsəvvür etdiyi layihəyə əsasən uyğun gəlir. Layihə üzərində çalışan 1200-cü illərin memarı ənənəvi "harmonik fasad" prinsipini seçmişdir. Bu tip fasad simmetrik və üç hissəli quruluşa malik olur. Aşağı hissədə üç portal yerləşir: solda Məryəm portalı, mərkəzdə Böyük Məhkəmə portalı, sağda isə Müqəddəs Anna portalı. Mərkəzi portal daha enlidir, yan portalların üzərində isə zənglərin yerləşdiyi iri qüllələr ucalır. Lakin fasadın üfüqi üçhissəli bölgüsü binanın daxilindəki beş nefli quruluşu əks etdirmir.[80]
Fasadın tikintisi təxminən yarım əsr davam etmiş və 1200–1250-ci illər arasında başa çatdırılmışdır. Onun memarlıq kompozisiyası sadə həndəsi prinsiplərə əsaslanır. Fasadın eni 43,5 metr (135 kral futu), qüllələr nəzərə alınmadan hündürlüyü isə 45 metrdir (141 fut). Aşağıdan yuxarıya doğru fasad aşağıdakı hissələrdən ibarətdir: üç portal mərtəbəsi və dayaqlardakı nişlərdə yerləşdirilmiş dörd heykəl. Bunlar soldan sağa doğru: Müqəddəs Etyen, daha sonra iki alleqoriya — Kilsə və Sinaqoq (Kilsə və Sinaqoq)Qeyd 6, və çox güman ki, Müqəddəs Deni; Krallar qalereyası; mərkəzində diametri 9,6 metr olan qərb rozet pəncərəsinin yerləşdiyi mərtəbə. Bu pəncərə sanki Məryəm və Körpə İsa heykəlinə halə bəxş edir. Onun hər iki tərəfində, qüllələrin altında, sivri tağın daxilində kiçik rozet pəncərələrlə tamamlanan qoşa pəncərə açılışları yerləşir[81]; nəhayət, 5,1 metr hündürlüyündə və 0,18 metr diametrində sütuncuqlardan ibarət böyük qalereya. Bu qalereya məhəccərlə tamamlanır və Ximeralar qalereyası adlanır. Onun künclərində 54 fantastik məxluq təsvir edilmişdir. Qalereya iki qülləni birləşdirir və onların dörd tərəfi boyunca davam edir. Bütün bu hissələrin üzərində isə şimal və cənub tərəflərdə düz damlı qüllələrin özləri yüksəlir.[82]
Fasadın ön hissəsi şimal tərəfə doğru 30 santimetr əyilmişdir və portallar da qərb istiqamətində meyl göstərir.Qeyd 7 Bu vəziyyət bünövrələrdə yaranmış pozuntularla əlaqədardır. Səthə yaxın qrunt qatının qeyri-sabitliyi nəticəsində tikilinin müxtəlif hissələri yerini dəyişmişdir. Bunun səbəbi daş konstruksiyaların (tağ örtükləri və tağlar) ağırlığı ilə küləyin təzyiqinin birgə təsiri olmuşdur. Tikinti başa çatdıqdan və tağları saxlayan taxta qəliblər söküldükdən sonrakı ilk aylarda bu qüvvələr konstruktiv deformasiyalara səbəb olmuşdur. Həmin vaxt məhlulun bərkiməsi prosesi hələ tamamlanmamışdı; bu proses bir ildən çox davam edə bilirdi. Beləliklə, tamamlanmamış qüllələrin üzərində əvvəlcədən nəzərdə tutulmuş ortoqonal planlı qotik şpillərinQeyd 8 tikilməməsi maliyyə çatışmazlığı ilə deyil, orta əsr inşaatçılarının aşkar etdikləri konstruktiv problemlərlə izah olunur. Onlar tikilinin "sağlamlığını" müntəzəm olaraq yoxlamaq üçün şaquli ölçü ipindən istifadə edirdilər və bu əyilmələri müşahidə etmişdilər.[83][84]
Bu heykəllərin müasir rekonstruksiyaları Ejen Violle-le-Dyukun rəhbərlik etdiyi bərpa qrupu tərəfindən hazırlanmışdır. Memar öz simasını da həmin heykəllərdən birində əks etdirmişdir. Orijinal heykəllərin qalıqları isə bu gün Klüni muzeyində (Paris Orta Əsrlər Milli Muzeyi) nümayiş etdirilir. Fasad xaricdən hər qüllə üçün iki dayaq olmaqla, dörd dayaqla möhkəmləndirilmişdir. Bu dayaqlar üç portalı çərçivəyə alır. Dayaqlar üzərində yerləşən nişlərdə XIX əsrdə Ejen Violle-le-Dyukun bərpaçıları tərəfindən yenidən hazırlanmış dörd heykəl yerləşdirilmişdir.
Tikinti zamanı portalların dərin girişləri dərhal heykəltəraşlıq bəzəkləri ilə tamamlanmamışdır. Heykəllər ayrıca hazırlanıb sonradan quraşdırılmışdır. Buna görə də hörgü işlərinin aparılması, heykəllərin hazırlanması və onların yerinə yerləşdirilməsi eyni vaxtda baş verməmişdir. Nəticədə bəzi kiçik montaj uyğunsuzluqları yaranmışdır ki, bunlar yalnız diqqətli və yaxından baxış zamanı hiss olunur.[86]
Böyük məhkəmə portalı, kafedralın əsas portalıdır. Timpanındakı heykəltəraşlıq kompozisiyası 1210-cu illərə aiddir.[87] Burada xristian ənənəsinə görə ölülərin dirildiyi və İsaMəsih tərəfindən mühakimə olunduğu Qiyamət səhnələri geniş şəkildə təsvir edilmişdir. Lintel üzərində ölülərin qəbirlərindən çıxması göstərilmişdir. Onlar hər iki tərəfdə şeypur çalan iki mələk tərəfindən oyadılırlar. Tam geyimli təsvir olunan bu fiqurlar arasında bir papa, bir hökmdar, qadınlar, döyüşçülər və hətta Afrikadan olan qaradərili bir şəxs də görünür.[88]
Növbəti registrdə arxangelMixail insanların günah və savablarını tərəzidə çəkir. İki demon tərəzinin gözlərindən birini öz xeyirlərinə əyməyə çalışır. Seçilmişlər solda yerləşir, sağ tərəfdə isə zəncirlənmiş və qorxu içində olan məhkumlar başqa eybəcər və buynuzlu demonlar tərəfindən cəhənnəmə aparılırlar. Yuxarı registrdə, bədənindəki yaraları göstərmək üçün sinəsi qismən açıq vəziyyətdə olan İsa Məsih bu ilahi məhkəməyə sədrlik edir. Onun sağında və solunda ayaqüstə duran iki mələk Məsihin iztirab alətlərini tuturlar. Hər iki tərəfdə isə Məryəm və Həvari İohann diz çökərək Məsihdən mərhəmət diləyirlər.
Tağ sıralarının aşağı hissələrində yerləşən kəmər daşları müxtəlif səhnələrlə bəzədilmişdir. Məhkumların tərəfində Cəhənnəm səhnələri, seçilmişlərin tərəfində isə patriarxlar təsvir olunmuşdur. Onların arasında İbrahimin ruhları paltarının qatında qoruyaraq saxladığı məşhur səhnə də görünür.[89] Bu kompozisiya orta əsrlərdə Kilsə tərəfindən inkişaf etdirilmiş və xalqın dünyagörüşünə güclü təsir göstərən xristian ikonoqrafiyasının çox konkret ifadəsidir. Həmin dövrdə bütün səhnə rənglənmiş və qızıl işləmələrlə bəzədilmişdi. Cənnət tərəfində, ilk tağ sıralarında toplanmış mələklər Böyük məhkəmə səhnəsini izləyirlər. Onların simalarında qorxudan çox maraq və heyrət hiss olunur. Kompozisiyanın ümumi təsiri qətiyyən bədbin deyil. Cəhənnəm bütün təsvirin yalnız çox kiçik bir hissəsini tutur və hər şey ilahi mərhəmətin vurğulanmasına xidmət edir. Məryəm və cənnət müqəddəsləri, burada Həvari İohann ilə təmsil olunaraq, bəşəriyyət üçün şəfaətçilik edirlər. Yaralarını göstərən İsa Məsihin təsviri isə onun yer üzünə Xilaskar kimi gəldiyini xatırladır. Bu səbəbdən portalın əsas ideyası ilahi ədalətdən çox ilahi mərhəmət və qurtuluş ümidinin vurğulanmasıdır.
1771-ci ildə ruhanilərin sifarişi ilə Jak-Jermen Sufflo portalı ciddi şəkildə dəyişdirmişdir. O, trümonu (fr.trumeau — portalın ortasındakı dayaq) aradan qaldırmış və hər iki lintelin mərkəzi hissəsini kəsərək zədələmişdir. XIX əsrdə aparılan bərpa zamanı Ejen Violle-le-Dyuk lintellərin qalan yan hissələrini sökdürərək muzeyə göndərmişdir. Daha sonra o, Jak-Jermen Sufflonun dəyişikliklərindən əvvəl hazırlanmış rəsmlərdən istifadə edərək Böyük məhkəmə kompozisiyasını, o cümlədən itirilmiş hissələri yüksək ustalıqla yenidən bərpa etdirmişdir. Buna görə də səhnənin yalnız yuxarı hissəsi XIII əsrə aiddir; aşağıdakı iki hissə isə XIX əsr rekonstruksiyasıdır. Bununla belə, timpanı əhatə edən tağ sıraları və onların heykəltəraşlıq bəzəkləri də orijinal orta əsr dövrünə aiddir. Trümo da bərpaçılar qrupu tərəfindən yenidən yaradılmışdır. Burada yerləşən məşhur "Gözəl Rəbb" (fr.Beau Dieu) heykəli Adolf-Viktor Joffrua-Deşom tərəfindən Ejen Violle-le-Dyukun dəfələrlə işləyib təkmilləşdirdiyi eskiz əsasında hazırlanmışdır. Heykəl liberal sənətlərin təsvir olunduğu postament üzərində yerləşdirilmişdir. Portalın iki söykənəcəyində yerləşən həvarilərin on iki böyük heykəlinə gəlincə, onlar da 1793-cü ildə inqilabçılar tərəfindən, kafedralın digər böyük heykəllərinin əksəriyyəti kimi dağıdılmışdı. Bu gün görünən fiqurlar XIX əsrdə hazırlanmış rekonstruksiyalardır və yüksək sənətkarlıqla icra edilmişdir. Sol tərəfdə ardıcıl olaraq, Müqəddəs Varfolomey, Müqəddəs Simon, Kiçik Yakov, Müqəddəs Andrey, Müqəddəs İohann və Müqəddəs Pyotr, sağ tərəfdə isə, Müqəddəs Pavel, Böyük Yakov, Müqəddəs Foma, Müqəddəs Filip, Müqəddəs Faddey və Müqəddəs Matfey təsvir olunmuşdur.
Sol söykənəcəkdə, cənnət tərəfdə müdrik bakirələr, qarşı tərəfdə isə ağılsız bakirələr təsvir edilmişdir. Bu bakirə fiqurlarının heykəlləri də XIX əsrdə yenidən hazırlanmışdır.[90] Söykənəcəklərdəki iri heykəllərin altında biri solda, digəri sağda yerləşən iki medalyon formalı barelyef görünür. Bu kompozisiyalarda Fəzilətlər onların əks qütbü olan Qüsurlarla qarşılaşdırılmışdır. Səhnələr gündəlik həyatdan götürülmüş nümunələr vasitəsilə təqdim edildiyindən, orta əsr xristianları tərəfindən asanlıqla başa düşülürdü. Məsələn: Həlimlik quzu simvolu ilə ifadə olunur; Qüvvət zirehli qadın fiquru ilə təsvir edilir; Dəyişkənlik və ya Nizamsızlıq isə rahib libasını çıxarıb gicitkənlərin arasına atan bir rahib obrazı ilə göstərilir.Qeyd 10 Bu mövzu sonradan qərb rozet pəncərəsinin ikonoqrafiyasında da təkrarlanmışdır. Bu barelyeflərdəki səhnələrin əksəriyyəti təxminən səkkiz əsr əvvəl yaradılmış orijinal əsərlərdir.
Bu Böyük məhkəmə portalı kafedralın ən məşhur hissəsidir. Bunu onun saysız-hesabsız fotoşəkillərinin çəkilməsi də təsdiqləyir. Həqiqətən də, dünyanın hər yerindən gələn insanların — istər xristian, istərsə də qeyri-xristian ziyarətçilərin — diqqətini cəlb edən bütün amillər burada bir araya gəlmişdir. Kompozisiyanın mövzu baxımından aydın və anlaşıqlı olması, quruluşundakı tarazlıq, eləcə də XIX əsrdə aparılmış bərpanın uğuru portalın cazibəsini daha da artırır. Bərpa işləri o qədər yüksək səviyyədə həyata keçirilmişdir ki, xüsusi hazırlığı olmayan ziyarətçi üçün XIII əsrə aid orijinal hissələrlə Ejen Violle-le-Dyuk dövründə yenidən yaradılmış hissələri bir-birindən ayırmaq demək olar ki, mümkün deyil. Sonradan əlavə edilmiş elementlər ümumi kompozisiya ilə tam vəhdət təşkil edir və bütöv ansamblın təbii hissəsi kimi görünür.
Məryəm portalının ümumi görünüşü.Məryəm portalının detalı: sol portal söykənəcəyindəki iri heykəllərin ayaqları altında yerləşən heyvan təsvirli heykəltəraşlıq bəzəkləri.
Bu portal Məryəmə həsr olunmuşdur. O, Böyük məhkəmə portalından bir qədər qədimdir və 1210-cu illərə aid edilir. 1793-cü ildə portal ciddi zədələnmişdir (doqquz iri heykəl məhv edilmişdi). XIX əsrdə, heykəllərin bərpası üçün əsas kimi istifadə edilmiş zəngin sənədləşmə materialları sayəsində portal diqqətəlayiq şəkildə bərpa olunmuşdur.
Fasad divarında, timpanın tağları ətrafında iti formalı bir yiv nəzərə çarpır. İnşaatçılar kafedralın həsr olunduğu Məryəmin şərəfinə bu portalın digərlərindən fərqlənməsini istəmişdilər. Portal iki linteldən ibarətdir. Aşağı linteldə İsrail hökmdarları və peyğəmbərlər Əhd sandığını əhatə edirlər. Sandıq, portalın trümosunda yerləşən, ayaqları altında Şeytanın rəmzi olan ilanı əzən Məryəm və Körpə İsa heykəlinin üzərində, onu örtən baldaxinin dərhal yuxarısında yerləşir (heykəl XIX əsrdə yenidən hazırlanmışdır).
Yuxarı linteldə Məryəmin vəfat etməsi təsvir olunmuşdur. İki mələk onu qəbirdən çıxarır — yaxud qəbirə qoyur? — bu səhnə İsa Məsihin iştirakı ilə baş verir. O, anasına xeyir-dua verir və sol əli ilə Tanrının Kəlamının bədən aldığı bətnini göstərir. Mərhumun ətrafında həvarilər, o cümlədən Pavel toplaşmışdır. Hər iki kənarda isə müvafiq olaraq əncir ağacının altında Müqəddəs Pavel və zeytun ağacının altında Müqəddəs Yəhya təsvir edilmişdir.
Timpanın yuxarı hissəsində Məryəmin Tacqoyma mərasimi təsvir olunur. Məryəm İsa Məsihin sağ tərəfində əyləşmişdir və onun üzərində yerləşən bir mələk başına qızıl tac qoyur. Timpanı əhatə edən vussürlərdə peyğəmbərlər, hökmdarlar, mələklər və patriarxlar təsvir edilmişdir.
Məryəm portalının sol portal söykənəcəyində yerləşən və XIX əsrdə yenidən hazırlanmış dörd iri heykəl naməlum bir hökmdarı və başı kəsilmiş halda öz başını əlində tutan, iki mələk tərəfindən müşayiət olunan Müqəddəs Dionisini təsvir edir.
Portal söykənəcəklərindəki iri heykəllər, xüsusilə, Paris müqəddəslərini təsvir edir. Solda bir imperator (şəxsiyyəti müəyyən edilməmişdir) və başı kəsilmiş halda öz başını əlində tutan, iki mələklə əhatə olunmuş Müqəddəs Dionisi yerləşir. Sağda isə Müqəddəs Vəftizçi İohann, Müqəddəs Stefan, Müqəddəs Jenevyeva və Papa I Silvestr təsvir edilmişdir. Bu heykəllərin altında yerləşən nişlərdəki zədələnmiş barelyeflər onların həyatından səhnələri əks etdirir.
Bu portalın maraqlı xüsusiyyətlərindən biri də trümonun yan səthlərinin, eləcə də qapı qanadlarının yaxınlığında yerləşən portal söykənəcəklərinin mərkəzi hissələrinin bir sıra barelyeflərlə bəzədilməsidir. Bu barelyeflərdə zodiak, kasıbların və varlıların aylıq işləri, ilin fəsilləri və insan həyatının dövrləri təsvir olunmuş, bütün bunlar yüksək bədii ustalıqla işlənmişdir.
Ədən bağında Adəmin İblis - daha doğrusu ilan quyruğuna malik böyük şirnikləndirici şeytanə Lilit tərəfindən sınağa çəkilməsi.
Trümonun aşağı hissəsi, Məryəmin ayaqları altında, Adəm və HəvvanınƏdən bağında yaşamasını, Adəmin sınağa çəkilməsini və bunun ardınca baş verən ilkin günahı təsvir edən üç hissəli möhtəşəm bir barelyeflə bəzədilmişdir.
Birinci səhnədə Tanrının ağacın altında yuxuya getmiş Adəmdən bir qabırğa götürməsi və Müqəddəs Kitabın mətnində deyildiyi kimi, ona "özünə bənzər" bir yoldaş yaratmaq üçün həmin qabırğadan Həvvanı yaratması təsvir edilmişdir. Barelyefin ikinci hissəsində ilkin günah təsvir olunur. Adəm və Həvva qadağan olunmuş meyvələrin bitdiyi Xeyirlə Şəri bilmə ağacının altında dayanmışlar. Şeytan uzun ilan quyruğuna malik cazibədar qadın surətində təsvir edilmişdir. Bu fiqur, ehtimal ki, kanonik Müqəddəs Kitabda yer almayan, lakin BabilTalmudununravvin mətnlərində xatırlanan Bibliya personajı Lilitdir.
Yəhudi ənənəsinə görə, Lilit, Adəmin ilk həyat yoldaşı olmuşdur. O, cinsi əlaqə zamanı Adəmə tabe olaraq aşağı mövqeyi qəbul etməkdən imtina etdiyi üçün yer cənnətini tərk etmişdir. Sonradan Tanrının Adəmə tabe olması barədə əmrini də qəbul etməmişdir. Yer üzündən qovulduqdan sonra bu pozğun cazibədar qadın şeytanəyə çevrilmiş və Lusiferin sevimlisi olmuşdur. Daha sonra qısqanclıq hissi ilə Adəm və Həvvanı sınağa çəkmək və onları bədbəxtliyə sürükləmək üçün geri qayıtmışdır. Bununla belə, bu şərh mübahisəlidir, çünki Lilit haqqında müasir xristian mənbələrində çox nadir hallarda bəhs edilir.
Nəhayət, barelyefin sonuncu səhnəsində ilk insanların Ədən bağından qovulması təsvir olunmuşdur. Bu, Klod Levi-Strossun şərhinə görə, insanın Təbiətdən Mədəniyyətə keçidini izah edən mifdir; burada insan heyvani vəziyyətini geridə qoyur. Tanrı ilana xəbərdarlıq etmişdi ki, bundan sonra qadın onun ən böyük düşməni olacaq və başını əzəcək. Məhz bu səhnənin Məryəmin ayaqları altında yerləşdirilməsi yüksək simvolik məna daşıyır. Çünki qadının ləyaqətini tamamilə bərpa edən və Yeni Həvva adlandırılan Məryəm burada ilkin günahın nəticələrinin aradan qaldırılmasının rəmzi kimi təqdim olunur.
Müqəddəs Anna portalı Məryəmin anası Müqəddəs Annanın həyatına həsr olunmuşdur. Əslində bu portal indiki kafedraldan əvvəl mövcud olmuş kilsədən götürülmüşdür. Onun böyük hissəsi 1140–1150-ci illərdə daha kiçik bir portal üçün hazırlanmış heykəltəraşlıq elementlərindən ibarətdir.[91][92][93]
Buna görə də Müqəddəs Anna portalının bəzəklərində XII əsrə və XIII əsrə aid hissələri bir-birindən ayırmaq mümkündür. XII əsrə aid olanlar bunlardır: timpan, lintelin yuxarı hissəsi, arxivoltanın vussürlərindəki heykəltəraşlıq bəzəklərinin üçdə ikisi, portal söykənəcəklərindəki səkkiz iri heykəl və trümo. XIII əsrə aid hissələr isə lintelin aşağı hissəsi və arxivoltanın vussürlərindəki digər heykəllərdir. Bunlar əvvəlki elementlərlə uyğunluq yaratmaq üçün hazırlanmışdır.
Portalın trümosunda Paris yepiskopu Müqəddəs Marselinəfsanəviəjdahanı ayaqları altında tapdaladığı iri heykəl yerləşir.[94] Bu heykəl əslində XIX əsrdə hazırlanmış surətdir. Orijinal əsər şimal qülləsində yaradılmış yuxarı zalda saxlanılır.
1793-cü ildə Müqəddəs Marselin trümodakı heykəli (üz hissəsi) zədələnmiş, portal söykənəcəklərindəki səkkiz heykəl isə yerindən sökülmüşdür. Taclar da həmin dövrdə zədələnmişdir. Xoşbəxtlikdən, sonralar, xüsusilə 1977-ci ildə, bu heykəllərin bir çox fraqmenti yenidən aşkar edilmişdir. Nəticədə, hazırda Klüni muzeyində Fransa inqilabından əvvəlki portalın görünüşünü müəyyən qədər bərpa etmək mümkün olmuşdur.
Bu gün portal söykənəcəklərində görünən səkkiz iri heykəl XIX əsrə aiddir. Onlar soldan sağa belə təsvir olunmuşdur: Eliyahu, Sarepta dul qadını, Süleyman, Müqəddəs Pyotr, Müqəddəs Pavel, David, Məsihin "peyğəmbərləri" hesab olunan Sivillər və Yeşaya.
Fransa inqilabı zamanı məhv edilmiş Müqəddəs Anna portalının sol portal söykənəcəyindəki dörd iri heykəlin yerini XIX əsrdə hazırlanmış bu heykəllər tutmuşdur. Soldan sağa: Eliyahu, Sarepta dul qadını, hökmdar Süleyman və Müqəddəs Pyotr.
İki lintelin müxtəlif dövrlərdə və üslubları bir-birindən xeyli fərqlənən heykəltəraşlar tərəfindən yonulduğu aydın şəkildə görünür. Aşağı lintel əvvəlki kilsə dövrünə aid portalın iki hissəsini birləşdirən keçid elementi rolunu oynayır. O, portal XIII əsrin əvvəllərində yenidən quraşdırılarkən əlavə edilmişdir. Burada ağır formalı, başları bədənlərinə nisbətən qeyri-mütənasib böyük olan və həddindən artıq iri draperiyalara bürünmüş fiqurlar təsvir olunmuşdur.
Yuxarı linteldə Müqəddəs Annanın və Məryəmin həyatından səhnələr yer alır. İki lintelin üzərində yerləşən timpan isə Əzəmət içində Məryəm təsvirini təqdim edir. Bu portal əsasən timpanında təsvir olunmuş iki fiqurla bağlı yaranmış mübahisəyə görə tanınır. Qucağında Körpə İsanı tutan Əzəmətli Məryəm və iki mələkdən ibarət qrupun hər iki tərəfində ayaqüstə duran bir yepiskop və diz çökmüş bir hökmdar təsvir edilmişdir. Ənənəvi fikrə görə, bu fiqurlar Notr-Dam kafedralının banisi yepiskop Moris de Süllini və tikintiyə iki yüz livr ianə vermiş frankların hökmdarıVII Lüdoviki təmsil edir. Lakin bəzi mütəxəssislər bu nəzəriyyəni şübhə altına alaraq dini fiqurun VI əsrdə Paris yepiskopu olmuş Müqəddəs Jermen, hökmdarın isə Xlodviqin oğlu I Xildebert olduğunu irəli sürürlər. Digər tədqiqatçılar isə bu fiqurların ümumiyyətlə dəqiq müəyyən edilə bilməyəcəyini hesab edirlər.
Nəhayət, qapının hər iki qanadı XII əsr dəmirçilik və bədii metalişləmə sənətinin şah əsərləri hesab olunan döymə dəmir menteşələrlə təchiz edilmişdir.
Kilsə və Sinaqoq, Paris Notr-Dam kafedralının əsas fasadı. Sinaqoq alleqoriyasının gözləri "şər ruhunu" simvolizə edən hədələyici ilanla bağlanmışdır.[95]
Kafedralın qərb fasadındakı üç portalın arasında dörd heykəl yerləşir (hər iki portal arasında bir heykəl). Böyük məhkəmə portalının hər iki tərəfində solda Kilsə (fr.Ecclesia), sağda isə Sinaqoq (fr.Synagoga) alleqoriyalarını görmək mümkündür; bu iki fiqur qərb fasadında bir-birinə qarşılıq təşkil edir.[96] Ejen Violle-le-Dyuk XIX əsrdə onların rəsmlərini şəxsən özü hazırlamışdır.
Rəssam bu düşüncəni açıq şəkildə ifadə etmək üçün supersessionizm doktrinasına uyğun olaraq məğlub edilmiş Sinaqoqu qalib Kilsənin yanında nümayiş etdirmişdir.[97][98]Qeyd 12
Katolik Kilsəsi hökmdar fiquru kimi təsvir edilmişdir: başı dik tutulmuş, hündür tac taxmışdır; bir əlində kasa, digər əlində isə xaçlı əsa tutur. Buna qarşılıq olaraq Sinaqoq başı açıq və aşağı əyilmiş vəziyyətdə təsvir edilmişdir; onun hökmdarlıq tacı ayaqları altına düşmüş, Qanun lövhələri əllərindən sürüşmək üzrədir, gözlərini isə ağzını geniş açmış, sancmağa hazır olan bir ilan sarğı kimi örtmüşdür.[99][98]
Ejen Violle-le-Dyuk onun "şər ruhu tərəfindən kor edilmiş" olduğunu yazırdı.[95] Xalq arasında yayılmış duyğuları əks etdirən bu sənət əsərində heykəltəraşların məqsədi Sinaqoq alleqoriyasını alçaldılmış vəziyyətdə göstərmək idi.[97] Gözlərini örtən ilan onu İblislə eyniləşdirir və yəhudilərin "mənəvi korluğunun" Şeytanın işi olduğu fikrini ifadə edir.[100]
Beləliklə, bu heykəl özündən xeyli əvvəl yaradılmış Reyms və Strasburq kafedralındakı Sinaqoq heykəllərinin bir növ karikaturası kimi görünür.
Məsihdən əvvəl yaşamış 28 Yəhudi hökmdarlarının heykəllərindən ibarət qalereya.
Yerdən iyirmi metr hündürlükdə yerləşən iyirmi səkkiz hökmdar fiqurundan ibarət sıra, İsa Məsihdən əvvəl yaşamış Yəhudi hökmdarlarının iyirmi səkkiz nəslini təmsil edir.Qeyd 13 Hər bir heykəlin hündürlüyü üç metr əlli santimetrdən çoxdur. Heykəllərin başları XIX əsrə aiddir və 1844-cü ildən etibarən Jan-Batist Antuan Lassü və Ejen Violle-le-Dyukun rəhbərliyi altında fəaliyyət göstərən bərpa emalatxanalarında hazırlanmışdır.[101] Əsl heykəllər isə 1793-cü ildə Fransa inqilabı zamanı sanskülotlar tərəfindən başları kəsilərək dağıdılmışdı. Onlar səhvən bu heykəllərin Fransa hökmdarlarını təsvir etdiyini düşünürdülər. Orta əsrlərə aid orijinal heykəllərdən bu gün yalnız bəzi fraqmentlər qalmışdır.
1977-ci ildə Parisin IX dairəsində, Şosse-d'Anten küçəsində yerləşən Moro malikanəsinin bərpası zamanı orijinal heykəllərin iyirmi bir başı yenidən aşkar edilmişdir. Məlum olmuşdur ki, Jan-Batist Lakanal (Cozef Lakanalın qardaşı) onları vaxtilə məhv olmaqdan xilas etmişdir.[102] Bu başlar hazırda Klüni Milli Orta Əsrlər Muzeyində nümayiş etdirilir[.[103] Yerə düşərək zədələnsələr də, onların üzərində polixrom boyanmanın izləri — yanaqlarda çəhrayı, dodaqlarda qırmızı, qaşlarda isə qara boya — bu günə qədər qorunub saxlanılmışdır.[104]
1998–1999-cu illərdə Krallar qalereyasının bərpası zamanı üç hökmdar heykəlinin postamentində aşağıdakı yazılar aşkar edilmişdir:
Axavın heykəli: "Paris Notr-Dam kafedralının baş müfəttişi Pyer Emil Keyron. Dostu Jan-Lui Şeniyon tərəfindən hazırlanmış portret. — 1860."
İlanın heykəli: "Bu heykəlin üzü 1858-ci ildə Paris Notr-Dam kafedralının memarı olmuş Ejen Violle-le-Dyukun portretidir; Jan-Lui Şeniyon tərəfindən yonulmuşdur."
Amasiyanın heykəli: "1857-ci ildə vəfat etmiş Paris Notr-Dam kafedralının memarı Antuan Lassü. Dostu Jan-Lui Şeniyon tərəfindən hazırlanmış portret. — 1859."
Krallar qalereyasının heykəlləri Lassü və Ejen Violle-le-Dyukun bərpa işlərinə başlamasından təxminən on il sonra, Adolf-Viktor Joffrua-Deşomun ətrafında formalaşmış heykəltəraşlar qrupu tərəfindən hazırlanmağa başlanmışdır.
Krallar qalereyasının üzərində deşikli məhəccərlə əhatə olunmuş kiçik bir terras yerləşir ki, bu da Məryəm qalereyasını təşkil edir.[105] Qalereyanın mərkəzində Məryəmin heykəli ucalır. Onun hər iki tərəfində şamdan tutan iki mələk yerləşdirilmişdir; bunlar bir tərəfdən Günahı, digər tərəfdən isə Xilası simvolizə edir.
Bu heykəl Ejen Violle-le-Dyukun sifarişi ilə orta əsrlərə aid, zamanın və hava şəraitinin təsirindən ciddi şəkildə zədələnmiş orijinal heykəli əvəz etmək üçün hazırlanmış və 1854-cü ildə Adolf-Viktor Joffrua-Deşom tərəfindən yonulmuşdur. Heykəlin arxasında yerləşən qərb rozeti onun üçün ideal bir halə təsiri yaradır.
Ejen Violle-le-Dyuk həmçinin rozet pəncərəsinin hər iki tərəfində yerləşən qoşa pəncərələrin trümolarının qarşısına Adəm və Həvva heykəllərini (Jan-Lui Şeniyon tərəfindən hazırlanmış) qoydurmuşdur. Əksər mütəxəssislərin fikrincə, bu, Ejen Violle-le-Dyukun ümumilikdə yüksək səviyyədə həyata keçirdiyi bərpa işlərində yol verdiyi əsas səhv hesab olunur. Bütün dəlillər göstərir ki, həmin yerdə əvvəllər heç vaxt heykəl olmamışdır. Adəm və Həvva heykəlləri əslində transeptin cənub qolunun daxili fasadındakı nişlərdə yerləşdirilməli idi.
Kafedralın Böyük orqanının arxasında yerləşən Qərb rozetinin içəridən görünüşü.
Qərb rozeti olduqca böyük görünsə də, əslində kafedralın üç rozet pəncərəsi arasında ən kiçiyidir. Onun diametri 9,60 metrdir.[106] XIX əsrdə həyata keçirilən genişmiqyaslı bərpa işləri zamanı Ejen Violle-le-Dyuk tərəfindən demək olar ki, tamamilə yenidən yaradılmışdır.
Rozet pəncərəsinin mərkəzində Məryəm təsvir edilmişdir. Onun ətrafında isə ayların işləri, zodiak bürcləri, Fəzilətlər və Qüsurlar, eləcə də peyğəmbərlər əks olunmuşdur.
Kafedralın aşırımı 15 metrədək çatan böyük arkbutanları vahid tağ şəklində inşa edilmişdir. Bu cür arkbutanların inşasına qotika memarlığında olduqca nadir hallarda rast gəlinir. Belə konstruksiyalar xüsusilə iri və massiv dayaq tələb edir. Onlara həm nefin, həm də xor hissəsinin ətrafında rast gəlinir.[12]
Nefin tikintisinə xor hissəsinin təqdis edilməsindən sonra, 1182-ci ildə başlanılmışdır. Bəzi tədqiqatçılar isə hesab edirlər ki, tikinti hətta təqdis mərasimindən əvvəl, 1175-ci ildə başlamışdır.[107] İşlər dördüncü traveyayadək davam etmiş, bundan sonra isə nef tamamlanmamış vəziyyətdə saxlanılaraq 1208-ci ildə qərb fasadının inşasına başlanılmışdır. Nefin tikintisi yalnız 1218-ci ildə qərb fasadını dayaqlandırmaq məqsədilə yenidən davam etdirilmişdir.
1220-ci illərin sonlarında Paris Notr-Dam kafedralının dördüncü memarı, bina hələ tikilməkdə olarkən, onun yuxarı hissəsinin ilkin layihəsini tamamilə dəyişdirməyə qərar verir. Tikintinin başlanğıcından etibarən həddindən artıq qaranlıq hesab edilən kafedralın daxili məkanı, xüsusilə həmin dövrdə inşa olunan daha yeni və işıqlı məbədlərlə müqayisədə artıq qəbuledilməz görünürdü. Əgər kafedralın memarlıq baxımından nüfuzunu qoruyub saxlaması və köhnəlmiş hesab edilməməsi istənilirdisə, bu dəyişikliklər zəruri idi. Buna görə də genişmiqyaslı yenidənqurma işləri həyata keçirilir. Memar əvvəlki tikilidə tribunaların dam örtüyünə açılan rozet pəncərələrin yerləşdiyi üçüncü mərtəbəni aradan qaldıraraq pəncərələri aşağı istiqamətdə uzadır. Nəticədə tribunaların dam örtüyü sökülür və onun əvəzinə iri daş lövhələrdən ibarət terras yaradılır.
Bundan sonra yeni bir problem yarandı: tribunaların maili dam örtüyü söküldüyündən yağış sularının terras üzərində toplanaraq durğunlaşması təhlükəsi meydana çıxmışdı. Buna görə memar, memarlıqda yeni bir həll tətbiq etməli oldu. Yağış suları dam örtüyünün altında yerləşdirilən novlar vasitəsilə toplanır, daha sonra şaquli axıdıcı borularla aşağı ötürülərək binanın kənarına çıxan uzun qarqoyllar vasitəsilə tikilidən uzağa atılırdı. Bu, binaların yuxarı hissəsində yağış sularının idarə olunması üçün tamamilə yeni bir sistem idi.
Bununla əlaqədar olaraq tikilinin yuxarı hissəsində (əsas nefin yüksək zonasında) bir sıra başqa dəyişikliklər də həyata keçirildi: dam örtüyü və dam karkası yenidən quruldu, suaxıdan divarlar qaldırıldı və şenolar yaradıldı. Ən mühüm dəyişiklik isə iki aşırımlı yuxarı arkbutan dayaqların tribunaların üzərindən keçən iri, tək aşırımlı arkbutan dayaqlarla əvəz edilməsi oldu.
Kafedralın cənub tərəfi: nefin böyük arkbutanlarının, eləcə də əsas damın yağış sularının kənarlaşdırılması sisteminin görünüşü.
Bu iri arkbutanlar olduqca diqqətəlayiqdir və dövrün memarının dahiliyini nümayiş etdirir. Onlar tək, uzun aşırımlıdır, yan nefələrin üzərindən keçir və yuxarı hissələri kafedralın suaxıdan divarlarının üst hissəsini dəstəkləyir. Bu dayaqların yuxarı hissəsi nefin dam örtüyündəki şenolardan gələn suyu axıtmaq üçün nəzərdə tutulmuş şaquli axıdıcı boruların yerləşdiyi nöqtələrə söykənir. Arkbutanların üst səthində yağış sularını aparan nov oyulmuşdur; bu nov dayağın baş hissəsini keçərək uzun qarqoyl ilə tamamlanır. Bu arkbutanlar əsasən tikilini dayaqlandırmaq üçün deyil, tribunaların dam örtüyü terasa çevrildikdən sonra xüsusilə mühüm əhəmiyyət kəsb edən yağış sularının axıdılması problemini həll etmək üçün nəzərdə tutulmuşdu. Məhz buna görə onların dayaqvermə qabiliyyəti nisbətən zəifdir. Bununla belə, bu konstruksiya memarlıq baxımından əsl mühəndislik nailiyyəti hesab olunur. Bu, təkcə onların qeyri-adi uzunluğunda deyil, həm də incə quruluşunda özünü göstərir. Əsas nefin tağlarını dəstəkləməkdə onların rolu məhdud olduğundan memar daha cəsarətli konstruktiv həll tətbiq edə bilmişdir.
Qeyd etmək lazımdır ki, bu arkbutanların böyük aşırımı orta əsr qotika memarlığında tamamilə müstəsna haldır. Həmin dövrün ikiqat yan nefəli və ya ikiqat deambulatoriyalı tikililərində belə iri arkbutanların xarici dayaqları kilsədən kənarda xeyli sahə tuturdu. Halbuki orta əsr şəhərlərində torpaq çox qiymətli idi; şəhərlərin sahəsi onları əhatə edən qala divarları səbəbindən genişləndirilə bilmirdi. Paris Notr-Dam kafedralının arkbutanları həm nefin ikiqat yan nefələrini, həm də xor hissəsinin ikiqat deambulatoriyasını bir aşırımla keçərək bu baxımdan yeganə nümunə təşkil edir. Adətən belə hallarda arkbutanlar iki aşırımlı olur, yəni onların arasında əlavə dayaq nöqtəsi yerləşdirilir. Bu aralıq dayaq qüvvəni bölərək onun təsirini azaldır və nəticədə xarici kontrforsların və ya dayaq kütlələrinin qalınlığını azaltmağa imkan verir. Məhz bu prinsip üzrə Şartr Notr-Dam kafedralının, Burj Müqəddəs Stefan kafedralının və Amyen Notr-Dam kafedralının xor hissəsinin arkbutanları inşa edilmişdir. Bu üç tikili də ikiqat yan nefələrə və ya ikiqat deambulatoriyaya malikdir.[108]
1258-ci ildə Jan de Şell tərəfindən inşasına başlanılmış Müqəddəs Stefan portalı, Müqəddəs Marsel qapısı və ya Şəhidlər qapısı adı ilə də tanınır.[109] Onun tikintisi daha sonra Pyer de Montröy tərəfindən tamamlanmışdır. Portaltranseptin cənub qolunda yerləşir.
Müqəddəs Stefan portalının timpanıHəvarilərin işləri kitabına əsasən ilk xristian şəhidi olan Müqəddəs Stefanın həyatını əks etdirən barelyeflərlə bəzədilmişdir. Üç üfüqi registdən ibarət kompozisiya aşağıdan yuxarıya və soldan sağa doğru oxunur. Aşağı registdə Müqəddəs Stefanın xristianlığı təbliğ etməsi və hakim qarşısına çıxarılması, orta registdə onun daşqalaq edilərək öldürülməsi və dəfn olunması, yuxarı registdə isə iki mələyin əhatəsində xeyir-dua verən Məsih təsvir edilmişdir. Trümonu XIX əsrdə Adolf-Viktor Joffrua-Deşom tərəfindən hazırlanmış Müqəddəs Stefanın iri heykəli bəzəyir.
Portalın intradosunun üçqat arxivoltu üzərində iyirmi bir şəhidin heykəli yonulmuşdur; mələklər onlara taclar təqdim edirlər. Burada başını əlində tutan Müqəddəs Dionisi, Müqəddəs Vikenti, Müqəddəs Yevstafi, Müqəddəs Mavriki, əlində manqalı ilə Müqəddəs Lavrenti, Müqəddəs Klement, Müqəddəs Georgi və kimliyi müəyyən edilə bilməyən digər şəhidlər təsvir olunmuşdur. Portalın hər iki tərəfində Fransa inqilabı zamanı vandallar tərəfindən məhv edilmiş orijinal heykəlləri əvəz etmək üçün hazırlanmış üç həvari heykəli yerləşdirilmişdir.
Portalın yuxarısında deşikli fronton yerləşir, onun da üzərində IX Lüdovik tərəfindən hədiyyə edilmiş kafedralın cənub rozeti ucalır. Şimal rozeti kimi, cənub rozetinin də diametri 13 metrdir. Onun altındakı işıqlı pəncərə sırası da nəzərə alındıqda, vitraj kompozisiyasının ümumi hündürlüyü təxminən 19 metrə çatır.
Bu rozet pəncərəsi XIX əsrdə Ejen Violle-le-Dyuk tərəfindən yenidən düzəldilmişdir ki, bu da onun fırlanma təəssüratını müəyyən qədər zəiflədir. Bu dəyişikliyin əsas səbəbi rozet pəncərəsinin əsrlər boyu, xüsusilə də 1830-cu il üsyanı zamanı üsyançılar tərəfindən baş yepiskop iqamətgahının yandırılması nəticəsində ciddi zədələnməsi olmuşdur. Bundan əlavə, memar-bərpaçı divar hörgüsünün əhəmiyyətli dərəcədə çökmüş olduğunu müəyyən etmiş və buna görə də fasadı tamamilə yenidən bərpa etməli olmuşdur. O, rozet pəncərəsini 15 dərəcə döndərərək ona möhkəm şaquli ox vermiş, bununla da konstruksiyanı qəti şəkildə möhkəmləndirmiş və gələcəkdə yenidən çökməsinin qarşısını almışdır. Bu münasibətlə baş vitraj ustası Alfred Jerant XIII əsrə aid vitrajları bərpa etmiş, çatışmayan medalyonları isə orta əsr üslubuna uyğun şəkildə yenidən yaratmışdır.
Fasadın ən yuxarı hissəsində rozet pəncərəsinin üzərində fronton yüksəlir. Bu, həmin dövrdə (1257) inşa edilmiş ən gözəl fronton nümunələrindən biri hesab olunur. Onun özündə də transeptin çardağını işıqlandıran deşikli rozet formalı pəncərə yerləşir. Rozet pəncərəsinin arxivoltunun üzərində antablament, onun da üstündə məhəccər yerləşir və məhəccərin arxasında qalereya uzanır. Bu qalereya kafedralın şərq hissəsinin yuxarı qalereyalarından damlar boyunca uzanan qərb qalereyalarına keçidi təmin edir. Buna görə də fronton rozet pəncərəsindən bir qədər arxada yerləşir və qalınlığı 70 santimetrdir. O, çardağı işıqlandıran rozet pəncərəsi və künc üçbucaqları sayəsində daha yüngül görünür. Frontonun hər iki tərəfində rozet pəncərəsini dayaqlandıran kontrforsların yuxarı hissələrini təşkil edən iki iri piramidion ucalır.
Frontonun zirvəsi və aşağı küncləri üç heykəllə bəzədilmişdir. Yuxarıdakı heykəl, əfsanəyə görə kasıba verdiyi plaşın yarısına bürünmüş halda yuxusunda Müqəddəs Martinə görünən Məsihi təsvir edir. Frontonun aşağı hissəsinin sol və sağ tərəfində yerləşən digər iki heykəl isə müvafiq olaraq Müqəddəs Martin və Müqəddəs Stefanı əks etdirir. Bütün kompozisiya olduqca ahəngdar təsir bağışlayır. Çardaqdakı rozet pəncərəsinin ölçüləri transeptin böyük rozet pəncərəsi ilə mükəmməl mütənasibdir. Ejen Violle-le-Dyukun fikrincə, bu memarlıq kompozisiyasının gözəlliyi qotika memarlığında başqa heç bir tikilidə üstələnməmişdir.[110]
Kluatra portalı transeptin şimal qolunda yerləşir və təxminən 1250-ci ildə memar Jan de Şell tərəfindən inşa edilmişdir.[111] Şimal fasadının tikintisi həqiqətən də cənub fasadının tikintisindən bir qədər əvvəl başlamışdır.
Demək olar ki, heç vaxt birbaşa günəş işığı almayan və hərəkətli küçə boyunca yerləşən şimal fasadı? cənub fasadı ilə müqayisədə ziyarətçilər arasında daha az məşhurdur. Nisbətən daha sadə bəzədilmiş fasad bir-birindən cüzi geri çəkilmiş üç mərtəbədən ibarətdir. Aşağı mərtəbədə iri frontonla tamamlanan portal yerləşir. Orta mərtəbə XIII əsrə aid böyük rozet pəncərəsinin altındakı işıqlı pəncərə sırası ilə birlikdə nəhəng vitraj kompozisiyasından ibarətdir. Yuxarı mərtəbədə isə transeptin şimal qolunun çardaq hissəsinin ucunu örtən üçbucaqlı fronton yerləşir.
Portalın trümosunda Körpə İsasızMəryəm heykəli yerləşir. Bu heykəl 1793-cü ildəki dağıntılardan xilas ola bilmişdir, lakin qucağında tutduğu körpə İsa Məsih heykəli sındırılmışdır. Rəvayətə görə, heykəltəraş bu əsəri yaradarkən Provanslı Marqaritanı, yəni IX Lüdovikin həyat yoldaşını model götürmüşdür. Portalın yivlərində yerləşən altı iri heykəl Fransa inqilabı zamanı məhv edilmiş və XIX əsrdə Ejen Violle-le-Dyukun rəhbərliyi ilə aparılan böyük bərpa işləri zamanı yenidən yaradılmamışdır.
Timpanın aşağı hissəsini təşkil edən linteldəİsa Məsihin uşaqlıq dövrünə aid səhnələr təsvir edilmişdir. Bu heykəllər həmin mövzuda yaradılmış ən gözəl heykəltəraşlıq nümunələri sırasındadır və Məryəmin İsanın uşaqlıq illərindəki rolunu vurğulayır. Burada dörd səhnə əks olunmuşdur: İsanın sadə axurda doğulması, doğulduqdan sonra Yerusəlim məbədinə təqdim edilməsi, İudeya hökmdarı Herodun körpələrin qırğınını əmr etməsi və Yusif ilə Məryəmin Körpəni qorumaq üçün Misirə qaçması.
Timpanın yuxarı hissəsində isə "Məryəmin möcüzələri" silsiləsinə (fr.Miracles de Nostre Dame) daxil olan və son orta əsrlərdə böyük şöhrət qazanmış Teofil möcüzəsi təsvir edilmişdir. Bu, orta əsrlərin "Faust tipli" hekayələrindən biridir.Qeyd 14Kiçik AsiyadakıAdana yepiskopunun din xadimi olan Adanalı Teofil öz yepiskopuna həsəd aparırdı. Onu əvəz etmək məqsədilə ruhunu İblisə satır. Bağlanmış müqavilə İblis tərəfindən aparılan perqamentdə qeydə alınır. İblisin köməyi ilə Teofil öz yepiskopunu alçaltmağa nail olur. Lakin sonradan peşman olur və düşdüyü vəziyyətdən çıxış yolu tapa bilməyərək Məryəmə yalvarır. Məryəm İblisi hədələyir və onu perqamenti geri qaytarmağa məcbur edir. Bu rəvayətin Faust əfsanəsinin ilham mənbələrindən biri olduğu hesab edilir.
Transeptin şimal qolunun fasadı cənub qolunun fasadı ilə eyni memarlıq elementlərinə malikdir: portalın üzərində zərif fronton yüksəlir, portal mərtəbəsi ilə rozet pəncərəsi arasında isə vitraj qalereyası, yaxud işıqlı pəncərə sırası yerləşir. Qotik dini memarlığının möhtəşəm şah əsərlərindən biri hesab olunan bu rozet pəncərəsinin diametri cənubdakı böyük rozet pəncərəsi kimi 13 metrdən artıqdır. Bütün kompozisiya cənubdakına bənzər, lakin onun eyni olmayan zəngin bəzədilmiş frontonla tamamlanır. Frontonda şimal transeptinin çardaq hissəsini işıqlandıran bir rozet pəncərəsi və üç okulus açılmışdır. Frontonun aşağı hissəsinin hər iki tərəfində, fasadı çərçivəyə alan iki güclü kontrforsun üzərində zərif zəng qülləsini xatırladan, az heykəltəraşlıq bəzəklərinə malik iri pinakllar ucalır.[22]
2012-ci ildə bərpa edilmiş Qırmızı qapı. Onun üzərində üçyarpaq formalı naxışla açıq işlənmiş, zirvəsi çiçəkvari bəzəklə taclanmış və hər iki tərəfdən iki kiçik qülləciklə əhatələnmiş vimperq yerləşir.
Paris Notr-Dam kafedralının şimal fasadı günəş işığından böyük ölçüdə məhrumdur və Sena çayına yaxın olmadığından cənub fasadı kimi məşhur deyildir. Bununla belə, Notr-Dam kluatrası küçəsinin cənub kənarında yerləşən bu fasad diqqətlə seyr edilməyə layiqdir. Burada Notr-Damın daha az tanınan siması açılır. Uzun, qorxunc görkəmli qarqoyllarla təchiz edilmiş və iri dayaq kütlələrinə söykənən nəhəng arkbutanlar kafedralın eyni zamanda ağır və təsirli daş tikili olduğunu aydın şəkildə nümayiş etdirir. Bu xüsusiyyət xüsusilə şimal qülləsinin şimal fasadında (bünövrədə eni 16 metr) daha qabarıq nəzərə çarpır. Hündürlüyü 30 metrdən artıq olan qüllənin aşağı hissəsi, üç iri kontrforsu, demək olar ki, heç bir bəzək elementinin olmaması, dəqiqliklə yonulmuş iri daş blokları və daim kölgədə qalması sayəsində tikiliyə müəyyən qədər əzici və sərt görünüş verir.
Təxminən 1270-ci ildə baş memar Pyer de Montröy trümosu olmayan kiçik bir portal inşa etmişdir. Qapı taylarının qırmızı rənginə görə bu giriş "Qırmızı portal" adlandırılmışdır. IX Lüdovikin sifarişi ilə tikilmiş bu portal kafedral kapitulasının kanonikləri üçün nəzərdə tutulmuşdu və onların Paris Notr-Dam kafedralı ilə kanoniklər məhəlləsi arasında gediş-gəlişini asanlaşdırırdı. Bu məhəllə Site adasının şimal-şərq hissəsində, Sena çayı ilə kafedral arasında yerləşir və yalnız kanoniklərin yaşayış evləri üçün ayrılmışdı. Məhz onlar ibadətlərə birbaşa getmək üçün bu portaldan istifadə edirdilər.[112]
Portalın timpanında Məryəmin tacqoyma mərasimi təsvir edilmişdir. Burada bir mələk və diz çökmüş kral cütlüyü əks olunmuşdur. Bu portalın sifarişçiləri hesab edilən IX Lüdovik və onun həyat yoldaşı Provanslı Marqarita (və ya ehtimal ki, anası Kastiliyalı Blanka) diz çökərək, oğlu İsa Məsih qarşısında təvazökarlıqla baş əymiş Məryəmin tacqoyma mərasimini seyr edirlər. İsa sağ əli ilə Məryəmə xeyir-dua verir, sol əlində isə kitab tutur.Qeyd 15
Timpanı əhatə edən yeganə arxivolt, yarpaq və itburnu çiçəklərindən ibarət iki çələng kompozisiyası ilə çərçivələnmişdir.[113] Onun üzərində Paris yepiskopu Müqəddəs Marselin həyatından altı səhnə təsvir olunmuşdur: bir yəhudinin cin vurmasından xilas edilməsi, həmin yəhudinin suya salınmaqla vəftiz edilməsi, tezliklə tövbə edəcək bir cinayətkarın iştirak etdiyi missa,Qeyd 16 öz kilsəsinin ruhanilərinə təlim verməsi, yepiskop əsası ilə əjdahanın ağzına zərbə vuraraq onu məğlub etməsiQeyd 17 və yepiskop Prudensin nitq qabiliyyətini yenidən qazanması.[114]
Qırmızı portal kafedralın daxilində xor hissəsinin yaxınlığında, xorun şimal tərəfində yerləşən yan kapellalardan birinə açılır.
Qırmızı portalın sol tərəfində, xorun yan kapellalarının xarici divarı boyunca XIV əsrə aid yeddi barelyef yerləşir. Bu barelyeflər həmin kapellaların tikildiyi dövrdə hazırlanmışdır. Onlardan beşi Məryəmin həyatı ilə bağlı səhnələri əks etdirir: Məryəmin vəfatı, dəfn edilməsi, dirilməsi, göyə yüksəlişi və tacqoyma mərasimi. Digər iki barelyefdə isə Məryəmin Məsih qarşısında şəfaətçi kimi çıxış etdiyi Böyük məhkəmə səhnəsi və Teofil möcüzəsi təsvir olunmuşdur.
Kafedralın apsida hissəsi onun ən şərq tərəfində yerləşən yarımdairəvi hissədən ibarətdir. Bu hissə tikilinin daxili məkanındakı apsidaya, onu əhatə edən deambulatoriyanın dairəvi hissəsinə və apsidal kapellalara uyğun gəlir. Apsida kafedralın ən qədim hissəsidir. O, tikintinin ilk mərhələsində, 1163–1180-ci illər arasında inşa edilmişdir. Onun yuxarıdakı əyri divarını zərif pinakllarla bəzədilmiş möhtəşəm iri arkbutanlar sırası dəstəkləyir.
2014-cü ildə kafedralın şərq hissəsinin və onun üç səviyyədə yerləşən pəncərələrinin görünüşü. Radial kapellaların pəncərələri, eləcə də tribunaların pəncərələri vimperqlə tamamlanır. Böyük arkbutanların dayaqlarının aşağı hissələri də eyni şəkildə vimperqlərlə bəzədilmişdir. Yuxarı balüstradanın altından billetlərdən ibarət friz uzanır.
Apsida hissəsi və xorun başlanğıcdan etibarən arkbutanlarla dəstəklənmiş olması dəqiq məlum deyil. Fakt budur ki, hazırda buna dair heç bir iz qalmamışdır. XIX əsrdə Ejen Violle-le-Dyuk da bu barədə heç nə qeyd etməmiş, daha qədim mənbələr isə bu məsələyə aydınlıq gətirməmişdir. Buna görə də ən geniş qəbul olunan fikir ondan ibarətdir ki, başlanğıcda burada arkbutanlar mövcud olmamışdır; necə ki, transeptin indiki qolları da heç vaxt arkbutanlarla dəstəklənməmişdir. Mövcud kontrforslar tikilinin dayanıqlığını təmin etmək üçün kifayət edirdi.
İlk arkbutanların təxminən 1230-cu ildən bir qədər əvvəl, kafedralın dördüncü memarı tərəfindən inşa edildiyi və xronoloji baxımdan nefin arkbutanlarından az əvvəl tikildiyi güman edilir. Nefdə olduğu kimi, onların da tikilinin konstruktiv dayanıqlığının təmin edilməsində rolu nisbətən az olmuş, əsas vəzifələri isə yağış sularının axıdılması sistemini təmin etməkdən ibarət olmuşdur.
XIII əsrin əvvəllərinə aid bu arkbutanlar XIV əsrin əvvəlində yeniləri ilə əvəz edilmişdir. Uzunluğu 15 metr olan bu yeni arkbutanlar Jan Ravi tərəfindən xoru və onun apsida hissəsini dəstəkləmək üçün inşa edilmişdir. Onların ümumi sayı on dörd idi, bunlardan altısı bilavasitə apsida hissəsini dəstəkləyirdi. XIII əsrin əvvəlində tikilmiş sələfləri kimi, onlar da son dərəcə incə və cəsarətli konstruksiyaya malikdir. Həqiqətən də, zahirən zəif təsir bağışlayan incəliklərinə əlavə olaraq, nefin arkbutanlarından fərqli olaraq, bu arkbutanlarda onların nisbətən kövrək görünüşünü daha da artıran üçyarpaqlı açılış işlənmişdir.
Apsida hissəsi heykəllər və digər bəzək panelləri ilə zəngin şəkildə işlənmişdir. Bu panellərdə, digər mövzularla yanaşı, Məryəmin həyatından müxtəlif səhnələr təsvir olunmuşdur.
XIX əsrdə Pyer Fransua Mari Bulanje tərəfindən hazırlanmış Böyük məhkəmə portalındakı qapıların dəmir naxışlı menteşələri
Paris Notr-Dam kafedralının qapıları döymə dəmirdən hazırlanmış menteşələrlə bəzədilmişdir. Müqəddəs Anna portalının qapı tayları[115] demək olar ki, tamamilə bu menteşələrlə örtülmüşdür. Onlar iri arabesk naxışlar, çiçək və yarpaq ornamentləri, hətta heyvan fiqurları əmələ gətirərək XII–XIII əsrlərin bədii dəmirçilik sənətinin parlaq nümunəsini təşkil edirlər. Bu naxışlar qapı taylarının üzərinə çəkilmiş örtüyün fonunda aydın seçilir.
Bir əfsanəyə görə, Biskorne adlı parisli bir sənətkara kafedralın qapı taylarını bədii dəmir işləmələri və qıfıllarla bəzəmək tapşırılmışdı. İşin son dərəcə çətin olduğunu görən usta kömək üçün İblisə müraciət etmiş, Şər ruhu isə ona elə kömək etmişdi ki, sonradan qıfılların açılması üçün müqəddəs sudan istifadə etmək lazım gəlmişdi. Biskorne öz əsərini tamamladıqdan az sonra vəfat etmiş və sirrini özü ilə qəbirə aparmışdı. Metal işləmələrinin texnikası o qədər qeyri-adi hesab olunurdu ki, rəvayətə görə, bu gün də mütəxəssislər onun məşhur dəmir işləmələrinin necə hazırlandığını izah edə bilmirlər. Bu işləmələr bu gün də kafedralın əsas fasadının qapılarında görünür. Bununla belə, onlar XIX əsrdə hazırlanmış surətlərdir; orijinalları Fransa inqilabı zamanı məhv edilmişdir. Parisdə, Bastiliya yaxınlığında dəmirçi və qıfıl ustasının xatirəsinə Biskorne küçəsi də mövcuddur.[116] Başqa bir əfsanəyə görə isə portal qapılarının menteşələri elə İblisin özü tərəfindən Cəhənnəmin dəmirçi emalatxanalarında döyülərək hazırlanmışdır.[117][118]
Transeptin şimal və cənub qapılarının orta əsrlərə aid menteşələri XVIII əsrdə həmin dövrdə qotik üslub haqqında mövcud təsəvvürlərə uyğun hazırlanmış yeni menteşələrlə əvəz edilmişdir. Böyük məhkəmə portalına gəldikdə isə, XVIII əsrin sonlarında Jak-Jermen Sufflonun müdaxiləsindən sonra portalın qapıları həmin dövrdə verilmiş yeni ölçülərə uyğunlaşdırılmış iki taxta qapı tayı ilə əvəz edilmiş, onların üzərində Məsihin və Məryəmin natural ölçüdə təsvirləri oyulmuşdu. Daha sonra Ejen Violle-le-Dyuk Sufflonun qapılarını sökdürmüş və portalı orta əsrlərdəki görünüşünə uyğun şəkildə yenidən bərpa etdirmişdir.
1859–1867-ci illərdə bədii dəmirçi Pyer Fransua Mari Bulanje sakristiyanın bütün dəmirçilik işlərini yerinə yetirmiş,[119] yan portalları bərpa etmiş və Böyük məhkəmə portalının menteşələrini hazırlamışdır. Bu işin xatirəsini yaşatmaq və burada İblisin heç bir rolunun olmadığını göstərmək məqsədilə o, hər bir mərkəzi dəmir elementin arxa tərəfində aşağıdakı yazını həkk etmişdir: "Bu dəmir işləmələri dəmirçi Pyer-Fransua Bulanje tərəfindən hazırlanmış, 1867-ci ilin avqust ayında quraşdırılmışdır. Həmin dövrdə III Napoleon hakimiyyətdə idi, Paris Notr-Dam kafedralının memarı isə Ejen Violle-le-Dyuk idi."[120]
Bu menteşələrin zolaqlarının eni 16–18 santimetr, qalınlığı isə təxminən 2 santimetrdir. Onlar bir neçə dəmir zolağının müəyyən aralıqlarla qucaqlayıcı halqalar vasitəsilə birləşdirilib qaynaq edilməsi ilə hazırlanmışdır. Bu halqalar təkcə bütün konstruksiyanın möhkəmliyini artırmır, həm də əyilmiş budaqların qaynaq yerlərini örtməyə imkan verir.
Usta hər bir budaqcığı ayrıca döyərək hazırlayır, sonra isə onları birləşdirir; Emuar tərəfindən çəkilmiş eskiz[12]
Müqəddəs Anna portalının aşağı menteşəsinin beş əsas elementi; Peqar tərəfindən çəkilmiş eskiz[12]
Müqəddəs Anna portalının menteşəsi — xırda budaqcıqların birləşdirilməsinin son dərəcə mürəkkəb quruluşunu nümayiş etdirən nümunə; E. Giyom tərəfindən çəkilmiş eskiz[12]
Öz vəsiyyətində Moris de Sülli kafedralın dam örtüyünün tamamlanması üçün beş min denari vəsiyyət etmişdir. Onun 1196-cı ildə vəfatına qədər kafedralın damı yalnız müvəqqəti materiallarla örtülmüş vəziyyətdə idi.[121] Dam örtüyü qalınlığı 5 millimetr olan 1326 qurğuşun lövhə ilə örtülmüşdür. Hər bir lövhənin uzunluğu 10 kral futu, eni isə 3 kral futu idi (1 kral futu = 32,484 santimetr, 1 tuaz = 6 kral futu). Dam örtüyündə istifadə olunan qurğuşunun ümumi çəkisi təxminən 210 ton hesablanır.[122]
Moris de Süllinin dövründə, 1177–1182-ci illərdə xor hissəsinin, 1196–1200-cü illərdə isə nefin üzərinə quraşdırılmış ilkin dam örtüyü bu günə qədər qorunub saxlanılmamışdır. Bunun səbəbi, həmin dövrdə suaxıdan divarların hündürlüyünün indiki səviyyədən aşağı olmasıdır. XIII əsrin əvvəllərində suaxıdan divarlar təxminən 3 metr hündürləşdirilmişdir: xor hissəsində təxminən 1220-ci ildə, nefdə isə 1230-cu ildə. XII və XIII əsrlərə aid hörgü texnikası arasındakı fərqlər bunu aydın şəkildə göstərir.[123]
Qotika memarlığındaojivaların inşası dik maililiyə malik dam örtüklərini zəruri edirdi. Paris Notr-Dam kafedralının dam örtüyünün maililiyi 55° təşkil edir. Dam karkasının tikildiyi dövrdə geniş miqyaslı meşə qırıntıları səbəbindən iri palıd gövdələri artıq nadir hallarda tapılırdı. Buna görə də dülgərlər kəsiyi daha kiçik, nəticədə daha yüngül ağaclardan istifadə edirdilər ki, bu da dam karkasının daha yüksək qaldırılmasına və dam örtüyünün maililiyinin artırılmasına imkan verirdi.
İlk olaraq tikilmiş xor hissəsində 1160–1170-ci illərdə kəsilmiş ağaclardan hazırlanmış daha qədim bir dam karkası mövcud idi. Bu ilk karkas sonradan yox olmuşdur, lakin onun bəzi tirləri 1220-ci ildə quraşdırılmış ikinci dam karkasında yenidən istifadə edilmişdir. Məhz həmin dövrdə xor hissəsinin suaxıdan divarları nefin səviyyəsinə çatdırılması üçün 2,70 metr hündürləndirilmiş, eyni zamanda yuxarı pəncərələr də böyüdülmüşdür.
Tamamilə palıd ağacından hazırlanmış dam karkası kafedralın inşa edildiyi dövrün, yəni XIII əsrin birinci üçdəbirinin memarlıq üslubuna aiddir (adətən 1220-ci il əsas tarix kimi qəbul edilir).Qeyd 18 O, qeyri-rəsmi olaraq "Notr-Dam meşəsi" adlandırılır. Dam karkasının uzunluğu 120 metr, nefdə eni 13 metr, transeptdə uzunluğu 40 metr, hündürlüyü isə 10 metr olmuşdur. Ümumilikdə dam karkasının hazırlanmasında 1300 palıd ağacından istifadə edilmişdir.[6] Bu isə 21 hektardan artıq meşə sahəsinə bərabərdir.[124]
1843-cü ildən etibarən memarlar Jan-Batist Antuan Lassü və daha sonra Ejen Violle-le-Dyuk[125]XVI Lüdovikin dövründən bəri lazımi qaydada baxım görməyən dam örtüyünün bərpasına başladılar. Bir tərəfdən onlar dam karkasını möhkəmləndirib yenidən qurdu,Qeyd 19 digər tərəfdən isə qurğuşun dam örtüyünün quraşdırılması texnologiyasını tamamilə yenilədilər. Bunun üçün maili kənarlı taxta reylər üzərində küknar taxtalarından hazırlanmış alt örtük (volij) döşənir, onun üzərinə isə qarmaqlar vasitəsilə bərkidilmiş qurğuşun lövhələr yerləşdirilirdi. Sızdırmazlığı artırmaq məqsədilə qurğuşun lövhələr istilik vasitəsilə bir-birinə lehimlənirdi.[126]
Dam karkası 2019-cu il yanğını zamanı tamamilə məhv olmuşdur. Buna qədər isə o, tarixində heç vaxt belə böyük miqyaslı yanğın yaşamamışdı.[127]
Qarqoyllar dam örtüyündən axan yağış sularını uzaqlaşdırmaq məqsədilə su novlarının uclarında yerləşdirilmişdir və bu termin yalnız su axıdıcı kanalların çıxış hissələrini ifadə edir.[128] Onlar divardan kənara doğru çıxıntı yaratdıqları üçün güclü leysanlar zamanı yaranan böyük su kütlələrini kafedralın divarlarından xeyli uzağa atır və beləliklə divarların zədələnməsinin qarşısını alırlar.[128]
Qarqoyllar çox vaxt fantastik, hətta qorxunc görünüşlü heyvanlar formasında hazırlanmışdır. Onlar orta əsrlərə aiddir.[128]
Qarqoyllar, xüsusilə xor hissəsinin iri arkbutanları üzərində yerləşir. Apsidanın dam örtüyündən axan yağış sularının drenaj sistemi əvvəlcə arkbutanların üst hissəsində yerləşən kanal vasitəsilə, daha sonra isə uzun qarqoyllar vasitəsilə tamamlanır.
Ximera fiqurları tikilinin yuxarı hissəsində, əsas fasadın zirvəsində yerləşən fantastik heykəllərdir. Onların yerləşdiyi hissə Ximeralar qalereyası adlandırılır.[129] Bu məhəccərin bütün küncləri şeytanların, müxtəlif bədheybətlərin və fantastik quşların dayaq və ya qonma yeri kimi istifadə olunmuşdur. Bu elementlər orta əsrlərdə mövcud olmamış, XIX əsrdə Ejen Violle-le-Dyuk tərəfindən neqotika üslubunda kafedrala əlavə edilmişdir.
Bu monumental, qrotesk, lakin hər şeydən əvvəl qorxunc ximera fiqurları orta əsrlərə xas fantastik mühiti yenidən yaratmaq məqsədi daşıyırdı. Bu əsərlər Ejen Violle-le-Dyukun özü tərəfindən layihələndirilmiş və onun hazırladığı eskizlər əsasında yaradılmışdır. O, ilhamını Onore Domyenin karikaturalarından, 1844-cü ildə nəşr olunmuş "Paris Notr-Dam kilsəsi" əsərinin illüstrasiyalı nəşrindən, özünün "Qədim Fransaya mənzərəli və romantik səyahətlər" illüstrasiyalarından, eləcə də XIX əsrə xas təsəvvür və nəzəriyyələrdən (evgenika, homofobiya, fizioqnomika və degenerasiya nəzəriyyəsi) götürmüşdür.[130] Bu fiqurlar arasında meymunlar, vəhşi insanlar, təkbuynuzlu kretin və antisemit təbliğatın obrazları (məsələn, "Əbədi yəhudi" mifi) də yer alır.[131]
Heykəllər XIX əsrdə Joffrua-Deşomun rəhbərliyi altında fəaliyyət göstərən, əsas ustası Viktor Pyanet olan on beş tanınmış heykəltəraşdan ibarət qrup tərəfindən hazırlanmışdır. Sənət tarixçisi Maykl Kamillin fikrincə, "orta əsr sənətkarı təsvir etmək tapşırıldığı cinləri məsxərəyə qoyurdu ki, onların şərindən qoruna bilsin".[132]
İlk şpil XIII əsrin ortalarında, təxminən 1250-ci ildə transept kəsişməsinin üzərində inşa edilmişdir.[133][134][135] Belə hündür konstruksiyalar onların quruluşunu əyən və zəiflədən küləyin təsirinə məruz qalır. Şpil tədricən deformasiyaya uğramış, tirləri isə əyilmişdi. Uçma riskinin qarşısını almaq məqsədilə beş əsrdən artıq mövcud olduqdan sonra, 1786–1792-ci illər arasında sökülmüşdür.[136]
Ejen Violle-le-Dyukun simasında təsvir edilmiş müqəddəs Foma heykəli
Kafedral XIX əsrin ortalarında Violle-le-Dyukun rəhbərliyi ilə həyata keçirilən və "Ateliers Monduit" emalatxanaları tərəfindən icra olunan bərpa işlərinədək şpilsiz qalmışdır. Qurğuşunla örtülmüş palıd ağacından hazırlanmış bu yeni şpilin çəkisi 750 ton idi. O, 15 aprel 2019-cu ildə kafedralda baş verən yanğın zamanı çökmüşdür. Şpil döymə misdən hazırlanmış On iki həvari və dörd yevangelistin heykəlləri ilə əhatə olunmuşdu. 2019-cu il yanğını zamanı heykəllər artıq öz yerlərində deyildi, çünki bərpa işlərinin aparılması məqsədilə bir neçə gün əvvəl sökülmüşdü.
Bu heykəllər Adolf-Viktor Joffrua-Deşomun əsərləridir və XIII əsrin ruhuna uyğun vahid ansambl təşkil edir. Memarların himayədarı müqəddəs Fomadan başqa, bütün həvarilər Parisə doğru yönəlmişdir. Müqəddəs Foma isə üzünü şpilə tərəf çevirmişdir. Onun üz cizgiləri şpilin memarı Ejen Violle-le-Dyuka bənzəyir; memar sanki öz əsərinə son dəfə nəzər salmaq üçün ona tərəf çevrilmiş şəkildə təsvir edilmişdir.[137]
Nəhayət, şpilin zirvəsində yerləşən xoruzun içərisində üç relikviya saxlanılırdı: Müqəddəs Tacın kiçik bir parçası, Parisli müqəddəs Dionisinin və Parisli müqəddəs Jenevyevanın relikviyalarından hər biri bir ədəd. Bu relikviyalar 1935-ci ildə kardinal Jan Verdye dövründə həmin yerə yerləşdirilmişdir.[6]
Bu ikinci şpil 15 aprel 2019-cu il yanğını zamanı yanaraq çökmüşdür. Xoruz və onun daxilindəki relikviyalar isə yanğın zonasından kənarda tapılaraq xilas edilmişdir.
Nef, qüllələrin altında və onların arasında yerləşən iki aşırımdan ibarət bir növ "ön nef" və ya narteksdən, eləcə də onun ardınca gələn daha səkkiz aşırımdan ibarətdir. Sütunların oxları arasında eni 12 metr olan mərkəzi nef həm şimaldan, həm də cənubdan dördhissəli tağ-tavanlarla örtülmüş iki yan neflə əhatə olunur. Beləliklə, cəmi üç portalın müqabilində beş nef yaranır ki, bu da müstəsna xüsusiyyətdir. Nefin arkbutanları arasında inşa edilmiş və hər sırada yeddi yan kapelladan ibarət olan iki sıra dördüncü aşırımdan onuncu aşırımadək xarici yan neflərə açılır.
Daxili məkanın şaquli quruluşu üç səviyyədən ibarətdir. Birinci səviyyəni daxili yan neflərə açılan böyük arkadalar təşkil edir. İkinci səviyyə nefə hər biri nazik sütuncuqlara söykənən üç arkadadan ibarət açıqlıqlarla açılan qalereyadan ibarətdir. Bu arkadaların üzərində açıqlıqların daş şəbəkəsi qapalıdır. Qalereyalar kiçik rozet pəncərələri ilə bəzədilmişdir. Nəhayət, üçüncü səviyyəni üzərində okulus yerləşən iki lansetvari hissədən ibarət yuxarı pəncərələr təşkil edir.
On dörd yan kapella, cüt-cüt qruplaşdırılmış dörd lansetvari hissədən ibarət və üzərində üç çoxpərli okulus yerləşən pəncərələrlə işıqlandırılır. Bir tərəfdən, qalereyanın dərin olması və onun açıq şəbəkəli hissəsindəki vitrajların çox tünd rəngə malik olması, digər tərəfdən isə yan kapellaların pəncərələrinin mərkəzi nefdən xeyli uzaqda yerləşməsi səbəbindən, nefin işıqlandırılması əsasən yuxarı pəncərələr hesabına təmin olunur və buna görə də burada işıqlandırma səviyyəsi kifayət qədər zəifdir.
Nef bir sıra qeyri-müntəzəmliklərə malikdir. Birinci aşırım digərlərindən daha dardır; nəticədə burada qalereya yalnız iki arkadaya malikdir, yuxarı pəncərə isə sadə bir açıqlıqdan ibarətdir. Bundan əlavə, bu aşırımda yan kapella yoxdur. Sonuncu aşırım Violle-le-Dyukun layihəsinə əsaslanan dördsəviyyəli şaquli quruluşa malikdir: yuxarı pəncərə daha qısadır və bunun nəticəsində yuxarı pəncərə ilə qalereya səviyyəsi arasında yaranmış sahədə dişli kənarlara malik, çarx formasında okulus yerləşdirilmişdir. Belə bir quruluş qonşu transeptin quruluşuna bənzəyir. Tam şərq istiqamətində yerləşən xor hissəsinin oxu mərkəzi nefin oxuna nisbətən cüzi şəkildə sola meyillidir. Ənənəvi yozuma görə, bu, çarmıxda başını yana əymişİsanı simvolizə edir.[6]
Digər qeyri-müntəzəmlik sütunlarla bağlıdır. Transept kəsişməsinin massiv dayaqları ilə iki qüllənin daxili künclərini saxlayan iri dayaqlar arasında mərkəzi nef hər biri yeddi sütundan ibarət iki sıra ilə əhatələnmişdir. İlkin layihədə xor hissəsindəki sütunlara bənzər, tamamilə silindrik sütunların istifadəsi nəzərdə tutulmuşdu. XII əsrin sonunda transeptə ən yaxın olan şərq tərəfdəki beş cüt sütun məhz bu şəkildə inşa edilmişdir. Lakin təxminən 1220-ci ildə ucaldılmış qərb tərəfdəki iki cüt sütun bu sxemdən fərqlənir. Həmin dövrün memarı Notr-Damın əsas xüsusiyyətlərindən biri olan silindrik sütun formasından imtina edərək Şartr Notr-Dam kafedralı ilə əlaqəli Şartr modelinə yaxınlaşmışdır. Bununla belə, o, bu fərqin həddindən artıq kəskin görünməsinin qarşısını almağa çalışmışdır. Beləliklə, dörd bitişik sütuncuğa malik birinci sütunlarla keçid yaratmaq məqsədilə ikinci sütunlara yalnız bir bitişik sütuncuq əlavə etmişdir.
Qərb fasadının daxili tərəfində rozet pəncərəsinin qarşısında yerləşən və onun aşağı hissəsini örtən orqan qalereyası vardır. Rozet pəncərəsi peyğəmbərlər, günah və fəzilətlərin təcəssümləri, ilin aylarına aid əmək səhnələri və zodiak işarələri ilə əhatə olunmuş Məryəmə həsr edilmişdir. Bu rozet pəncərəsi XIX əsrdə Violle-le-Dyuk tərəfindən böyük ölçüdə yenidən qurulmuşdur. XIX əsrədək nefdə oturacaqlar yox idi və dünyəvi şəxslər liturgiyalar zamanı burada sərbəst şəkildə hərəkət edirdilər. Bununla yanaşı, nef çoxsaylı altarlar və analoylar, heykəllər, məzarlar və kenotaflar, həmçinin divarları örtən və ya arkadalar arasında asılan rəsm əsərləri və qobelenlərlə zəngin şəkildə təchiz edilmişdi.[4]
1965-ci ildə nefin yuxarı pəncərələri və qalereyaların rozet pəncərələri, nəhayət, XVIII əsrdə kanoniklər tərəfindən quraşdırılmış boz və solğun şüşələri əvəz edən rəngli vitrajlarla təchiz edilmişdir. Fiqurativ təsvirlərə malik olmayan bu vitrajlar Orta əsrlərdə istifadə olunan material və rənglərdən yararlanmış Jak Le Şevalyenin əsəridir. Ansamblda qırmızı və göy rənglər üstünlük təşkil edir.
Sebastyen Burdon - "Müqəddəs Pyotrun çarmıxa çəkilməsi", 1643-cü ilin May rəsmi
Lui Şeron - "Aqav peyğəmbər müqəddəs Pavelin Yerusəlimdə çəkəcəyi əzabları xəbər verərkən", 1687-ci ilin May rəsmi
Notr-Damın May rəsmləri[138] adlandırılan silsilə, 1630–1707-ci illər arasında (adını da buradan alaraq) demək olar ki, hər il mayın 1-də Məryəmin şərəfinə Paris Zərgərlər Gildiyası tərəfindən kafedrala hədiyyə edilmiş 76 rəsm əsərindən ibarətdir. Zərgərlər uzun müddət kafedralın daxilində özlərinə məxsus kapellaya malik olmuşdular. 1449-cu ildə Paris Zərgərlər Gildiyası tərəfindən Paris Notr-Dam kafedralına "May hədiyyəsi" ənənəsinin əsası qoyulmuşdur.
Bu ənənə zaman keçdikcə müxtəlif formalar almışdır. XV əsrdə "May hədiyyəsi" Məryəmə ehtiram əlaməti olaraq baş altarın qarşısında ucaldılan, lentlərlə bəzədilmiş ağacdan ibarət idi. Sonralar bu ənənə şeirlərin asıldığı tabernakla bənzər bir quruluşun hədiyyə edilməsinə çevrildi. 1533-cü ildən etibarən Məryəmin həyatına həsr olunmuş kiçik rəsm əsərləri də asılmağa başladı. Bunlar "kiçik May rəsmləri" adlanırdı. Nəhayət, 1630-cu ildə dini kapitulla əldə olunmuş razılığa əsasən, "kiçik May rəsmləri""böyük May rəsmləri" ilə əvəz olundu. Bunlar təxminən 3,5 × 2,5 metr ölçüsündə iri rəsm əsərləri idi.
Bu May rəsmləri dövrün tanınmış tarixi janr rəssamlarına sifariş edilirdi və onlar hazırladıqları eskizləri kafedralın kanoniklərinin təsdiqinə təqdim etməli idilər. Bu rəssamlar arasında xüsusilə Oben Vue, Jak Blanşar, Loran de La İr, Sebastyen Burdon, Şarl Lebren, Estaş Le Süör və Noel Kuapel yer alırdı. 1648-ci ildə Kral Rəssamlıq və Heykəltaraşlıq Akademiyasının yaradılmasından sonra seçilən rəssamların hamısı həmin akademiyanın üzvləri və ya onunla sıx əlaqədə olan şəxslər idi. Bu sifarişlər qısa müddətdə dini rəssamlıq sahəsində nüfuzlu bir müsabiqə xarakteri almışdır. Əsərlərin mövzusu, adətən, "Həvarilərin işləri" kitabından götürülürdü; buna 1649-cu ildə Estaş Le Süör tərəfindən çəkilmiş "Müqəddəs Pavelin Efesdə moizəsi" əsərini nümunə göstərmək olar.[139] Əsərlər əvvəlcə kafedralın ön meydanında nümayiş etdirilir, daha sonra isə nefin və ya xor hissəsinin arkadaları boyunca asılırdı (XIII Lüdovik və Avstriyalı Annanın dövründə çəkilmiş əsərlər aşırımların divarlarının yuxarı hissəsində, XIV Lüdovik dövründə yaradılmış əsərlər isə nefdə yerləşdirilmişdi; daha az əhəmiyyət daşıyan əsərlər isə kapellalarda quraşdırılmışdı[140]). Rəssamlar üçün əsərlərinin bu cür nümayiş etdirilməsi onların peşəkarlığının tanınmasının göstəricisi olmaqla böyük nüfuz sayılırdı. Bu, eyni zamanda, onlara yeni sifarişlər almaq imkanı da yaradırdı.[141]
Möminlərin dini maarifləndirilməsi məqsədi daşıyan May rəsmləri Katolik Əksreformasiyası dövründə insanların mənəvi dünyasının yenidən qazanılması siyasətinin tərkib hissəsinə çevrilmişdi.[140]
XVIII əsrin əvvəllərində Fransa dövlətinin ağır vəziyyəti və Jan-Batist Kolberin islahatları nəticəsində Paris Zərgərlər Gildiyası ciddi maliyyə çətinlikləri ilə üzləşmiş və bununla da bu ənənəyə son qoyulmuşdur. Jak Kurten tərəfindən çəkilmiş son May rəsmi 1707-ci ildə kafedrala təqdim edilmişdir.
Fransa inqilabı dövründə «May rəsmləri» müxtəlif yerlərə paylanmış və onların çoxu itirilmişdir. Sonralar bərpa edilərək toplanan bu əsərlər XIX əsrdə bərpaçı Ejen Violle-le-Dyuk üçün problem yaratmışdı. Qotika sənətinin saflığını bərpa etməyə çalışan Violle-le-Dyuk bu həcmli barokko və klassisist bəzəkləri məqsədəuyğun hesab etmirdi. Əsərlərin bir qismi Luvr muzeyində, digərləri isə müxtəlif kilsələrdə və Fransa muzeylərində (xüsusilə on dörd əsəri qoruyan Arras Təsviri Sənət Muzeyində, Ruan Təsviri Sənət Muzeyində və Tuluzadakı Ogüstenlər Muzeyində) saxlanılır. Əsərlərdən biri isə İngiltərədə saxlanılır. Hazırda onların təxminən əllisi dövrümüzədək gəlib çatmışdır. Onlardan ikisi 1870 və 1944-cü illərdə məhv edilmişdir. Sonrakı dövrdə bəzi itirilmiş əsərlər də yenidən aşkar edilmişdir (məsələn, 1680-ci ilin May rəsmi 2007-ci ildə, 1698-ci ilin May rəsmi isə 2021-ci ildə tapılmışdır). Ən əhəmiyyətli əsərlər yenidən kafedrala qaytarılmış və hazırda Notr-Damın nefinin yan kapellalarını bəzəyir. 2019-cu ildə onların on üçü burada asılmışdı; həmin ilin aprel ayında baş vermiş yanğından sonra yerindən götürülərək müayinə edilmiş və ciddi zədələnmədiyi müəyyən olunmuşdur.[140]
Nikola Kustu - İmanı təbliğ edən müqəddəs Dionisi, 1722.
2024-cü ildə kafedral yenidən açıldıqdan sonra yan kapellaları müqəddəslərə həsr edilmişdir. Onlar, qərbdən şərqə, yəni fasaddan xor hissəsinə doğru aşağıdakı ardıcıllıqla yerləşirlər:
Müqəddəs Pavel Çen kapellası — 1861-ci ildə Çində başı kəsilərək edam edilmiş və şəhid hesab olunan müqəddəs Pavel Çenə həsr olunmuşdur. Burada Viktor Joffrua-Deşomun təxminən 1864-cü ilə aid "Müqəddəs Uşaqlıq Əsəri" adlı heykəltaraşlıq qrupu, Yin Sinin 2017-ci ildə yaratdığı rəsm əsərləri və müqəddəs Pavel Çenə aid relikviyalar saxlanılır.
Müqəddəs Dionisi kapellası — Parisin ilk yepiskopu müqəddəs Dionisiyı həsr olunmuşdur. Burada Lyuben Bojenin 1650-ci ilə aid "Müqəddəs Varfolomeyin şəhid edilməsi" əsəri, Nikola Kustunun 1722-ci ildə hazırladığı "İmanı təbliğ edən müqəddəs Dionisi" heykəli, 1643-cü ilin May rəsmi olan Sebastyen Burdonun"Müqəddəs Pyotrun çarmıxa çəkilməsi" əsəri yerləşir.
Müqəddəs Jenevyeva kapellası — Parisin himayədarı müqəddəs Jenevyevaya həsr olunmuşdur. Burada Lyuben Bojenin "Körpə İsa, Vəftizçi İohann və müqəddəs Jenevyeva ilə Məryəm" əsəri, Viktor Joffrua-Deşomun 1865-ci ildə hazırladığı müqəddəs Jenevyeva heykəli, 1639-cu ilin May rəsmi olan Oben Vuenin "Senturion Korneli müqəddəs Pyotrun ayaqları önündə" əsəri nümayiş etdirilir.
Müqəddəs Vikenti de Pol kapellası — Burada Şarl Andre Van Loonun 1743-cü ilə aid "Müqəddəs Karl Borromeo taun xəstələrinə birlik ayinini icra edərkən" əsəri, Viktor Joffrua-Deşomun təxminən 1864-cü ildə yaratdığı müqəddəs Vikenti de Pol heykəli, 1635-ci ilin May rəsmi olan Loran de La İrin "Müqəddəs Pyotr kölgəsi ilə xəstələri sağaldarkən" əsəri saxlanılır.
Müqəddəs Klotilda kapellası — Frankların kraliçası müqəddəs Klotildaya həsr olunmuşdur. Burada Klod Antim Korbonun təxminən 1865-ci ildə hazırladığı müqəddəs Pyotr heykəli, 1642-ci ilin May rəsmi olan Şarl Poersonun"Müqəddəs Pyotr Yerusəlimdə moizə edərkən" əsəri yerləşir.
Müqəddəs Foma Akvinalı kapellası — Burada Antuan Nikolanın 1648-ci ilə aid "Müqəddəs Foma Akvinalı — Hikmət çeşməsi" adlı rəsm əsəri nümayiş etdirilir.
Müqəddəs İosif kapellası (tövbə ayini üçün ayrılmışdır) — Məryəmin həyat yoldaşı müqəddəs İosifə həsr olunmuşdur. Burada Viktor Joffrua-Deşomun 1865-ci ildə yaratdığı "Müqəddəs İosif və körpə İsa" adlı heykəltaraşlıq qrupu yerləşir.
2019-cu il yanğınından əvvəl cənub yan kapellaları
Birinci kapella (4-cü aşırım) əvvəllər zərgərlər gildiyasının kapellası olmuşdur. 1964-cü ildən etibarən yenidən onların istifadəsinə verilmişdir. Burada Şarl Lebrenin 1651-ci ilə aid May rəsmi — "Müqəddəs Stefanın daşqalaq edilməsi" yerləşir. İkinci kapellada yenə Şarl Lebrenə məxsus olan 1647-ci ilin May rəsmi olan "Müqəddəs Andreyin çarmıxa çəkilməsi" nümayiş etdirilirdi. Burada həmçinin XVII əsr rəssamı Lyuben Bojenin "Müqəddəs Varfolomeyin şəhid edilməsi" əsəri də saxlanılırdı.
Üçüncü kapellada Sebastyen Burdonun 1643-cü ilə aid May rəsmi olan "Müqəddəs Pyotrun çarmıxa çəkilməsi" yerləşirdi[142] Rəssam bu mühüm sifarişdən istifadə edərək cəsarətli kompozisiya yaratmışdır; diaqonallar şəbəkəsi vasitəsilə qurulmuş mürəkkəb kompozisiya xətləri onun yaradıcılığında indiyədək görünməmiş barokko dinamizmi meydana gətirmişdir.[143] Dördüncü kapellada Şarl Poersonun 1642-ci ilin May rəsmi olan "Müqəddəs Pyotrun Yerusəlimdə moizəsi" saxlanılırdı. Beşinci kapellada isə Oben Vuenin 1639-cu ilə aid May rəsmi olan "Senturion Korneli müqəddəs Pyotrun ayaqları önündə" nümayiş etdirilir.
Altıncı kapellada Loran de La İrin 1637-ci ilin May rəsmi "Müqəddəs Pavelin dinə gəlməsi" yerləşir. Burada, həmçinin, Le Nen qardaşlarının "Məryəmin doğulması" əsərini də görmək mümkün idi. Yeddinci kapellada isə Loran de La İrin 1635-ci ilin May rəsmi "Müqəddəs Pyotr kölgəsi ilə xəstələri sağaldarkən" nümayiş etdirilirdi.
2024-cü ildə kafedral yenidən açıldıqdan sonra şimal yan kapellaları Əhdi-Ətiqin böyük kişi şəxsiyyətlərinə həsr edilmişdir. Bu kapellalarda, demək olar ki, həmişə solda XVII əsrə aid bir rəsm əsəri, arxa hissədə XIX əsrə aid heykəl və ya tətbiqi sənət nümunəsi, sağda isə XX əsrə aid qobelen yanaşı nümayiş etdirilir. Qərbdən şərqə, yəni fasaddan xor hissəsinə doğru kapellalar, aşağıdakı ardıcıllıqla yerləşirlər:
Nuh kapellası — Le Nen qardaşlarının (Lui Le Nen və Matye Le Nen, təxminən 1640) "Məryəmin doğulması" əsəri; Violle-le-Dyukun layihəsi əsasında bronza ustası Lui Başle tərəfindən hazırlanmış vəftiz hovuzu (1860); Anri Matissin rəsm əsərləri əsasında toxunmuş "Polineziya, Səma" və "Polineziya, Dəniz" qobelenləri.
İbrahim kapellası — Loran de La İrin 1637-ci ilin May rəsmi olan "Müqəddəs Pavelin dinə gəlməsi"; Viktor Joffrua-Deşomun hazırladığı "Müqəddəs Fransisk Ksaveri vəftiz edərkən" heykəltaraşlıq qrupu (1860); Pyer Buraqlionun rəsm əsəri əsasında toxunmuş "Mamre palıdı və Cotto" qobeleni.
Musa kapellası — Nikola Luarın 1650-ci ilin May rəsmi olan "Müqəddəs Pavel yalançı peyğəmbəri kor edərkən"; Violle-le-Dyukun layihəsi əsasında hazırlanmış altar (1860-cı illər); Çjao Vu-Kinin 1982-ci il rəsm əsəri əsasında toxunmuş "Kompozisiya, 1982" qobeleni.
Yesaya kapellası — Lui Testelenin 1655-ci ilin May rəsmi olan "Müqəddəs Pavel və müqəddəs Silanın qamçılanması"; Joffrua-Deşomun hazırladığı müqəddəs Landri heykəli (1865) və Violle-le-Dyukun layihəsi əsasında hazırlanmış altar (1860-cı illər); Mario Prassinosun rəsm əsəri əsasında toxunmuş "Kəfən № 2" qobeleni (1990).
Davud kapellası — Matye Eliasın "Skevanın oğullarına İblisin hücumu" (1702) əsəri; Violle-le-Dyukun layihəsi əsasında hazırlanmış günahçıxarma kürsüsü və altar (1860-cı illər); Dom Robertin eskizi əsasında toxunmuş "Laudes" qobeleni (1981).
Süleyman kapellası — Lui Şeronun 1687-ci ilin May rəsmi olan "Aqav peyğəmbərin müqəddəs Pavelə xəbərdarlığı"; Joffrua-Deşomun hazırladığı müqəddəs Karlo Borromeo heykəli (təxminən 1867) və Violle-le-Dyukun layihəsi əsasında hazırlanmış altar (1860-cı illər); Jorj Brakın rəsm əsəri əsasında toxunmuş "Quşlu kompozisiya" qobeleni (1972).
Eliyahu kapellası (dua üçün ayrılmışdır) — Joffrua-Deşomun 1864-cü ildə yaratdığı "Müqəddəs Anna və Müqəddəs Məryəm" heykəltaraşlıq qrupu və Violle-le-Dyukun layihəsi əsasında hazırlanmış altar (1864).
2019-cu il yanğınından əvvəl şimal yan kapellaları
Qərbdən şərqə, yəni fasaddan xor hissəsinə doğru yanğından əvvəl kapellalar aşağıdakı ardıcıllıqla yerləşirdi:
Birinci kapella — burada Violle-le-Dyukun layihəsi əsasında hazırlanmış vəftiz hovuzu yerləşirdi. Bundan əlavə, Jak Blanşarın 1634-cü ilin May rəsmi "Müqəddəs Ruhun enməsi", eləcə də İyeronim Frankenin 1585-ci ildə yaratdığı "Çobanların səcdəsi" əsəri burada nümayiş etdirilirdi.[144]
İkinci kapella — burada Nikola Luarın 1650-ci ilin May rəsmi olan "Müqəddəs Pavel yalançı peyğəmbər Baryeşunu kor edərkən" əsəri yerləşirdi.
Üçüncü kapella və ya Müqəddəs Uşaqlıq (yaxud Missioner Uşaqlıq) kapellası — burada şəhid müqəddəs Pavel Çenin relikviya qutusu saxlanılırdı. Çindəki Tsinqay Böyük Seminariyasının tələbəsi olan Pavel Çen 1861-ci ilin iyulunda daha üç çinli xristianla birlikdə dini etiqadına görə başı kəsilərək edam edilmişdir. Bu dörd şəhid 1909-cu ildə Roma PapasıX Piy tərəfindən beatifikasiya edilmiş, 1 oktyabr 2000-ci ildə isə II İohann Pavel tərəfindən kanonlaşdırılmışdır. Kapellada həmçinin Lui Testelenin 1655-ci ilin May rəsmi "Müqəddəs Pavel və müqəddəs Silanın qamçılanması" da yerləşirdi.
Dördüncü kapella — burada Qabriel Blanşarın 1670-ci ilin May rəsmi olan "Müqəddəs Andrey çəkəcəyi əzabı gördükdə sevincdən cuşa gələrkən" əsəri nümayiş etdirilirdi. Kapellada, həmçinin, Hippolit Lefevr tərəfindən 1923-cü ildə hazırlanmış kardinal Leon Adolf Ametin abidəsi yerləşirdi.
Altıncı kapella — burada Matye Eliasın 1702-ci ilin May rəsmi olan "Skevanın oğullarına İblisin hücumu" yerləşirdi. Skevanın oğulları iki yəhudiekzorsist idi.Qeyd 13 Burada, həmçinin, rəssam və qravüraçı Jozef-Mari Vyenin 1752-ci ilə aid "Müqəddəs Yekaterinanın şəhid edilməsi" əsərini də görmək mümkün idi.
Yeddinci kapella — burada kanonik Etyen İverin qəbirdaşı yerləşirdi.
XVIII əsrin əvvəllərində quraşdırılmış Nikola Kustunun Pyeta əsəri. Arxa planda və yuxarıda: Mark Kutüryenin "Xaç və Şöhrət" kompozisiyası.
Kafedralın xor hissəsi ikiqat deambulatoriya ilə əhatə olunmuşdur. O, hər biri iki altıhissəli tağ-tavanla örtülmüş beş düzbucaqlı aşırımdan ibarətdir. Apsida beşüzlüdür və ona uyğun olaraq beş radial kapella yerləşir. Birinci aşırımın şaquli quruluşu transeptinki ilə eynidir və dörd səviyyədən ibarətdir: qalereya ilə yuxarı pəncərələr səviyyəsi arasında kiçik rozet pəncərəsi yerləşir. Digər aşırımların, o cümlədən apsidanın aşırımlarının şaquli quruluşu isə nefdə olduğu kimi üç səviyyəlidir (böyük arkadalar, qalereya və yuxarı pəncərələr). Xor hissəsini əhatə edən qalereya iki lansetvari hissədən ibarət pəncərələrlə işıqlandırılır; eyni quruluş yuxarı pəncərələrdə də təkrarlanır. Bu pəncərələrin iki lansetvari hissəsinin üzərində iri okulus yerləşir.
Notr-Damın xor hissəsi XVIII əsrin əvvəllərində, XIV Lüdovikin qərarı ilə XIII Lüdovikin nəzirinin həyata keçirilməsi məqsədilə Rober de Kottun rəhbərliyi altında əsaslı şəkildə yenidən qurulmuşdur. İşlər 1708–1725-ci illərdə aparılmış və buna görə də XIV Lüdovikin ölümündən xeyli sonra başa çatmışdır. Bu yenidənqurma zamanı kafedral bir sıra bərpası mümkün olmayan itkilərə məruz qalmışdır. Paris arxiyepiskopu kardinal Lui-Antuan de Nuay XIII əsrə aid altar qapısı sökdürmüş[145] və onun yerində 1789-cu il Fransa inqilabı zamanı dağıdılacaq ağır dekorativ quruluş qurdurmuşdur. XIV əsrə aid xor məhəccərinin böyük hissəsi, qədim məzarlar, xor oturacaqları və baş altar da sökülmüşdür. Divarlar ilk dəfə əhənglənmiş, 1726-cı ildə isə kardinal de Nuay bütün qurğuşun dam örtüyünü (ümumi qurğuşun çəkisi 220 240 livr), əsas dam karkasının bəzi hissələrini, bir neçə arkbutanı, qalereyaları və terrasları yeniləmiş, həmçinin uçmaq təhlükəsi ilə üzləşmiş transept kəsişməsinin əsas tağ-tavanını yenidən inşa etdirmişdir.[145]
Bununla yanaşı, bu dövrdə bu günədək qorunub saxlanılmış bir sıra yeni şah əsərlər də yaradılmışdır. Xor hissəsinin bütün bəzəyi Rober de Kott tərəfindən yenidən işlənmişdi. XIX əsrdə aparılan bərpa zamanı Ejen Violle-le-Dyuk binaya əsasən qotika üslubunu qaytarmaq məqsədilə de Kottun həyata keçirdiyi bəzi dəyişiklikləri aradan qaldırmışdır. Belə ki, o, qotik arkadaların klassik mərmər sütunlar və yarımdairəvi tağlarla örtülməsini ləğv etmişdir. O, həmçinin Rober de Kottun baş altarını sökərək onun yerində orta əsr altarını bərpa etmişdir. Bununla belə, XVIII əsr xor hissəsindən baş altarın arxasında görünən xor oturacaqları və heykəltaraşlıq kompozisiyaları günümüzədək qorunub saxlanılmışdır.[145]
II Vatikan Məclisinin müəyyən etdiyi yeni katolik liturgiyasının tələblərinə uyğun olaraq xor hissəsi bir qədər genişləndirilmiş və hazırda transept kəsişməsinin şərq yarısını da əhatə edir. 1989-cu ildə Paris arxiyepiskopu Jan-Mari Lüstiqerin sifarişi ilə hazırlanmış Ture altarı[146] 2019-cu il yanğını zamanı dağıntılar və şpilin aşması nəticəsində zədələnmişdir. Onun yerində dizayner Giyom Bardenin layihələndirdiyi kasa formalı bürünc altar quraşdırılmışdır.[147]
Xor hissəsinin şərqində, apsidadan uzaq olmayan yerdə, XIX əsrdə Ejen Violle-le-Dyuk tərəfindən hazırlanmış əvvəlki baş altar bu gün də qalmaqdadır. Onun arxa fonunda XVIII əsrin əvvəllərində memar Robert de Kott tərəfindən XIII Lüdovikin nəziri çərçivəsində quraşdırılmış möhtəşəm heykəllər yerləşir.
Nikola Kustunun Pyeta əsəri altarın arxasında yerləşdirilmişdir. Onun hər iki tərəfində iki kralın heykəli ucalır: XIII Lüdovikin heykəli Giyom Kustu, XIV Lüdovikin heykəli isə Antuan Kuazevoks tərəfindən hazırlanmışdır. Kompozisiyanı əhatə edən altı bürünc mələk heykəlinin hər biri Məsihin iztirablarının rəmzlərindən birini daşıyır: tikan tacını, çarmıxa çəkilmə zamanı istifadə edilmiş mıxları, sirkəyə batırılmış süngəri, çarmıxın üzərindəki yazını, Məsihin qamçılanması zamanı istifadə edilmiş qamışı və onun ürəyini deşmiş nizəni. 1990-cı illərdən etibarən Pyetanın üzərində Mark Kutüryenin yaratdığı "Xaç və Şöhrət" kompozisiyası yerləşir. Xaç qızıl təbəqə ilə örtülmüş oyma taxta konstruksiyadır. Onun üzərində yerləşən və eyni texnika ilə hazırlanmış "Şöhrət" adlı halo formalı kompozisiya xristianlığın rəmzlərindən olan balıq formasını xatırladır.[148] Bu əsər 15 aprel 2019-cu il yanğınından salamat çıxmışdır.[149]
Oyma ağacdan hazırlanmış xor oturacaqları xor hissəsinin hər iki tərəfində yerləşdirilmişdir. Əvvəllər onların sayı 114 idi. Hazırda onlardan 78-i qorunub saxlanılmışdır; bunların 52-si hündür, 26-sı isə alçaq oturacaqdır. Onlar XVIII əsrin əvvəllərində Rene Şarpantye və Jan Düqulonun layihələri əsasında Jan Noel və Lui Marto tərəfindən hazırlanmışdır. Hündür oturacaqların arxalıqları barelyeflərlə bəzədilmiş, aralarındakı trümolar isə bitki ornamentləri və Məsihin iztirablarını simvolizə edən alətlərlə işlənmişdir. Hər iki tərəfdə xor oturacaqları, üzərində Düqulonun yonduğu mələk qrupları ilə bəzədilmiş baldaxin yerləşən arxiyepiskop oturacağı ilə tamamlanır. Bu oturacaqlardan biri arxiyepiskop, digəri isə yüksək vəzifəli qonaq üçün nəzərdə tutulmuşdur. Sağ tərəfdəki oturacağın barelyefində müqəddəs Dionisinin şəhid edilməsi, sol tərəfdəkində isə Paris yepiskopu müqəddəs GermanınI Xildeberti sağaltması təsvir edilmişdir.
Xor hissəsinin cənub məhəccəri, polixrom bəzəkdə İsa müqəddəs qadınlara görünür, IV Gözəl Filipin hakimiyyəti dövrü — XIV əsrin əvvəlləri.
Xor hissəsinin cənub məhəccəri: İsa həvarilərə və müqəddəs Fomaya görünür.
Rober de Kott XIII Lüdovikin nəzirinə həsr olunmuş kompozisiyanı quraşdırmaq üçün apardığı dəyişikliklərdən əvvəl xor hissəsi tarixi səhnələrlə bəzədilmiş özüllü daş məhəccərlə əhatə olunmuşdu. Bu məhəccər şərqdə, yəni apsidanın zirvəsindən başlayaraq şimala doğru uzanır, transeptə çatdıqdan sonra cənuba dönür, xor hissəsinin qərb tərəfində onu bağlayan altar qapısının üzərindən keçərək yüksəlir, daha sonra cənub transept qolunun küncündə yenidən enir və şərq istiqamətində davam edərək xor hissəsini tamamilə əhatə edirdi. Bu əsər əvvəlcə şərq hissəsinin sökülməsi nəticəsində zədələnmişdir; məqsəd orta əsrqotika sənətinin nümunələri olan ilkin sütunları və oxvari tağları, həmin dövrdə "aşağı səviyyəli sənət" və ya "barbar sənəti" hesab edilən qotik elementləri gizlətmək üçün klassik mərmər sütunların quraşdırılması idi. Sonradan isə qərb hissəsi də jubenin sökülməsi zamanı məhv edilmişdir. Buna görə də bu gün ondan yalnız kanoniklərin xor oturacaqlarına söykənən yan məhəccər hissələri qalmışdır.
Hazırda şimal xor məhəccəri ilə cənub xor məhəccəri bir-birindən fərqləndirilir; bu iki hissə həm üslub, həm də dövr baxımından müxtəlifdir. Onlar XIII və XIV əsrlərə aid qotika heykəltaraşlığının ən mühüm nümunələrindən hesab olunur və İncildən götürülmüş səhnələr silsiləsini təsvir edir. Həm şimal, həm də cənub tərəfdəki bütün təsvirlər polixromdur. Onların rəngləri XIX əsrdə Violle-le-Dyukun rəhbərlik etdiyi bərpa qrupu tərəfindən yenilənmişdir.
Şimal xor məhəccəri XIII əsrin son üçdəbirinə, bu gün mövcud olmayan altar qapısının tikintisindən az sonra, təxminən 1260-cı ilə aiddir. Burada İsanın doğulmasından başlayaraq İztirablarına qədərki həyatından 14 səhnə oyulmuşdur. Bu səhnələr arasında heç bir fasilə yoxdur və onlar vahid davamlı kompozisiya təşkil edir.
Cənub xor məhəccəri isə XIV əsrin ilk illərinə, IV Gözəl Filipin hakimiyyətinin son dövrünə aid edilir; həmin dövrün heykəltaraşlıq irsindən demək olar ki, başqa nümunə qalmamışdır. O, Məsihin dirilməsindən sonrakı zühurlarını əks etdirən doqquz səhnədən ibarətdir. Şimal məhəccərindəki səhnələrdən fərqli olaraq, burada hər bir səhnə onları tamamilə ayıran incə sütuncuqlar vasitəsilə bir-birindən aydın şəkildə ayrılmışdır.
Müqəddəs Georgi kapellası: Əjdahanı məğlub edən Müqəddəs Georgi heykəli.
Xor hissəsinin sağ tərəfindən başlayaraq əvvəlcə sağ tərəfdə, arxa hissəsi Kanoniklər kapitulunun kluatrasının qərb qanadına uyğun gələn ibadət mərasimləri sakristiyası yerləşir. Sonrakı kapellada 1848-ci ildə Sen-Antuan məhəlləsi küçəsinin girişində həlak olmuş Deni Afrın məzarı yerləşir. O, Sen-Antuan məhəlləsində barrikadalar qurmuş üsyançıları sakitləşdirmək istəyirdi, çünki ordu barrikadaları atəşə tutmaq üçün Bastiliya meydanına toplar gətirmişdi. General Jak-Mari Kavanyak de Baraj arxiyepiskopu ora getmək fikrindən daşındırmağa çalışsa da, Deni Afr ordunun atəş açmasının qarşısını almaq məqsədilə danışıqlar aparmaq istəyirdi. Birinci barrikadada alqışlarla qarşılanan arxiyepiskop ikinci barrikadaya çatdıqda belindən, böyrək nahiyəsindən güllə yarası almış və iki gün sonra vəfat etmişdir.
Bundan sonra Kapitul sakristiyasının giriş yeri yerləşir; bu giriş kafedralın xəzinəsinə aparır. Sonra Müqəddəs Maqdalalı Məryəm kapellası gəlir. Burada Mari Dominik Oqüst Siburun məzarı yerləşir. O da Deni Afr və Jorj Darbua kimi XIX əsrdə qətlə yetirilmişdir. O, psixi pozuntudan əziyyət çəkən (və ruhani vəzifəsindən uzaqlaşdırılmış) bir keşiş tərəfindən bıçaqlanaraq öldürülmüşdür. 1929-cu ildə vəfat etmiş Lui-Ernest Dübuanın uzanmış vəziyyətdə təsvir olunduğu qəbirüstü heykəl isə deambulatoriyada, xor məhəccərinin yanında yerləşir. Bu əsər Anri Buşar tərəfindən hazırlanmışdır.
Müqəddəs Giyom kapellası kafedralın apsidasındakı beş radial kapelladan birincisidir. Burada Jan-Batist Piqal tərəfindən hazırlanmış general-leytenant Anri Klod d'Arkurun mavzoleyi yerləşir. Bu kompozisiyanın mövzusu (ər-arvadın yenidən qovuşması) 1 iyul 1771-ci ildə heykəltaraş ilə qrafinya arasında bağlanmış müqavilədə müəyyən edilmişdi.[150]
Burada, həmçinin, Jan Juvenel dez Ürsenin və onun həyat yoldaşı Mişel de Vitrinin (XV əsr) məzar abidəsi yerləşir. Jan Juvenenin 1716-cı ilə aid "Məryəmin ziyarəti" əsəri əvvəllər bu kapellada nümayiş etdirilsə də, 2024-cü ildə kafedral yenidən açıldıqdan sonra narteksə köçürülmüşdür.
Növbəti kapella Müqəddəs Georgi kapellasıdır. Burada Lui Ştaynheylin 1870-ci ildə çəkdiyi "Müqəddəs Georgi əjdahanı məğlub edərkən" freskası yerləşir.[151] Kapellada, həmçinin, Jan-Mari Bonassye tərəfindən hazırlanmış, 1871-ci ildə Kommunarlar tərəfindən girov götürülmüş daha otuz keşişlə birlikdə güllələnən Jorj Darbuanın məzar abidəsi və Liddalı Müqəddəs Georginin heykəli vardır.
1379-cu ildən Fransa inqilabınadək bu kapella ayaqqabı ustaları gildiyasına məxsus olmuşdur.
Deambulatoriyada və apsida kapellalarında yerləşən kenotaflar
Müqəddəs Giyom kapellası: Jan-Batist Piqal tərəfindən hazırlanmış general-leytenant Anri Klod d'Arkurun qəbirüstü abidəsi.
Kardinal Lui-Antuan de Nuayın kenotafı
Kardinal Yasent-Lui de Kelenin kenotafı
Deni Afrın kenotafı
Jan-Batist de Belluanın kenotafı
Üçüncü kapella və ya kafedralın ox kapellası Məryəm, yaxud Yeddi Kədərli Müqəddəs Məryəm kapellasıdır. Burada 1602-ci ildə vəfat etmiş Fransa marşalı Alber de Qondinin və 1616-cı ildə vəfat etmiş kardinal, Paris yepiskopu Pyer de Qondinin heykəlləri yerləşir. Kapellanın divarlarından birində XIV əsrə aid, Məryəmi və digər müqəddəsləri yepiskop Simon de Büsinin ruhunu əhatə edərkən təsvir edən freska vardır. Ox kapellasının girişinin qarşısında, deambulatoriyada, yəni xor hissəsinin dərhal arxasında 1304-cü ildə vəfat etmiş yepiskop Simon de Büsinin uzanmış vəziyyətdə təsvir olunduğu effiqiya yerləşir. Son dövrlərdə ox kapellasında Məsihin tikan tacını saxlayan qırmızı şüşədən hazırlanmış seyf nümayiş etdirilir. Bu relikviya 1250-ci ildə franklı səlibçilər (o cümlədən II Boduən de Kurtene) tərəfindən Konstantinopoldan götürülmüş, sonradan Müqəddəs IX Lüdovik tərəfindən satın alınaraq 1792-ci ildə Sen-Şapeldən Notr-Dam kafedralına köçürülmüşdür.
Dördüncü kapella və ya Müqəddəs Marsel kapellasında Lui Pyer Dezennin hazırladığı kardinal Jan-Batist de Belluanın və Adolf-Viktor Joffrua-Deşomun hazırladığı Yasent-Lui de Kelenin məzar abidələri yerləşir.
Nəhayət, apsidadakı son kapella və ya Müqəddəs Lüdovik kapellasında Adolf-Viktor Joffrua-Deşom tərəfindən hazırlanmış kardinal Lui-Antuan de Nuayın məzar abidəsi yerləşir.
Xor hissəsini əhatə edən son kapellalar şimal yan kapellalarıdır. Müqəddəs German kapellasında 1809-cu ildə vəfat etmiş Antuan-Eleonor-Leon Lekler de Jünyenin Violle-le-Dyukun layihələri əsasında hazırlanmış məzarını görmək olar.
Nəhayət, Qırmızı qapıdan əvvəl yerləşən növbəti kapellada, yəni Müqəddəs Ferdinand kapellasında 1781-ci ildə vəfat etmiş Kristof de Bomonun və 1643-cü ildə vəfat etmiş marşal Jan-Batist Büd de Gebrianın mavzoleyləri yerləşir. Burada, həmçinin, 1862-ci ildə vəfat etmiş kardinal Fransua Nikola Madlen Morlonun dua edən vəziyyətdə təsvir olunmuş heykəlini də görmək mümkündür.
Kafedralın şimal transeptinin liturgiya zamanı görünüşü
Transeptnefdən daha enlidir (təxminən 14 metr, nefin eni isə 12 metrdir). Onun yan nefləri yoxdur; konstruksiyanın dayanıqlığı xarici kontrforslar vasitəsilə təmin edilir.
Transept transept kəsişməsindən və hər biri üç aşırımdan ibarət iki transept qolundan ibarətdir. Transept kəsişməsinə ən yaxın olan iki aşırım altıhissəli tağ-tavanla, üçüncü aşırım isə dördhissəli tağ-tavanla örtülmüşdür. İlk iki aşırımda şaquli quruluş nefdən fərqli olaraq üç deyil, dörd səviyyədən ibarətdir. Böyük arkadalar nefin yan neflərinə açılır. İkinci səviyyəni əvvəlki kimi qalereyalar təşkil edir. Fərq ondan ibarətdir ki, üçüncü səviyyəyə çarx formasını xatırladan okuluslardan ibarət yeni mərtəbə əlavə edilmişdir. Dördüncü səviyyəni isə yuxarı pəncərələr təşkil edir. Okulusların əlavə edilməsi səbəbindən bu pəncərələr nefdəkilərdən daha alçaqdır, çünki onların hündürlüyünün bir hissəsi okuluslara ayrılmışdır. Buna baxmayaraq, tağ-tavanın ən yüksək nöqtəsi nefin və xor hissəsinin tağ-tavanları ilə eyni hündürlüyə çatır. Transept qolları Sen-Deni bazilikası nümunə götürülərək inşa edilmişdir.[152]
Üçüncü aşırımın divarı böyük arkadalar səviyyəsində bütövdür. Bunun üzərində cənub transept qolunda iki səviyyəli kor dekorativ arkadalar, şimal transept qolunda isə yalnız bir səviyyə yerləşir.
Transept kəsişməsinin şərq hissəsində kafedralın yeni baş altarı yerləşir.
"Notr-Dam-de-Pari" və ya "Sütun Məryəmi" adlanan Körpə İsa ilə Məryəm heykəli, 2024-cü il[153]
Antuan Nikola tərəfindən 1648-ci ildə yaradılmış "Hikmət çeşməsi" adlı rəsm əsəri cənub transept qolunda yerləşir. Həmçinin, transept kəsişməsinin cənub-şərq sütununun yanında "Notr-Dam-de-Pari" adlanan Körpə İsa ilə Məryəm heykəli yerləşir (əslində orta əsrlərdə bu adı daşıyan heykəl Kluatra portalının trümosunda yerləşən heykəldir).[154] XIV əsrə aid olan bu heykəl Sen-Enyan kapellasından, yəni Site adasındakı Kanoniklər kluatrasından gətirilmişdir. 1818-ci ildə Notr-Dam kafedralına köçürülmüş, əvvəlcə 1793-cü ildə zədələnmiş XIII əsr Məryəm heykəlinin əvəzinə Məryəm portalının trümosunda quraşdırılmışdır. 1855-ci ildə isə Ejen Violle-le-Dyuk onu indiki yerinə yerləşdirmişdir.
Bunun yaxınlığında Paris Notr-Dam kafedralında Janna Darkın bəraət məhkəməsinin keçirildiyini xatırladan xatirə lövhəsi yerləşir. Notr-Dam-de-Pari heykəlinin demək olar ki, qarşı tərəfində, transept kəsişməsinin cənub-qərb sütununda Birinci Dünya müharibəsində həlak olmuş və əksəriyyəti Fransada dəfn edilmiş Britaniya İmperiyasının bir milyon əsgərinə həsr olunmuş memorial yerləşir.
Fransa inqilabınadək şərq tərəfdəki ilk sütunun cənub tərəfində, Məryəm altarına baxan vəziyyətdə, IV Gözəl Filipin taxtadan hazırlanmış atlı heykəli nəzir hədiyyəsi (ex-voto) kimi ucaldılmışdı.[155] Kral Mons-an-Pevel döyüşündə qazandığı qələbəni Müqəddəs Məryəmin himayəsi ilə əlaqələndirmişdi.[156] Bu transept qolunda, həmçinin, 1886-cı ilin dekabrında, 18 yaşında olarkən qəfil dini vəhy yaşayaraq katolikliyi qəbul edənPol Klodelin həmin anda dayandığı yeri göstərən xatirə lövhəsini də görmək mümkündür.
Transept qolunun son divarında yerləşən və IX Lüdovik tərəfindən hədiyyə edilmiş, diametri 13,1 metr olan nəhəng rozet pəncərəsi ilkin vitrajlarının yalnız bir hissəsini qoruyub saxlamışdır; onların bəziləri 1737-ci ildə aparılmış bərpa zamanı yenilənmişdir. 1830-cu il inqilabı zamanı yaxınlıqdakı arxiyepiskop iqamətgahında baş vermiş yanğın nəticəsində rozet yenidən zədələnmişdir. Bundan sonra Ejen Violle-le-Dyuk onun yeni bərpasını həyata keçirmiş, konstruksiyanı möhkəmləndirmək məqsədilə rozeti 15 dərəcə döndərərək ona dayanıqlı şaquli ox vermişdir. Rozetin mərkəzində Məsih təsvir olunmuşdur. Onun ətrafında isə müdrik və ağılsız bakirələr, müqəddəslər, mələklər və həvarilər əks etdirilmişdir.
Transept kəsişməsinin şimal-şərq sütununun yanında Nikola Kustu tərəfindən hazırlanmış müqəddəs Dionisi heykəlini görmək olar.
Şimal transept qolunun son divarı üç səviyyədən ibarətdir. Aşağı səviyyədə giriş qapısı yerləşir və onun üzərində bəzəksiz divar hissəsi ucalır. İkinci səviyyə hər biri iki lansetvari açılışa malik doqquz arkadadan ibarət açıq qalereyadan təşkil olunmuşdur. Üçüncü səviyyəni isə rozet pəncərəsi təşkil edir.
Cənub rozetindən fərqli olaraq, şimal rozeti XIII əsrə aid ilkin vitrajlarını demək olar ki, tam şəkildə qoruyub saxlamışdır. Onun mərkəzində Müqəddəs Məryəm təsvir edilmişdir. Ətrafında isə hakimlər, padşahlar, İsrailin ali kahinləri və Əhdi-Ətiqpeyğəmbərləri yerləşdirilmişdir.Qeyd 9
Bu transept qolunun son divarının aşağı hissəsi Kluatra portalına açılır.
Orta əsrlərdə lampier və ya lampesier adlanan çilçıraq, adətən böyük diametrli halqa formasında hazırlanırdı. Onun üzərində fitilli kiçik yağ qabları yerləşdirilir və bir, lakin əksər hallarda üç zəncir vasitəsilə tavandan asılırdı. Bu çilçıraqlar dəmirdən, ağacdan, gümüşdən və ya misdən hazırlana bilərdi. Bəzən onların üzərində çoxlu sayda yağ qabı və ya mum şam yerləşdirildiyi üçün belə çilçıraqlar "işıq tacları" (fr.couronnes de lumière) adlandırılırdı. Onlar böyük dini bayramlar və digər təntənəli mərasimlər zamanı yandırılırdı.
Notr-Dam da daxil olmaqla iri kafedrallar bu cür çilçıraqlarla təchiz olunmuşdu. Bu "işıq tacları" zəngin şəkildə bəzədilirdi: onlar qızıl örtüklü misdən hazırlanır, mina işləmələri, büllur kürəciklər, metal oyma naxışlar və onlara gözqamaşdırıcı görünüş verən digər bəzək elementləri ilə tamamlanırdı. Bu "işıq tacları" yalnız məbədi işıqlandırmaq və bəzəmək üçün nəzərdə tutulmamışdı; onlar eyni zamanda dini rəmzi məna daşıyırdı və bayram günlərində dünyanı nurlandıran Məsihin işığını təcəssüm etdirirdi.
XIX əsrdə Paris Notr-Dam kafedralı öz möhtəşəm işıq tacını itirmişdi və Ejen Violle-le-Dyukun əsas vəzifələrindən biri də məbədin qotika dövrünə aid interyerini yenidən bərpa etmək idi. O, bu məqsədlə qotika üslubunda yeni işıq tacının layihəsini hazırladı. İki səviyyədən ibarət olan bu işıq tacının yuxarı sırası qızıl örtüklü misdən hazırlanmış kiçik qülləciklərlə bəzədilmişdir. Əsər həmin dövrdə zərgər Plasid Pusyelq-Rüzan tərəfindən hazırlanmışdır. Adətən transept kəsişməsindən asılan bu çilçıraq 2014-cü ildə sökülərək Sen-Deni bazilikasına köçürülmüşdür.[157]
Paris Notr-Dam kafedralının işıq tacı və onu tamamlayan nefdəki on iki qızıl örtüklü bürünc çilçıraq daşınar tarixi abidə kimi dövlət tərəfindən mühafizə olunur.[158]
Paris Notr-Dam kafedralında dini musiqi (fr.Musique sacrée à Notre-Dame de Paris) bu gün kafedralda musiqi təhsilinin təşkili və ibadət mərasimlərinin musiqi müşayiətinin təmin edilməsinə cavabdeh olan qurumdur. Bu fəaliyyət Paris Notr-Dam Məktəb Xoru (fr.Maîtrise Notre-Dame de Paris) vasitəsilə həyata keçirilir.
Təxminən on beş il ərzində (2006-cı ilədək) xor və məktəb xoru Nikol Korti tərəfindən idarə edilmişdir. Hazırda o, Lion Milli Ali Musiqi və Rəqs Konservatoriyasında professor kimi fəaliyyət göstərir. O, burada həmçinin Bernar Tetyunun rəhbərliyi altında təhsil almışdır. Bernar Tetyu eyni zamanda Lion xorları və solistləri kollektivinin musiqi rəhbəri olmuşdur.
2006-cı ilin sentyabrında Paris Notr-Dam Məktəb Xorunun bütün kollektivlərinə — uşaq xoruna, gənclər ansamblına və böyüklər xoruna — rəhbərlik Lionel Soua həvalə edilmişdir. O, 2002-ci ildən etibarən məktəb xorunun uşaq bölməsində Nikol Kortinin köməkçisi kimi çalışırdı. Bundan əlavə, 2004-cü ildən başlayaraq o, müntəzəm olaraq Radio France Xorunu idarə etmiş, 2014-cü ildən isə Paris Orkestrinin Xorunun baş dirijoru olmuşdur. Notr-Damda onu xor dirijoru və orqançı Anri Şale əvəz etmişdir. Anri Şale bundan əvvəl artıq kafedralda köməkçi dirijor və müəllim kimi fəaliyyət göstərirdi.
1994-cü ildən 2019-cu il yanğınınadək Silven Dyeudonne də Notr-Damın xor dirijorlarından biri olmuşdur.[159] O, orta əsr musiqisi şöbəsinə rəhbərlik edir, qriqorian nəğmələrinin tanınmış mütəxəssisi kimi Notr-Damda qriqorian liturgiyasını tədris və idarə edirdi. Eyni zamanda o, tədqiqatçı və musiqişünasdır.[160]
Hazırda kafedralın uşaq xoruna Emili Fleri rəhbərlik edir.[209]
Paris Notr-Dam kafedralının hazırkı Böyük orqanı[161] bir neçə məşhur orqan ustasının əsrlər boyu apardığı işlərin nəticəsidir. O, 1733-cü ildə Fransua Tyerri tərəfindən bu gün də mövcud olan orqan korpusunda inşa edilmiş, daha sonra 1783-cü ildə Fransua-Anri Klikko, 1868-ci ildə isə Aristid Kavaye-Koll tərəfindən əsaslı şəkildə yenidən qurulmuşdur. 1960-cı ildən etibarən orqan Jan-Lup Buasso tərəfindən bərpa edilmiş, 1992-ci ildə isə bu işlər "Synaptel" şirkətinin əməkdaşlığı ilə davam etdirilmişdir.
1868-ci ildə orqan 86 registrə malik idi. Sonrakı əlavə və bərpa işləri nəticəsində onun imkanları əhəmiyyətli dərəcədə genişlənmiş və 2014-cü ildən etibarən alətdə 115 real registr mövcuddur. Orqan təxminən 8 000 borudan ibarətdir. Beş manual klaviatura və bütün 115 registrin idarə edilməsi artıq rəqəmsal ötürmə sistemi vasitəsilə həyata keçirilir. Parisdəki Sen-Estaş kilsəsi orqanından sonra bu alət Fransanın ikinci ən böyük orqanıdır.
Onun görkəmli orqançılarından Arman-Lui Kupren (1755–1789) və Klod Balbastr (1760–1793) xüsusilə seçilir. Fransız İnqilabı dövründə, 1793-cü ildə kafedral Ağıl Məbədinə çevrildiyi və orqanın məhv edilmə təhlükəsi ilə üzləşdiyi bir vaxtda Balbastr "Marselyeza mövzusu üzərində variasiyalar: Marselililərin yürüşü və "Ça ira" havası üzərində" adlı əsərlərini bəstələmişdir.
Daha sonrakı dövrdə Böyük orqanın titul orqançıları bunlar olmuşdur: Lui Viyern (1900–1937); onun köməkçiləri Moris Dürüfle və Leons de Sen-Marten olmuşdur;
Leons de Sen-Marten (1937–1954); Pyer Koşero (1955–1984); İv Devernay (1985–1990).
Hazırda Böyük orqanın titul orqançıları Olivye Latri (1985-ci ildən), Filipp Lefevr (1985-ci ildən) və Vensan Dübuadir (2016-cı ildən). Jan-Pyer Leqe (1985–2015) isə fəxri titul orqançısı adına layiq görülmüşdür.
2019-cu ilin aprelində baş vermiş yanğın Böyük orqana ciddi zərər vurmasa da, alətin tam sökülərək genişmiqyaslı bərpa olunmasına ehtiyac yaranmışdır.[162]
Perotin - "Alleluia nativitas", Notr-Dam kilsəsi üçün yazılmış üçsəsli əsərin başlanğıcı
Notr-Dam kafedralının xor orqanı iki manual klaviatura və pedal klaviaturası arasında bölünmüş 30 registrdən ibarətdir. Alətdə təxminən 2000 boru mövcuddur. O, xor hissəsinin şimal tərəfində, stalların (ruhanilər üçün nəzərdə tutulmuş taxta oturacaqların) üzərində yerləşir. 1988-ci ildən bu orqanın titul orqançısı İv Kastanyedir.
1863-cü ildə Jozef Merklin tərəfindən hazırlanmış orqan Ejen Violle-le-Dyukun layihələndirdiyi qotik üslublu orqan korpusunda quraşdırılmışdır. Bu alət sonralar dəfələrlə yenidən qurulmuş və bərpa edilmiş, xor hissəsinin şimal tərəfində stalların üzərində yerləşdirilmişdir. Ardıcıl aparılan bərpa işlərindən sonra onun artıq bərpasının mümkün olmadığı qənaətinə gəlinmiş və 1966-cı ildə istifadədən çıxarılmışdır. 1969-cu ildə isə onun yerinə Robert Buasso tərəfindən hazırlanmış indiki xor orqanı quraşdırılmışdır.
2019-cu ilin aprelində baş vermiş yanğın zamanı orqanın taxta korpusu zədələnməsə də, alətin mexaniki və musiqi hissəsi ciddi zərər görmüşdür. Borular əriməmişdi, lakin orqan o qədər çox su qəbul etmişdi ki, nəticədə onun tamamilə yenidən qurulmasına qərar verilmişdir.
Parisli Albert — kanonik, 1146–1177-ci illərdə musiqi rəhbəri (bu gün işlədilən terminlə kapella rəhbəri).
Leonin — kanonik, təxminən 1170-ci illərdə musiqi rəhbəri.
Perotin — XIII əsrin əvvəllərində musiqi rəhbəri. Leonindən sonra Notr-Dam xorunda çoxsəsliliyin inkişafına verdiyi töhfə ilə Qərb musiqisinin gələcək inkişaf istiqamətini müəyyənləşdirmiş və bu səbəbdən Qərb musiqisinin banilərindən biri hesab olunur.
?...
Arnul Qreban — 1451–1456-cı illərdə musiqi rəhbəri.
Paris Notr-Dam kafedralı müntəzəm olaraq Fransadan və xarici ölkələrdən olan vokal və instrumental musiqi kollektivlərini qəbul edir.
2019-cu il 12 aprel tarixində Notr-Damda konsert vermiş son kollektiv Santa-Monika Xoru (ing.Santa Monica High School Choir) olmuşdur. ABŞ-ın Kaliforniya ştatındakı "Santa Monica High School" məktəbinin yüksək səviyyəli xor kollektivi olan bu ansambl əsasən 16–18 yaşlı qız və oğlanlardan ibarət təxminən altmış xor ifaçısını birləşdirirdi.
Fransa üzrə qastrol səfərinə çıxmış kollektiv Notr-Damdakı çıxışından sonra ertəsi gün — 13 aprel tarixində Sen-Sülpis kilsəsində də konsert proqramı ilə çıxış etmişdir.[163]
2013-cü ildən etibarən Paris Notr-Dam kafedralının on zəngi vardır. Onların arasında ən böyüyü olan "Emmanuel" adlı burdon 1686-cı ildən etibarən kafedralın cənub zəng qülləsində yerləşir.
2013-cü ildə "Emmanuel" zənginə əlavə olaraq "Mari" adlı yeni kiçik burdon quraşdırılmış, eyni zamanda şimal zəng qülləsində XIX əsrə aid dörd köhnə zəng səkkiz yeni zənglə əvəz edilmişdir.
1343 və 1416-cı illərə aid inventar siyahılarında Paris Notr-Dam kafedralının ilk xəzinəsinin saxlanıldığı ilkin otaqlar haqqında məlumat verilmir. Bu xəzinə zərurət yarandıqda pul ehtiyatı kimi istifadə olunurdu. Fransa kralları böhran və ya müharibə dövrlərində xəzinədəki bəzi qiymətli əşyaları satır və ya əridilmək üçün göndərirdilər. 1793-cü ildə talan edilmiş xəzinə 1804-cü ildən etibarən yenidən formalaşdırılmışdır. Bu prosesdə xüsusilə Sen-Şapel relikviyalarının Paris arxiyepiskopluğuna verilməsi mühüm rol oynamış, sonralar isə xəzinə kafedral kapitulu tərəfindən edilən ianələr və sifarişlər hesabına daha da zənginləşdirilmişdir.[164]
Hazırkı Paris Notr-Dam kafedralının xəzinəsi 1840–1845-ci illərdə Jan-Batist Antuan Lassü və Ejen Violle-le-Dyukun rəhbərliyi ilə inşa edilmiş kapitul sakristiyasının neoqotik binasında nümayiş etdirilir.[165] Bu bina kafedralın xor hissəsinin cənub tərəfində yerləşir və ora xorun sağ yan ibadətgahlarından biri vasitəsilə daxil olmaq mümkündür. Hazırda xəzinə bazar günləri istisna olmaqla hər gün ziyarətçilər üçün açıqdır.[18]
Burada xüsusilə aşağıdakı qiymətli əşyalar nümayiş etdirilir: Məsihin iztirabları ilə əlaqəli ən mühüm relikviyalardan biri olan Tikanlı tac və digər relikviyalar; monstranslar və relikvarilər; barokko üslubunda hazırlanmış böyük not dayaq kürsüsü (lutrin); Roma Papalarının kameolarından ibarət kolleksiya.[166]
Ön planda, transeptin cənub qolunun qarşısında yerləşən XIX əsrə aid kapitul sakristiyası binası görünür. Kafedralın cənub-şərq hissəsində yerləşən bu bina Paris Notr-Dam kafedralının xəzinəsini qoruyur. Sağ tərəfdə, arxa planda isə kafedralın xor hissəsi görünür.
1830-cu illərdə kapitul sakristiyasının yenidən inşası zəruri hesab olunurdu. Çünki əvvəlki bina 1755–1758-ci illərdə Jak-Jermen Sufflo tərəfindən tikilmiş, 29 iyul 1830-cu il iğtişaşları zamanı ciddi zədələnmiş və nəhayət, 14 fevral 1831-ci ildə faciəvi aqibətlə üzləşmişdi. Həmin gün arxiyepiskop sarayı və sakristiya talan edilərək dağıdılmışdı.[167]
Bu bina yunan və qotik memarlıq üslublarını birləşdirirdi. İki tərəfli pilləkən dairəvi, tağtavanlı bir otağa aparırdı; burada relikviya qutuları və müqəddəs əmanətlər saxlanılırdı, liturgik geyimlər və digər kilsə ləvazimatı isə yuxarı mərtəbədə yerləşirdi.[168]216
1845-ci ildə Milli Assambleya tərəfindən kafedralın bərpası üçün ayrılmış 2 650 000 frank büdcə yalnız ibadət məkanının təmirini deyil, həm də yeni kapitul sakristiyasının tikintisini nəzərdə tuturdu. Bu məqsədlə təkcə əsas tikinti işləri üçün 665 000 frank ayrılmışdı. Lakin, qeyd olunduğu kimi, tikinti xərcləri gözlənildiyindən xeyli artıq oldu. Bunun səbəbi çox qeyri-sabit torpaq qatının təxminən 9 metr dərinliyində möhkəm bünövrələrin salınmasını tələb etməsi idi.
Memarlıq üslubuna gəldikdə isə, Ejen Violle-le-Dyuk kafedralın şərq hissəsi ilə ahəng yaratmaq məqsədilə XIII əsr memarlığından ilhamlanan neoqotik üslubu seçdi. Tikinti işlərinə 1849-cu ildə başlanıldı.[169]
Sakristiya kafedralla iki paralel keçid vasitəsilə birləşdirilmişdir. Bu keçidlər arasında Kapitul kluatrası (fr.Cloître du Chapitre) adlanan kiçik kvadrat formalı daxili həyət yerləşir.
Xəzinədə nümayiş etdirilən əsas eksponatlar Müqəddəs Tikanlı Tacın, MəsihinHəqiqi Xaçından bir fraqmentin və həmin Xaça aid bir mıxın relikviya qutularıdır. Ziyarətçilərə yalnız XIX əsrdə müxtəlif xeyriyyəçilər (o cümlədən I Napoleon və III Napoleon) tərəfindən bu relikviyaların saxlanılması üçün hədiyyə edilmiş relikviya qutuları nümayiş etdirilir. Çünki Fransa inqilabı zamanı kafedralın xəzinəsi talan edilmiş, onun tərkibindəki əşyalar isə ya dağıdılmış, ya da müxtəlif yerlərə səpələnmişdi.
Xəzinənin ən qiymətli eksponatı Palatin xaçının relikviya qutusudur.[170] Bu relikviya 1828-ci ildən burada saxlanılır. O, XVII əsrdə vəfat etmiş Palatin şahzadəsi Anna de Qonzaqa de Klevaya məxsus olduğuna görə bu adla tanınır. Relikviya qutusu Həqiqi Xaçdan bir parçanı və həmin Xaça aid bir mıxı qorumaq üçün hazırlanmışdır. Onun daxilində üzərində yunan dilində yazı olan qızıl lövhə yerləşir. Həmin yazı relikviyanın 1180-ci ildə vəfat etmiş Bizans imperatoru I Manuil Komninə məxsus olduğunu təsdiqləyir.
Xəzinənin digər çox qiymətli eksponatı 1804-cü ildə Şarl Kaye tərəfindən hazırlanmış Müqəddəs Tikanlı Tacın qədim relikviya qutusudur. Ənənəyə görə, Tikanlı Tac Konstantinopolun son Latın imperatoruII Balduin de KurtenedənFransa kralıIX Lüdovik tərəfindən əldə edilmişdir. Relikviya Böyük Oruc və Müqəddəs Həftə ərzində ziyarətçilərə nümayiş etdirilir.
1845-ci ildə Ejen Violle-le-Dyukun rəhbərlik etdiyi bərpa işləri zamanı Tikanlı Tac üçün yeni relikviya qutusunun hazırlanmasına qərar verildi. Bürünc və qızıl örtüklü gümüşdən hazırlanmış, almaz və qiymətli daşlarla bəzədilmiş bu yeni relikviya qutusu 1862-ci ilə aiddir. Onun hündürlüyü 88 sm, eni isə 49 smdir. Relikviya qutusu Ejen Violle-le-Dyukun layihəsi əsasında zərgər Plasid Pussielq-Rüsan tərəfindən hazırlanmışdır. O, eyni zamanda kafedralın məşhur işıq tacının da müəllifidir. Fiqurların heykəltəraşlıq işlənməsində Adolf-Viktor Joffrua-Deşom iştirak etmişdir.
Xəzinədə həmçinin Fransa kralı Müqəddəs IX Lüdovikə aid relikviyalar da saxlanılır. Bunlara onun geyimləri (o cümlədən Müqəddəs Lüdovikin köynəyi), çənə sümüyünün və qabırğasının fraqmentləri daxildir.
2024-cü ildə kafedralın yenidən açılmasından sonra Müqəddəs Tikanlı Tac aksial kapellada yerləşdirilmiş yeni relikviya qutusunda qorunur.
Plasid Pussielq-Rüsan tərəfindən hazırlanmış Prosessiya xaçının detalı
Dövlət mülkiyyətində olan (2014 AX 2 kadastr nömrəsi) və Site adasının mərkəzində yerləşən Paris Notr-Dam kafedralı, 6 avqust 1975-ci il tarixli qərarla mühafizə olunan ərazinin tərkib hissəsidir. İbadət məqsədi üçün istifadə edilən və ziyarətçilər üçün açıq olan kafedral 1862-ci ildən etibarən tarixi abidə kimi dövlət tərəfindən qorunur.[171]
Memarlıq və İrs Media Kitabxanası (fr.Médiathèque de l'architecture et du patrimoine) kafedrala aid 3000-dən çox təsviri materialı qoruyub saxlayır. Bundan əlavə, kafedralda saxlanılan 400-ə yaxın memarlıq elementi, heykəltəraşlıq nümunəsi, rəsm əsəri, vitraj, orqan, qəbirüstü abidə, zərgərlik sənəti nümunəsi, kitab və digər əşya daşınar tarixi abidə statusu ilə qorunur.[172]
Paris Notr-Dam kafedralı, ParisdəSena çayının sahilləri boyunca yerləşən və orta əsr memarlığının şah əsərlərini birləşdirən tarixi ansamblın ən görkəmli nümunələrindən biridir. Bu ərazi 1991-ci ildə UNESCO tərəfindən aşağıdakı meyarlar əsasında Ümumdünya İrsiSiyahısına daxil edilmişdir:
(i) — insan yaradıcı dahisinin şah əsərini təmsil etmək;
(ii) — müəyyən bir dövrdə və ya mədəni mühitdə memarlığın, texnologiyanın, monumental incəsənətin, şəhərsalmanın və ya landşaft memarlığının inkişafına əhəmiyyətli təsir göstərmiş mədəni qarşılıqlı əlaqəni nümayiş etdirmək;
(iv) — bəşər tarixinin mühüm mərhələlərini əks etdirən tikili, memarlıq ansamblı, texnoloji kompleks və ya landşaftın görkəmli nümunəsi olmaq.[173]
Paris Notr-Dam kafedralı XII əsrdən etibarən formalaşan qotik memarlığın Avropada yayılmasının əsas istinad nümunələrindən biri hesab olunur və həmin dövrdə tətbiq edilən tikinti üsullarını parlaq şəkildə nümayiş etdirir.[174]
Paris Notr-Dam kafedralı Paris şəhərində yerləşən beş kiçik bazilikadan biridir.[175]Qeyd 20
Kafedral 27 fevral 1805-ci ildə Roma PapasıVII Piyin bullası ilə kiçik bazilika statusuna yüksəldilmişdir. Bu hadisə Fransada "müqəddəsliyin yenidən bərpası" dövrünə təsadüf edirdi. Beləliklə, Paris Notr-Dam 1427-ci ildə bu statusu almış Folqoed Notr-Dam bazilikasından sonra Şimali Fransada ikinci kiçik bazilika olmuşdur.[176]
İbadət üçün yenidən açıldıqdan sonra Paris Notr-Dam kafedralında gündəlik dini ayinlər yenidən bərpa olunmuşdur. Həftəiçi günlərdə messa gündə üç dəfə — saat 08:00-da (şənbə günü 08:30-da), 12:00-da və 18:00-da keçirilir. Bazar günləri isə adətən dörd messa təşkil olunur: 08:30, 10:00 (Qriqorian nəğmələri ilə), 11:30 və 18:00. Sonuncu messa əksər hallarda Paris arxiyepiskopu tərəfindən idarə olunur.[177]
Yevxaristiya ayinindən əlavə, İlahi Ofis (Officium Divinum) də kafedralın liturgik həyatının əsas hissəsini təşkil edir. Axşam duaları (Vesperlər) hər gün 17:30-da (şənbə və bazar günləri 17:15-də), Sübh duaları (Laudlar) isə hər bazar günü 09:30-da icra olunur.[177]
Həftə ərzində başqa dua və ibadət mərasimləri də keçirilir. Bunlara gündə üç dəfə Angelus duası, bazar ertəsindən şənbəyədək saat 15:00-da təsbehin oxunması, həmçinin cümə axşamı axşamları yevxaristiyaya sitayiş mərasimi daxildir.[177]
Kafedralda Tövbə və Barışma sakramenti də icra olunur. Bazar ertəsindən şənbəyədək keşişlər 10:00–12:00 və 14:00–18:00 saatlarında etirafları qəbul edirlər. Bazar günləri isə etiraf 16:00–18:00 saatları arasında mümkündür.[178]
Bazar messaları, liturgik bayramlar və böyük yeparxiya mərasimləri də daxil olmaqla, hər il kafedralın tağları altında 2000-dən çox liturgik ayin və dini mərasim keçirilir. Bunların təxminən 1200-ü Notr-Dam xor məktəbi (fr.Maîtrise de Notre-Dame) tərəfindən musiqi ilə müşayiət olunur.[179]
İllik təxminən 20 milyon zəvvar və ziyarətçi (onlardan 14 milyonu kafedralın daxilinə daxil olur) qəbul edən Paris Notr-Dam kafedralı, 2012-ci ildə əldə olunmuş bu göstəricilərlə[180] Fransanın ən çox ziyarət edilən tarixi abidəsi olmuşdur. O, ziyarətçi sayına görə MonmartrSakre-Kyör bazilikası, Luvr Muzeyi, Versal sarayınınparkı və Eyfel qülləsini geridə qoyur.[181] Bu, orta hesabla gündə 30000-dən çox ziyarətçi deməkdir. Beləliklə, kafedral öz böyük populyarlığı səbəbindən "həddindən artıq turizm" problemi ilə üzləşən tarixi məkanlardan birinə çevrilmişdir.
2019-cu il yanğınından əvvəl ən sıx günlərdə kafedrala 50000-dən çox zəvvar və ziyarətçi daxil olurdu. "Voyageurs du Monde" şirkətinin baş direktoru və Paris Turizm Bürosunun prezidenti Jan-Fransua Rialın sözlərinə görə, bu, "inanılmaz uzun növbələr" yaradırdı.[182] O, eyni zamanda qeyd edirdi ki, onun fikrincə Sen-Deni bazilikası memarlıq və tarixi baxımdan Paris Notr-Dam qədər dəyərli olsa da, çox az ziyarət olunur.[182]
Paris Notr-Dam kafedralı Viktor Hüqonun 1831-ci ildə nəşr olunmuş "Paris Notr-Dam kafedralı" romanının adıdır. Bu əsərdə kafedral hadisələrin baş verdiyi məkan olmaqla kifayətlənmir, həm də Kvazimodo, qozbel zəngçi, qaraçı rəqqasə Esmeralda və keşiş Klod Frollonu bir-biri ilə bağlayan müstəqil bir obraz kimi çıxış edir. Romanda Viktor Hüqo kafedralda baş verən bir yanğını da təsvir edir.[183]
Bu roman həm mərhəmət və qəhrəmanlıq haqqında təsirli bir hekayədir, həm də o dövrdə ağır vəziyyətdə olan və sökülməsi planlaşdırılan kafedralın qorunub bərpa edilməsinə çağırış kimi çıxış edir. Viktor Hüqonun bu əsəri sonradan çoxsaylı kino filmlərinə, teatr tamaşalarına və televiziya adaptasiyalarına çevrilmişdir.
1904-1906-cı illərdə bəstəkar Frans Şmidtin musiqisi və Leopold Vilkin librettosu əsasında, Viktor Hüqonun əsərinə uyğunlaşdırılmış iki pərdəli "Notr-Dam" adlı romantik opera yaradılmışdır (ilk nəşr: Drei-Masken-Verlag, Münhen). Əsərin ilk tamaşası 1914-cü ildə Vyanada keçirilmişdir.
Rəssam Jan Fukenin"Etyen Şevalyenin saat kitabı"ndan (fr.Livre d'heures d'Étienne Chevalier, təxminən 1452–1460) götürülmüş bir neçə miniatürdə Paris Notr-Dam kafedralı təsvir edilmişdir. Bunlara "Möminləri qoruyan Tanrının əli" (Metropoliten Muzeyi) daxildir; burada kafedralın şpili aydın görünür. "Səhnə" (Konde muzeyi, Şantiyi) miniatüründə kafedral yenidən bir qapı vasitəsilə təsvir olunmuşdur. "Müqəddəs Vrenin möcüzəsi" (Marmottan-Mone muzeyi) kafedralın daxili görünüşünü, "Pyeta" (Konde muzeyi) isə onun apsida hissəsini əks etdirir. Elə XV əsrin əvvəllərində "Berri hersoqunun çox zəngin saat kitabı"ndakı (fr.Très Riches Heures du duc de Berry, vərəq 51, Konde Muzeyi) "Maqların görüşü" miniatürünün fonunda da kafedral təsvir edilmişdir.
Axil Loje, Andre Kottavoz, Pyer Dümon, Alberr Lebur, Fransuaza Şamska, Frank-Vill, Elian Pəti de La Vilyon, Viktor Jan Demör, Moris Asslen, Alen Monqrenye, Frants Prikinq, Ejen Tyeri və bir çox digər XX əsr rəssamları Paris Notr-Dam kafedralını öz əsərlərində təsvir etmişlər. Məsələn, Anri Matiss təxminən 1900-cü ildə "Notr-Dam", 1914-cü ildə isə "Notr-Damın görünüşü" adlı əsərlərini yaratmışdır. Anri Russo 1909-cu ildə "IV Henri sahilindən görünən Notr-Dam", Mark Şaqal isə 1953-cü ildə "Notr-Damın əjdahası" (fr.Le Monstre de Notre-Dame) adlı tabloya imza atmışdır.
Jan Fuke - "1385-ci ildə gənc II Lui Anjulu və anası Mariya de Bluanın Parisə təntənəli girişi", Jan Fruassarın Salnamələri üçün hazırlanmış miniatür, təxminən 1450-ci il, Fransa Milli Kitabxanasının kolleksiyası. Bu miniatür Paris Notr-Dam kafedralının məlum ən qədim təsviridir.
İosif Stalinin at belində Paris Notr-Dam kafedralından keçməsini təsvir edən obraz Jan-Pol Sartrın 1955-ci ildə səhnələşdirilmiş, Fransadakı makkartizmə satirik parodiya olan "Nekrassov"pyesində istifadə olunur. Əsərin baş qəhrəmanı polis və həbsdən yaxa qurtarmaq üçün özünü SSRİ-nin Fransanı işğal planını özü ilə gətirmiş sovet naziri kimi təqdim edən bir dələduzdur.
↑ Qazıntılar, bu tikilinin memarlıq tarixini tam olaraq müəyyən etməyə imkan vermir. Kilsənin təməlində olan qayaya çatmaq üçün Sullinin kilsənin təməlini dağıtdığı düşünülür.
↑ Sullinin ailəsindən olan insanlardan birinin 1164-cü ildə "Ricardus cementarius" (Usta Riçard) digərinin isə 1170-ci ildə "Simon carpeutaris" (Usta Simon) adlandırılır. Bu şəxslərin həmin dövrdə çox məşhur olması barədə fikirlər var. Mənbə: Benjamin Guérard, "Cartulaire de l'église Notre-Dame de Paris", 1850, 5-ci cild, s. 47, 49 və 72.
↑ 1815-ci ildən 1914-cü ilə qədər frankın dəyəri (90%-lik 0.3225 qram qızıla bərabər olan german frankı) sabit qaldı və 10 avro dəyərində (2008) olduğu təxmin edilir. Buna görə də Milli Məclis kilsənin bərpası üçün 25 milyon avro məbləğində büdcə yaratdılar ki, bu da kilsənin bərpası üçün kifayət deyildi.
↑ Restavrasiyaçılar tərəfindən yüzə qədər böyük heykəllər yaradılmışdı. Təkcə Joffri-Deşom otuz heykəl düzəltmişdi: on səkkiz daş heykəl və on iki bürünc heykəl. Komandanın digər üzvləri Şeniyon, Fromanje, Mişel-Paskal, Tusse, Elmerik, Prinse və Vatriney idi. Sadəcə Adolf-Viktor Joffri-Deşom ölümündən sonra ad qazandı.
↑ Alen Erland-Brandenburqun fikrincə, Ejen Violle-le-Dyuk qüllələrin üzərində şpillərin inşa edilməsinin tərəfdarı olmuşdur. O, bu qənaətə memardan sonra qalan sənədlərə əsaslanaraq gəlmişdir: "Violle-le-Dyuk abidəni təhlil edərkən müəyyən etmişdi ki, qüllələrin özəkləri, üzərlərində şpillərin ucaldılması üçün nəzərdə tutulmuşdur və o, həmin şpillərin bərpasını təklif etmişdi." — Alain Erlande-Brandenburg Alen Erland-Brandenburq, Notre-Dame de Paris, Paris, de la Martinière nəşriyyatı, 1997, səh. 215. Lakin Ejen Violle-le-Dyukun özü bu fikrə qarşı çıxırdı. O, 1856-cı ildə nəşr olunmuş Paris Notr-Dam kafedralının təsviri (Description de Notre-Dame, cathédrale de Paris) əsərində qüllələrin üzərində şpillərin tikilməsi ideyasını dəstəkləməmişdir (de Gilyermi və Violle-le-Dyuk, 1856, s. 28). Bu səbəbdən Alen Erland-Brandenburqun şərhi ilə Violle-le-Dyukun öz yazılı mövqeyi arasında müəyyən ziddiyyət mövcuddur.
↑ Tac taxmış iki bakirə fiquru: soldakı əlində qədəh və hakimiyyət rəmzi olan əsa tutan Qalib Kilsəni (lat.Ecclesia triumphans) təcəssüm etdirir; sağdakı isə Kilsə tərəfindən taxtdan salınmış Sinaqoqu təmsil edir. Onun başı aşağı əyilmişdir, diademi başından düşür və gözləri üzərini bağlayan ilanla örtülmüşdür. Bu ilan onun orta əsr xristian ikonografiyasında təsvir edilən "mənəvi korluğunun" simvolu hesab olunur.
↑ 2010-cu ilin dekabrında Paris Notr-Dam kafedralının yüksək dəqiqlikli lazer skanlaşdırılması həyata keçirilmişdir. Bu iş Vassar Kollecinin sənət tarixi üzrə alimi Endryu Tallon tərəfindən aparılmışdır. Skanlaşdırma Kristin Le Qoff və Qari Qlassmanın hazırladıqları "Les Cathédrales dévoilées" (“Kafedralların sirləri açılır”) sənədli filmi çərçivəsində həyata keçirilmişdir. Film 2011-ci ilin aprel ayında "Arte" televiziya kanalında nümayiş etdirilmişdir (DVD: Arte Éditions, 2011). Bu lazer ölçmələri kafedralda mövcud olan konstruktiv deformasiyaları və əyilmələri aydın şəkildə üzə çıxarmışdır. Beləliklə, əvvəllər müşahidə edilmiş fasad və qüllə meyllərinin, eləcə də digər struktur dəyişikliklərinin real mövcudluğu müasir üçölçülü texnologiyalar vasitəsilə təsdiqlənmişdir. Mənbə: Endryu Tallon, "Notr-Damın xidmətində 3D texnologiyası" (La technologie 3D au service de Notre-Dame), kardinal André Vingt-Trois və başqalarının redaktəsi ilə nəşr olunmuş Notre-Dame de Paris kitabında, Strasburq/Paris, La Nuée Bleue / Place des Victoires, "Bir kafedralın lütfü" (La grâce d'une cathédrale) seriyası, 2012, s. 158–160.
↑ Bu tamamlanmamışlıq qüllələrin kəsiyində də özünü göstərir: qüllələrin planı aşağı hissədə dördbucaqlı olsa da, onların yuxarı hissəsində, son mərtəbənin zirvəsində künclərə yerləşdirilmiş tromplar vasitəsilə səkkizbucaqlı formaya keçir. Məhz bu keçid qüllələrin üzərində şpil tikilməsinin əvvəlcədən nəzərdə tutulduğunu göstərən memarlıq əlamətlərindən biri hesab olunur. Bax: Dany Sandron, göstərilən əsəri, s. 111
↑ XIX əsr Fransa memarlıq tarixçisi Daniel Rame 1840-cı illərdə yazırdı ki, şəxsən tanıdığı "xeyirxah və mərhəmətli yəhudilər" olsa da, 1200-cü illərdə tikilmiş Fransa kafedralları, o cümlədən Paris Notr-Dam kafedralı, Avropada "yəhudi" adı ilə tanınan "finikiyalı-semit ünsür" səbəbindən "xristian" hesab edilə bilməz. Viktor Hüqonun dövründə yaşamış bu sənət tarixçisinin fikrincə, Paris Notr-Dam kafedralının ikonoqrafiyasında yəhudi təsirləri həddindən artıq güclü idi. Bax: Michael Camille, The Gargoyles of Notre-Dame: Medievalism and the Monsters of Modernity, University of Chicago Press, ilk nəşr 2009, ISBN 978-0226092454. Qeyd: Bu fikir XIX əsrdə yayılmış bəzi irqi və dini nəzəriyyələrin məhsulu idi və müasir tarixşünaslıq tərəfindən elmi əsaslı yanaşma kimi qəbul edilmir. Müasir tədqiqatçılar bu cür mülahizələri həmin dövrün ideoloji və antisemit baxışlarının nümunəsi kimi qiymətləndirirlər.
↑ De Gilyermi və Ejen Violle-le-Dyukun "Description de Notre-Dame, cathédrale de Paris" (1856, s. 33 və sonrakı səhifələr) əsərinə görə, fəzilət və qüsur cütləri aşağıdakı kimidir: Məsihdən onun sağ tərəfinə doğru İman (Foi) — Dinsizlik və ya Bütpərəstlik (Impiété / Idolâtrie); Ümid (Espérance) — Ümidsizlik (Désespoir); Mərhəmət (Charité) — Xəsislik (Avarice); Ədalət (Justice) — Ədalətsizlik (Injustice); Müdriklik və ya Ehtiyatlılıq (Sagesse / Prudence) — Ağılsızlıq (Folie); Təvazökarlıq (Humilité) — Təkəbbür və ya Düşüncəsiz cəsarət (Orgueil / Témérité). Bu son altı kompozisiya XVIII əsrdə yenidən hazırlanmışdır. Məsihdən onun sol tərəfinə doğru Qüvvət və ya Cəsarət (Force / Courage) — Qorxaqlıq (Lâcheté); Səbir (Patience) — Qəzəb (Colère); Həlimlik (Douceur) — Sərtlik (Dureté); Harmoniya və ya Sülh (Concorde / Paix) — Nifaq (Discorde); İtaət və ya Tabeçilik (Obéissance / Soumission) — Üsyankarlıq ruhu (Esprit de Révolte); Mətanət (Persévérance) — Dəyişkənlik və ya Nizamsızlıq (Inconstance / Indiscipline). Bu qarşılaşdırmalar orta əsr xristian didaktikasının klassik nümunəsidir və insanın mənəvi seçimlərini əyani şəkildə göstərmək məqsədi daşıyırdı. Fəzilət və qüsurların cüt-cüt təqdim edilməsi möminlərə əxlaqi davranış nümunələrini vizual şəkildə öyrətmək üçün istifadə olunurdu.
↑ Bunlar da XIX əsrdə yenidən hazırlanmışdır. Solda, qapı qanadının yaxınlığında yerləşən, bürcləri və ayların işlərini təsvir edən barelyeflər isə XIII əsrin əvvəllərinə aiddir.
↑ Solda əlində kasa və hakimiyyət rəmzi olan əsanı tutan Qalib Kilsəni təcəssüm etdirən taclı qadın fiquru, sağda isə başını aşağı əymiş, diademini itirmiş və gözləri "mənəvi korluğunu" simvolizə edən ilan şəklində sarğı ilə örtülmüş, Kilsə tərəfindən taxtdan salınmış Sinaqoq alleqoriyası təsvir edilmişdir.
↑ XIX əsr Fransa memarlıq tarixçisi Daniel Rame 1840-cı illərdə yazırdı ki, şəxsən "xeyirxah və mərhəmətli yəhudilər" tanımasına baxmayaraq, 1200-cü illərdə tikilmiş Fransa kafedralları, o cümlədən Paris Notr-Dam kafedralı, "Avropada yəhudi adı ilə tanınan finikiya-semit ünsürünə" görə "xristian deyillər". Viktor Hüqonun dövründə yaşamış bu sənət tarixçisinin fikrincə, Paris Notr-Dam kafedralının ikonoqrafiyası həddindən artıq yəhudi xarakteri daşıyırdı. Bax: Michael Camille, The Gargoyles of Notre-Dame: Medievalism and the Monsters of Modernity, University of Chicago Press, ilk nəşr, 2009 (ISBN 978-0226092454).
↑ "Möcüzələr" möminlərin maarifləndirilməsi və əyləndirilməsi məqsədilə kilsələrin qarşısında səhnələşdirilən dini teatr əsərləri idi. Təxminən 1260-cı ildə Rutebeuf Rüteböf tərəfindən yazılmış "Teofil möcüzəsi" bu janrın ən məşhur əsərlərindən biri hesab olunur.
↑"Oğlu tərəfindən taclandırılan Məryəmin hər iki tərəfində diz çökmüş bir kral və bir kraliça təsvir edilmişdir. Pyer de Montröy onları təxminən 1270-ci ildə yonmuşdur. Buna görə də bu kral IX Lüdovik, kraliça isə Provanslı Marqarita, yaxud bəlkə də Kastiliyalı Blanşdır. Tacqoyma səhnəsi isə müxtəlif cür yozula bilərdi. Bu, kraliçaya çevrilmiş Məryəmin taclandırılması idi. Lakin ilahiyyatçıların nəzərində onun tacı simvolik olaraq Kilsəni təcəssüm etdirirdi və bunun vasitəsilə Notr-Dam həm də Məsihin gəlini sayılırdı. Bu səhnə eyni zamanda kralın tacqoyma mərasimini də xatırladırdı. Beləliklə, Kilsə ilə dövlət bir-biri ilə sıx bağlı idi. Paris Notr-Dam kafedralının kapitulası buna dərindən inanırdı və məhz bu vəhdətin yaranmasının əsas memarlarından biri olmuş, dövlətin Kilsənin qoynunda formalaşmasına töhfə vermişdir." — Klod Qovar, göstərilən əsər, s. 79
↑ Bu səhnə, ehtimal ki, Müqəddəs Marsellə bağlı bir möcüzəyə işarə edir. Rəvayətə görə, o, Kanadakı toy möcüzəsini təkrarlayaraq Sena çayından su götürmüş və oğurlanmış komüniya şərabını əvəz etmək üçün onu komüniya şərabına çevirmişdir.
↑ Bu möcüzənin xatirəsinə Paris Notr-Dam kafedralının ruhaniləri hər il Roqasiya günlərində ağzına yoldan keçənlərin ianələr (kökələr, meyvələr və s.) atdığı hörmə əjdahanı şəhər boyunca gəzdirirdilər. Orta əsrlərə xas bu folklor ənənəsi 1730-cu ildə sona çatmışdır. Bax: Yves-Marie Bercé, Notre-Dame de Paris, 1163–1963: exposition du 8e centenaire, Presses artistiques, 1963, s. 7
↑ Violle-le-Dyukun fikrincə, çardaqdakı dam karkası konstruktiv xüsusiyyətlərinə görə fasadla eyni dövrə aiddir. Bax: Messieurs Lassus et Viollet-le-Duc, Projet de restauration de Notre-Dame de Paris, Imprimerie Lacombe, Paris, 1843, s. 14
↑ 1849-cu ildə Violle-le-Dyuk və Merimenin bərpa ilə bağlı tövsiyələrinə əsasən; bax.
1234Michel Rouche. "Jubilé de cathédrale Notre-Dame de Paris - La symbolique des cathédrales: approche historique, religieuse, sociale". La voix est libre sur Radio Notre-Dame. 19 dekabr 2012.
↑Victor Mortet. Étude historique et archéologique sur la cathédrale et le palais épiscopal de Paris du vie au xiie siècle. A. Picard. 1888. (#missing_pipe)
↑Sabouraud, Christiane. Guide de la géologie en France (Nouvelle éd). Paris: Société géologique de France Belin. 2008. səh.293-294. ISBN978-2-70114-748-2. (#accessdate_missing_url)
12Lorenz, Jacqueline; Benoit, Paul. Carrières et constructions en France et dans les pays limitrophes (Éditions du C.T.H.S). 1991. səh.250. (#accessdate_missing_url)
↑Taralon, Jean; Blanc, Annie; Devillard, J.; Lenormand, L. Observations sur le portail central et sur la façade occidentale de Notre-Dame de Paris (Bulletin monumental, tome 149, no 4). 1991. səh.341-432. (#accessdate_missing_url)
↑Erlande-Brandenburg, Alain. Art gothique, Citadelles & Mazenod. 2004. səh.129. (#accessdate_missing_url)
↑de Lasteyrie, Robert. La date de la porte Sainte-Anne à Notre-Dame de Paris(fransız) (Société de l'histoire de Paris et de l'Île-de-France Auteur du). Mémoires de la Société de l'histoire de Paris et de l'Ile-de-France. 1902. səh.1-18. İstifadə tarixi: 13 iyun 2026.
12[sites.sju.edu/ijcr/vision-statement/story-sculpture-enshrines-institutes-mission/ "Synagoga and Ecclesia in Our Time, The Medieval Motif of Synagoga and Ecclesia And Its Transformation in a Post-Nostra Aetate Church, Institute for Jewish-Catholic Relations"] (#bad_url). www.sju.edu (ingilis). Saint Joseph's University. İstifadə tarixi: 13 iyun 2026.
↑Laboulaye, Charles. "Couverture". Complément du Dictionnaire des arts et manufactures, de l'agriculture, des mines description des procédés de l'industrie française et étrangère. BNF Gallica (Librairie du dictionnaire des arts et manufactures). 1870–1873: 217. (#accessdate_missing_url)
↑Colonna-Césari, Annick. "Les Gargouilles de Notre-Dame". L'EXPRESS.fr (fransız). Archived from the original on 8 dekabr 2011. İstifadə tarixi: 29 iyun 2026.
↑Kazerouni, Guillaume. Les couleurs du ciel: peintures des églises de Paris au XVIIe siècle [exposition], Musée Carnavalet-Histoire de Paris, [4 octobre 2012-24 février 2013]. Paris: Paris musées. 2012. səh.257-258. ISBN978-2-7596-0204-9. (#accessdate_missing_url)
↑[notredamedeparis.fr/Le-crucifiement-de-Saint-Pierre "Le Crucifiement de saint Pierre - Carte interactive"] (#bad_url). Notre-Dame de Paris (fransız). İstifadə tarixi: 11 iyul 2026.
123Antoine Lassus, Jean-Baptiste; Viollet-le-Duc, Eugène. Project de restauration de Notre-Dame de Paris(PDF) (Rapport adressé à M. le Ministre de la Justice et des Cultes, annexé au projet de restauration, remis le 31 janvier 1845 Paris, Imprimerie de Mme Lacombe, Rue d'Enghien, 12). Paris. 1843. Archived from the original on 16 aprel 2019. İstifadə tarixi: 12 iyul 2026.
Davis, Michael T. "Splendor and Peril: The Cathedral of Paris, 1290–1350." The Art Bulletin (1998) 80#1 pp: 34–66.
Herrick, James A. The Making of the New Spirituality. InterVarsity Press. 2004. ISBN0-8308-3279-3.
Inglis, Erik. "Gothic Architecture and a Scholastic: Jean de Jandun's Tractatus de laudibus Parisius". Gesta. 42 (XLII/1). 2003: 63–85. doi:10.2307/25067075. JSTOR25067075.
Jacobs, Jay, ed. The Horizon Book of Great Cathedrals. New York City: American Heritage Publishing, 1968
Janson, H. W. History of Art. 3rd Edition. New York City: Harry N. Abrams, Inc., 1986
Myers, Bernard S. Art and Civilization. New York City: McGraw-Hill, 1957
Riley, Henry T. The fasti; Tristia; Pontic epistles; Ibis; and, Halieuticon of Ovid. London: H.G. Bohn. 1851. LCCN2010554460.
Sandron, Dany; Tallon, Andrew. Notre Dame Cathedral: Nine Centuries of History. Cook, Lindsay; Tallon, Andrew tərəfindən tərcümə olunub. University Park, Pennsylvania: The Pennsylvania State University Press (5 aprel 2020 tarixində nəşr olunub). 2013. ISBN978-0-271-08622-4.
Cabezas, Hervé. "Du "vitrail archéologique"". Revue d'archéologie moderne et d'archéologie générale. 6. 1988.
Delisle, Léopold, redaktorChronique de Robert de Torigni, abbé du Mont-Saint-Michel. Le Brument. 1873.
Doré, Joseph, redaktorNotre-Dame de Paris. La grâce d'une cathédrale. Strasbourg: La Nuée Bleue (4 oktyabr 2012 tarixində nəşr olunub). 2012. ISBN978-2-8099-0798-8.
Ducher, Robert. Caractéristique des Styles. Flammarion. 1988. ISBN2-08-011539-1.